XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir ton buz Alyaskadan Ayovaya niyə daşındı? - Ərəblərin baş tutmayan çılğın planı
Dünya22:17 11.08.2026

Bir ton buz Alyaskadan Ayovaya niyə daşındı? - Ərəblərin baş tutmayan çılğın planı

İqlim dəyişiklikləri qlobal şirin su çatışmazlığı ilə mübarizə aparmaq üçün alimləri və hakimiyyət orqanlarını yenidən qeyri-adi ideyalara diqqət yetirməyə vadar edib. Quraqlığın, səhralaşmanın və su çatışmazlığının güclənməsi fonunda problem xüsusilə Ərəbistan yarımadası kimi quraq bölgələrdə kəskin şəkildə hiss olunur.

Qaynarinfo AS-a istinadən xəbər ki, hələ 1970-ci illərdə Səudiyyə Ərəbistanı qütb bölgələrindən aysberqlərin gətirilməsini və onların tərkibindəki şirin sudan istifadə edilməsini təklif edib. Nəhəng texniki və maliyyə xərcləri səbəbindən layihə heç vaxt həyata keçirilməyib. Lakin bu ideya iqlim dəyişiklikləri fonunda bu gün yenidən maraq doğurur.

Qeyri-adi eksperiment

1977-ci ilin oktyabrında Səudiyyə Ərəbistanı hökuməti ABŞ-da aysberqlərdən istifadə məsələsinə həsr olunmuş beynəlxalq konfrans təşkil edib. Konfransda 18 ölkədən təxminən 200 mütəxəssis – bioloqlar, mühəndislər, dövlət məmurları və biznes nümayəndələri iştirak edib.

Əsas müzakirə mövzusu qütb bölgələrindən su çatışmazlığı yaşayan ölkələrə aysberqlərin daşınmasının mümkünlüyü olub. Bu məsələ Səudiyyə Ərəbistanı üçün xüsusilə vacibdir. Ölkədə demək olar ki, daimi təbii şirin su mənbələri yoxdur. Buna görə də ölkə böyük ölçüdə çoxlu enerji və maliyyə tələb edən duzsuzlaşdırma qurğularından asılıdır.

İdeya qütb buzlaqlarında donmuş nəhəng su ehtiyatlarına əsaslanırdı. Alimlərin hesablamalarına görə, yalnız Antarktida buz örtüyündə təxminən 6,5 milyon kub mil şirin su var. Bu, dünyadakı bütün şirin su ehtiyatlarının təxminən 70 faizinə bərabərdir.

Layihənin reallığını yoxlamaq üçün mütəxəssislər təxminən bir ton ağırlığında buz parçası ilə eksperiment aparıblar. Buz Alyaskadan Ayovaya helikopter, təyyarə və soyuduculu yük maşınından istifadə edilməklə daşınıb. Buz izolyasiya edilib və əlavə olaraq quru buzla soyudulub.

Əməliyyat təxminən 8500 dollara başa gəlib. Buna görə də eksperiment “dünyanın ən bahalı buz kubu” adlandırılıb.

Səudiyyə Ərəbistanının dəstəyinə baxmayaraq, aysberqlərin yedəklənməsi ideyası konsepsiya mərhələsindən irəli getməyib. Əsas maneələr xərc, daşınmanın mürəkkəbliyi və ərimə zamanı buzun böyük hissəsinin itirilməsi olub.

Bununla belə, layihə vaxtaşırı elmi və siyasi müzakirələrə qayıdır. İqlim dəyişiklikləri və şirin su çatışmazlığının artması fonunda qütb buzları planetin ən qiymətli resurslarından birinin potensial mənbəyi kimi getdikcə daha çox nəzərdən keçirilir.

Aydın