Xəbər lenti

Bir manata görə
Ölkə 15:46 13.06.2025

Bir manata görə "parkovşik"lər dalaşdı: Birinin çənəsi sındı

Bakıda "parkovşik”lər arasında baş verən insidentlə bağlı məhkəmə qərarı verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dava Xətai rayonu, Ağ Şəhər bulvarında yerləşən Zəfər Parkının qarşısında avtomobillərin parklanmasına nəzarət edən şəxslər arasında, cəmi bir manat üstündə baş verib.

1992-ci il təvəllüdlü Nizami Məmmədov (soyad şərti) həmin ərazidə çalışan Tofiq adlı şəxslə mübahisə edib. Belə ki, Tofiq Nizamiyə yaxınlaşaraq, onun əraziyə gələn maşınlardan pul alıb-almadığını soruşub. Nizami isə belə bir halın olmadığını bildirib.

Bundan sonra Tofiq ərazidə pul yığan digər "parkovşik”lər haqqında nalayiq ifadələr işlədib. Bu isə Nizamini qəzəbləndirib və o, Tofiqi itələyib, üzünə bir şillə və bir yumruq zərbəsi endirib. Zərbənin nəticəsində Tofiqin alt çənə sümüyü sınıb və o, dərhal polisə müraciət edib.

Nizami barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmünə əsasən, Nizami 25 aprel 2025-ci ildən 29 may tarixinə qədər saxlanıldığı müddət nəzərə alınaraq (1 gün - 2 gün hesabı ilə), ümumilikdə 5 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddət ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->