Xəbər lenti

Boşanmadan sonra baş verən müdaxilələr, qətllər… - Çıxış yolu varmı?
Ölkə 16:06 20.11.2025

Boşanmadan sonra baş verən müdaxilələr, qətllər… - Çıxış yolu varmı?

Son illər ölkədə baş verən cinayətlərin, xüsusən də qətl hadisələrinin əksəriyyəti boşanan, biri-biri ilə yola getməyən ailələrlə bağlıdır. Ancaq boşanmadan sonra da bəzən bir-birinin həyatına müdaxilə davam edir. Bu müdaxilələr hətta cinayətə qədər gedib çıxır. Bəs bundan necə qurtulmaq olar?

Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında çıxış yolunun insanlar arasında təbliğat aparılmasında görür:

"Kimisə təhdid etmək, öldürmək, hədələmək çıxış yolu deyil. Bu məsələyə anlayışla yanaşmaq, sivil şəkildə boşanmaq lazımdır, burada qeyri-adi heç nə yoxdur. Guya kişi arvadını öldürsə, nə qazanacaq? Gedəcək həbsxanada həyatını daha da çətinləşdirəcək, özünü daha bədbəxt günə qoyacaq. Kişilər boşanmanı həzm edə bilmir, qadınlara bir mülkiyyət kimi baxırlar. Kişi başa düşməlidir ki, qadın səninlə yaşamaq istəmirsə, sən onunla niyə yaşamaq istəyəsən ki? Bunu sivil qaydada qarşılayıb, boşanma mədəniyyəti göstərməlisən ki, nə uşaqlar travma alsın, nə də sən kiməsə xəsarət yetirib həyatını daha da çətinləşdirəsən. Bunu ancaq maarifləndirmə yolu ilə etmək olar”.
 
 

Sosioloq hesab edir ki, əvvəlcə boşanma hallarının qarşısını almaq üçün həmin ailələrdə sosial psixoloji işlər aparılmalıdır:

"Əvvəllər bu işi ağsaqqal və ağbirçəklər edirdi. İndi bu institut zəifləyib. Yaxşı olar ki, psixoloqlar və sosial işçi lisenziyalaşsın, sertifikasiya verilsin və həmin ailələrlə işləsin. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün regionlar üzrə icra strukturlarında ştatları artırılsın və onlar münaqişəli ailələrlə işləsin, boşanma hallarına gələnə kimi problem tənzimlənsin”.

Əri tərəfindən təzyiqlərə məruz qalan qadın nə etməlidir?

Üzeyir Şəfiyev tövsiyə edir ki, bu istiqamətdə təqib olunan şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməlidir:

"Polisə müraciət edilır, vəziyyət qiymətləndirilir. Təhlükə varsa, onun üçün mühafizə orderi müəyyənləşdirir. Qısa müddətli mühafizə orderi və uzun müddətli mühafizə orderi deyilən bir şey var. Həmin müddət ərzində təqib davam etsə, onu təqib edən şəxs haqqında inzibati xətallar məcəlləsi ilə iş başlanıla bilər. Bunun qanunu yolu budur”.  

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->