Mən FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmanı bitirməyə tələsdiyini indiyə qədər bir dəfə görmüşdüm. Bu da 4-5 il bundan əvvəl olmuşdu. Həmin vaxt Ağayev köməkçiləri ilə birlikdə Bayıldakı stadionda "Səbail”in hansısa qarşılaşmasını idarə edirdi. Küləklə müşayət olunan soyuq yağış adamı iliklərinə qədər üşüdürdü. İndi həmin görüşün detallarını və hesabı xatırlamıram. Amma o yadımdadır ki, tabloda 90-cı dəqiqə görünən kimi Əliyar bəy fitini səsləndirib, oyunun bitdiyini bildirdi.
İkinci belə bir hadisə dünən axşam ünlü referimiz Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda yaşandı. "Qarabağ” ölkə kubokunun yarımfinalının cavab qarşılaşması çərçivəsində "Neftçi”ni qəbul edirdi. İlk görüşdə "Qarabağ” "Neftçi”nin qapısına 4 cavabsız top vurmaqla cavab qarşılaşmasını formallığa çevirmişdi. Bununla belə görüşün afişası Azərbaycan futboluna könül verən azarkeşlər üçün cəlbedici görünürdü. Necə də olsa, meydandan qarşılaşan "Neftçi” ilə "Qarabağ” idi. Belə demək mümkünsə, hər iki ad Azərbaycan futbolunda marka hesab olunur. Ümid edənlər var idi ki, "Neftçi” toparlanacaq, heç olmasa, "Qarabağ”a layiqli müqavimət göstərməyə çalışacaq. Amma olmadı. "Qarabağ” bu dəfə "Neftçi”ni elə vəziyyətə saldı ki, Əliyar Ağayevin belə ölkənin ən qocaman komandasına ürəyi ağrıdı. Elə bu səbəbdən də 90-cı dəqiqə tamam olan kimi hakim final fitini səsləndirdi.
Bununla da Əliyar Ağayev hesabın daha da böyüməsinə yüngülvari mane oldu. Amma onsuz da hesab yenə də "Neftçi” üçün biabırçı idi, "ağ-qaralar” "köhlən atlar”a 1:4 hesabıyla uduzdu. "Qarabağ”ın futbolçuları "son nöqtə”ni qoyarkən bir az da dəqiq və soyuqqanlı olsaydı, yekun hesab 7:1, yaxud da 8:1-ə çatardı. Hər halda, iki oyunun nəticəsinə görə "Neftçi”nin "Qarabağ”a 1:8 hesabıyla uduzması və ölkə kuboku ilə bu cür vidalaşması belə kluba cavabdehlik daşıyanlar üçün acı bir reallıq hesab olunmalıdır.
Söz yox ki, hesab heç də təsadüfi deyil, səviyyə fərqinin göstəricisidir. Bəli, "Neftçi” "Qarabağ”dan xeyli geri qalır. O dərəcədə ki, heç Premyer Liqanın oyunlarında da "Qarabağ”a müqavimət göstərmək mümkün olmur. Əminəm ki, indi dəyərli oxucularımızın arasında məni qınayanlar var. Dediniz ki, "Neftçi” nəinki "Qarabağ”a heç "Zirə”yə də müqavimət göstərə bilmir. Elə Premyer Liqanın sonuncu turunda da "Neftçi” azlıqda qalan "Zirə”yə 1:3 hesabıyla uduzdu. Bununla da "Neftçi”nin heç olmasa, ikinci yeri tutmaq şansları xeyli azaldı. İkinci yer bir tərəfə dursun, "Neftçi” hal-hazırda heç turnir cədvəlində 3-cü sırada belə deyil.
"Neftçi” bu vəziyyətə düşənə qədər uzun bir yol keçib. Bu yolda milyonlarla manatlarla ölçülən klub büdcəsi sağa-sola, yararsız legionerlərə, çoxbilmiş menecerlərə, əcnəbi məşqçilərin qarşılanıb-yola salınmasına, onlara təzminat ödənilməsinə sərf edilib. Mövsümün ortasında Mutuya böyük miqdarda xarici valyuta ilə təzminat ödənməsi, onun yerinə gətirilən digər əcnəbi mütəxəssis Miodraq Bojoviçin qarşısına isə ikinci yeri tumaqla ölkə kubokunun qazanılması kimi absurd hədəfin qoyulması belə naşılıqdan, qeyri-peşəkarlıqdan xəbər verirdi.
Bizə gülməli gələn addımları "Neftçi” rəhbərliyi atır. Sonra da bu addımlarına min cür don geyindirib, azarkeşlərə və futbol ictimaiyyətinə özlərini işbilən kimi təqdim edirlər. Bojoviçin qarşısına qoyulan hədəflərdən biri rəsmən əldən çıxıb, "Neftçi” heç ölkə kubokunun finalına belə yüksələ bilmədi. İkincilik uğrunda mübarizədə də əsas rəqib "Zirə”ylə əyani görüşdə komanda uduzdu. "Qarabağ”la oyundan sonra Bojoviçin simasına baxdım. "Hesab arasındakı fərq bir qədər çox oldu” deyən əcnəbinin sifətindən çarəsizlik yağırdı. Çox keçməz, ona da təzminat verib, yola salarlar. Sonra görək təzminat almaq növbəsi kimindir....
Amal Abuşov
Şərhlər