Xəbər lenti

Hüseynbala Səlimov
Dünya 11:09 22.04.2024

Həqiqətənmi Gürcüstana təhdid var?..

Təxminən bir il bundan əvvəl Gürcüstan hakimiyyəti "xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri çağırarkən bu qərarının birdəlik olduğunu bildirmişdi. 

Amma belə olmadı və hakim "Gürcü arzusu” koalisiyası” sözünün üstündə durmadı, layihə bir ildən sonra adı dəyişdirilərək qəbul olunmaq üçün yenidən parlamentə qaytarıldı və hətta nisbi səs çoxluğu ilə birinci oxunuşda qəbul da olundu. 

Bu səbəbdən Gürcüstanda siyasi vəziyyət qarışdı, hətta hökumətlə prezident arasında çox ciddi qarşıdurma yaşandı – prezident Salome Zurabişvili hakimiyyəti "rus arzusu” adlandırdı, hökumət isə prezidentə polisi "təhqir edən” adamı əfv etdiyi üçün "satqın” dedi.

Bəli, indi ən son məlumatlar belədir. Birincisi, hökumət heç nəyə baxmayaraq qanunu qəbul etdirəcəyini bildirir, belə bir qanunun ABŞ-da da olduğunu deyir, hətta onun Qərbə qarşı yox, Rusiyaya və onun Gürcüstandakı "təsir agentləri”nə qarşı yönəldiyini israr edir!
 
Düzdür, ABŞ–da belə bir qanun mövcuddur, amma onun təsir dairəsi xeyli məhduddur və bəzi hallar istisna olunmaqla, o, demək olar, tətbiq olunmur. Rusiyaya gəldikdə isə, bu, çox qəliz məsələdir. Ən azı ona görə ki, "Gürcü arzusu” özü Rusiya təsirində olan siyasi qüvvə hesab olunur, üstəlik, onun "kardinalı” Bidzina İvanişviliyə qarşı, səhv etmiriksə, Qərb tərəfindən bir neçə dəfə sanksiya tətbiq olunub.

Rusiyanın başqa təsirlərinə gəldikdə isə, Moskva tərəfindən Gürcüstana qarşı təhdidlər olub və indi də var. 

Ən azı ona görə ki, Gürcüstanın iki subyekti – Abxaziya və Cənubi Osetiya hələ də Moskvanın nəzarətindədir. Belə hesab olunur ki, Rusiya bütövlükdə Cənubi Qafqazda qalmaq və buranı da Qərbin nəzarətinə verməməkdə qərarlıdır. Fəqət regionda çox mürəkkəb, hətta ziddiyyətli proseslər gedir. 

Qərb Ermənistanda güclənməyə cəhd edir. Rusiya buna qarşı diplomatik etirazlar edir, amma məsələ hələ bundan o tərəfə keçmir – Ermənistanda qərbyönümlü Nikol Paşinyan hələ də hakimiyyətdə qalmaqda və özünün anti-Rusiya siyasətini irəlilətməkdədir. 

Bu günlərdə regionla bağlı daha bir maraqlı xəbər gəldi: Rusiya özünün "sülhməramlı”larını Azərbaycandan çıxarmağa başladı və rəsmi Bakı bəyan etdi ki, "sülhməramlı”ların vaxtından əvvəl çıxarılması haqda iki ölkə arasında qərar qəbul olunub. Nə olub? Nə baş verir?

Bir neçə il bundan əvvəl belə bir ehtimal vardı ki, gec-tez Rusiya özü də və dünya birliyi də razılaşacaq ki, Moskvanın keçmiş SSRİ-nin iki məkanında – Ukraynada və Belarusda təbii maraqları var, çünki ruslar, ukraynalılar və belaruslar demək olar, eyni xalqdır. Bəli, Rusiyanın tarixi qədim Kiyev rus dövlətindən başlayır... 

İndi buradan belə bir maraqlı nəticə çıxmırmı ki, Moskva artıq diqqəti daha çox bu iki məkana yönəldir, Azərbaycanın və Mərkəzi Asiyanın Türkiyənin, Baltikyanı ölkələrinsə Avropanın təsir dairəsində olması ilə barışır? Doğrudanmı, bu baş verir? Qəti nəticələr çıxarmağın hələ vaxtı yetişməyib. Amma bunu istisna etmək lazım deyil, çünki biz artıq onun işarələrini görürük: Bakı NATO-ya və Aİ-a inteqrasiya etmək niyyətində olmadığını bəyan etməklə Moskvanın geosiyasi iddialarını və təhdidlərini demək olar, neytrallaşdırdı. Amma Azərbyacan son vaxtlarda ciddi şəkildə Türkiyəyə tərəf dreyf edir və bu yaxınlarda ən yüksək səviyyədə də bildirildi ki, ölkənin inteqrasiya edəcək bir əsas ünvanı var: bu da türk dövlətləri birliyidir! 

Hiss olunur, Moskvada da bununla barışıblar, hətta bunu təqdir edirlər. O ki qaldı Gürcüstana və Ermənistana, güman ki, onlar da Qərbin təsir dairəsinə keçəcəklər. Bəli, belə bir geosiyasi bazarlaşma gec-tez olacaq.

İndisə qayıdaq Gürcüstanı qarışdıran "agent”lər qanununa. İkinci məqam kimi də qeyd edək: prezident Zurabişvili bildirib ki, qanun layihəsi tam qəbul edilərsə, o, özünün veto hüququndan istifadə edəcək! 

Amma bir məsələ də var ki, bu il ya Salome Zurabişvili, ya da gürcü hökuməti hakimiyyətlə vidalaşmalı olacaq, çünki səhv etmiriksə, 2024-cü ildə Gürcüstanda prezident və parlament seçkiləri olacaq. 

Gələk üçüncü məqama: ölkənin altı müxalifət partiyası qanun layihəsinin qəbuluna qarşı birlikdə mübarizə aparacağnı bəyan edib. Bir sözlə, Gürcüstanda siyasi atmosfer bu il isti olmağı vəd edir. Hələlik bir "proqnoz” vermək olar: 2024-cü ildə "Gürcü arzusu” onsuz da özünün sevimli qanununu tətbiq edə bilməyəcək. Sonrasına isə baxarıq...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->