Xəbər lenti

Siyasət 16:39 05.04.2024

Blinken Hakan Fidanla nəyi müzakirə edib? (ŞƏRH)

"Blinken-Fidan görüşünün əsas mövzusu Brüsseldə Ermənistanla bağlı müzakirə olunacaq məsələdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında  politoloq Əlimusa İbrahimov deyib.

Ekspert vurğulayıb ki, Brüsseldə Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinkenin görüşü heç də təəccüblü olmadı:

"Əksinə, hətta bunu gözləyirdim. Çünki Blinken və Ursula fon der Layenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən sonra, ABŞ-Aİ-Ermənistan arasında olan Brüssel görüşündən əvvəl bu iki şəxsin Türkiyə rəsmilərilə görüşməməsi təəccüblü gələrdi. Hətta düşünürəm ki, görüş başlayana qədər Aİ təmsilçisi də Hakan Fidanla görüşəcək".
 

 
Həmsöhbətimiz deyir ki, belə bir qənaətə gəlməsinin səbəbi Ermənistanın taleyinin Azərbaycan və Türkiyənin iştirakı olmadan müəyyən edilməsinin mümkün olmadığını artıq ABŞ və Avropanın da anlamağa başlaması ilə əlaqədardır:

"Məlum olduğu kimi Türkiyə Xarici İşlər Nazirliyi də Azərbaycanın iştirakı olmadan Brüssel görüşünün anormal olması barədə bəyanat səsləndirdi.  Bununla Ankara görüş təşkilatçılarına bir daha başa saldı ki, əks halda çəkdikləri zəhmət hədər gedəcək. Blinken və hətta ola bilsin Aİ rəsmisi də səhvlərini başa düşüb Hakan Fidanla Brüsseldə görüşün zəruri olduğunu dərk ediblər. Hesab edirəm ki, Blinken-Fidan görüşünün əsas mövzusu məhz Brüssel görüşündə Ermənistanla bağlı müzakirə olunacaq məsələlərdir. Amma Türkiyə-ABŞ məsələlərinin müzakirə olunduğu da istisna edilməməlidir". 

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə Türkiyə XİN-in rəhbəri Hakan Fidanla görüşüb. Mətbuatın yazdığına görə, görüşdə tərəflər regional və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->