"Bu onu göstərir ki, Baş nazir Nikol Paşinyan seçkilər ərəfəsi Azərbaycanın tələbi olan konstitusiya dəyişikliyinə getmək istəmir. Ermənistan cəmiyyətinin böyük hissəsi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına hələ də yaxşı baxmır. Amerikalı analitik tərəfindən səslənən həmin fikirlər də daha çox məhz Paşinyanın mövqeyindən səslənir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli amerikalı geosiyasi analitik Riç Outzenin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Konstitusiya dəyişikliyi əvəzinə hansısa əlavə sazişin imzalanması məsələsini gündəmə gətirməsini şərh edərkən deyib.
Hüquqşünas qeyd edir ki, yeni saziş ideyası Azərbaycan üçün məqbul sayıla bilməz:
"Bununla problem öz həllini tapmır. Çünki Ermənistan konstitusiyasında ərazi iddiasını nəzərdə tutan müddəa saxlanılır. Bundan başqa Müstəqillik bəyannaməsində də Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara istinad olunur. Yəni bu iki sənəddə faktiki olaraq Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.
Belə bir vəziyyətin mövcudluğu şəraitində isə, həmsöhbətimizə görə, konstitusiya dəyişikliyi olmadan proseslə bağlı hansısa bir saziş imzalansa da, o, Konstitusiyada yüksək hüquqi qüvvəyə malik olmayacaq:
"Paşinyan onsuz da Almata sazişi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edir. Amma ona qədər İrəvan Qarabağın "hüquqi” cəhətdən özlərinə birləşdirməklə bağlı qərar qəbul etmişdi. Nəticədə konstitusiya dəyişikliyi olmadan sözügedən istiqamətdə imzalanacaq saziş Almata bəyanaməsi kimi əhəmiyyətsiz bir saziş olacaq".
Qulamhüseyn Əlibəyli bildirir ki, konstitisiya dəyişikliyinə gedilmədən yeni saziş ideyasının gerçəkləşməsi fonunda Ermənistanda istənilən zaman revanşizm yenidən baş qaldıracaq:
"Yəni revanşizm üçün hüquqi əsas qalır. Ona görə də konstitusiya dəyişikliyi əvəzinə bu cür sazişin olması Azərbaycan, eləcə də Ermənistanın özü üçün də uğurlu olmayan bir variantdır. Ən yaxşı variant konstitusiya dəyişiklikləri, müstəqillik bəyannaməsində həmin qərara istinadın çıxarılmasıdır ki, bu da parlament tərəfindən ləğv edilə bilər. Yaxud da Ermənistanın Konstitusiya Məhkəməsi həmin qərarları və ona istinadı etibarsız saya bilər”.
Qeyd edək ki, Amerikalı fəlsəfə doktoru, Atlantik Şurasının geosiyasi analitiki Riç Outzen Azərbaycanla Ermənistan arasında münasibətlərə toxunarkən, hazırda masada olan diplomatik həll bir neçə fərqli variant təklif etdiyi üçün konstitusiya dəyişikliyinin zəruri olduğu fikri ilə razılaşmadığını bəyan edib.
Onun fikrincə, daha ağıllı və daha real həll yolu ABŞ-ın Ermənistanı konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər. Analitikin iddiasına görə, konstitusiyanın dəyişdirilməsini mütləq şərt kimi irəli sürmək isə ümumi prosesə ziyan vura bilər.
Analitik hesab edir ki, ABŞ-ın müsbət rolu Paşinyanı və onun ətrafındakıları konstitusiya ilə eyni hüquqi gücə malik, Ermənistan qanunvericiliyinin bir hissəsinə çevriləcək, qonşulara qarşı ərazi iddialarının olmayacağına təminat verən yaradıcı hüquqi sənəd üzərində düşünməyə həvəsləndirmək ola bilər. Hətta o, belə bir razılaşmanın real olduğunu düşünür.
Rüfət Sultan
Şərhlər