Xəbər lenti

Bunlar həyata keçərsə, ölkə insanının düşüncəsi və həyat tərzi dəyişər - Sosioloqdan təkliflər
Ölkə 11:22 06.09.2023

Bunlar həyata keçərsə, ölkə insanının düşüncəsi və həyat tərzi dəyişər - Sosioloqdan təkliflər

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qızların təhsillə imtahanı” layihəsi davam edir. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, aparılan  müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.  

Layihə çərçivəsində növbəti müsahibə sosioloq-araşdırmaçı Sahib Altayla aparılıb. Müsahibəni təqdim edirik:

- Sahib bəy, araşdırmalara görə, dünyada qız uşaqlarının təhsildən yayındırılmasının başlıca səbəbləri yoxsulluq, uşaqların əmək prosesinə cəlb edilməsi və erkən yaşda ərə verilməsidir. Azərbaycan üçün qızların təhsilinə maneə yaradan əsas səbəbləri necə qruplaşdırmaq olar?

- Proseslər və problemlər çox vaxt bir səbəbdən deyil, müxtəlif səbəblərin kompleks təşkil etməsi nəticəsində ortaya çıxır. Gender məsələsini kənara qoyub, öncə tarixə qısa nəzər salaq. Azərbaycana sistemli təhsil nə zaman gəlib? 

Azərbaycanda ilk qəza məktəbi 1830-cu ildə Şuşada yaradılıb (rusdilli). İlk orta təhsil gimnaziyası isə 1865-ci ildə Bakıda açılıb (rusdilli). 1874-cü ildə isə Bakıda "Nina xeyryyə cəmiyyəti”nin təşəbbüsüylə Bakıda ilk qız gimnaziyası açılmışdır. Nə bu məktəbləri, nə onu təşkil edən təhsil sistemini biz yaratmışdıq. Çar Rusiyası öz müstəmləkəsində olan ölkələrdə qəza məktəbləri açmaq qərarına gəlmişdi, bu qərardan kiçik bir pay da bizim qismətimizə düşmüşdü. Bu məktəblərdə də,  təbii ki, tədris öz ana dilimizdə yox, əcnəbi dildə idi. Azərbaycandilli təhsilin əsası isə Abdulla Şaiq tərəfindən irəli sürülən təklifin 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin  bir-birinin ardınca  həyata keçirdiyi mədəni tədbirlər siyahısına əlavə etməklə qoyulmuşdur. Məktəblərin milliləşməsi, onun təşəbbüsü ilə bütün fənlərin rus dilində tədris edildiyi Bakı I Realnı məktəbin nəzdində  Azərbaycan dili üzrə üç aylıq kursun açılması ilə baş tutdu.O dövrlərdə ölkə əhalisinin neçə faizinin oxuma-yazma qabiliyyətinin olduğunu, ictimai şüurunun, təfəkkürünün sərhədlərini müəyyənləşdirmək istəsək, Mirzə Cəlilin, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin xalqın təhsil yoxsulluğundan bəhs edən bədii hekayələrinə, publisistik məqalələrinə nəzər yetirmək kifayətdir. Molla sadıqların at oynatdığı mühitdə savadsız novruzəlilərin yetişməsi normal hal kimi qəbul edilirdi. O dövrdə nəinki qızların, oğlanların da təhsil ala bilməməsi köklü problemlərdən idi. Üstəlik, insanlarımızın alnına kasıblıq kimi bir etiket yapışdırılmışdı. Maddi baxımdan yoxsulluq, mənəvi baxımdan dini təfəkkürün timsalında at oynadan mövhumatçılıq və qadınmərkəzli əxlaq prinsiplərinə əsaslanan mentalitet səbəbiylə təhsil qeybə çəkilib, göylərdə məskən salan müqəddəs nəsnə hesab edilirdi.

Elə xalqın həyat tərzində, təfəkküründə erkən nikahı normaya çevirən səbəblər də bunlar idi. 9-10-11 yaşlı qız uşaqları özlərinin heç bir istəyi, qərarı olmadan ərə verilirdi. Qız uşağı ata evindən ər evinə gedəndə, valideynlər düşünürdü ki, evdəki yemək qazanına girəcək bir qaşıq azaldı. O dövrün bir azərbaycanlı ailəsi düşünək; səhər açılır, ailənin böyükləri yuxudan oyanır, beşikdə yatan körpələri rahatlayıb, yenidən beşiyə bələyib, yenicə ələ çatan 5-6 yaşlı uşaqlarını da götürüb, gedirdilər tarlaya işləməyə. Kənd təsərrüfatında əl əməyinin aparıcı qüvvəni təşkil etdiyi dövrdə uşağından, yaşlısından, qadınından asılı olmayaraq, əhalinin bütün demoqrafik üzvləri bu prosesin aparıcıları idilər. 

- Qızların təhsildən kənarda qalmasına səbəb olan mədəni və ya ənənəvi inanclar, mental qanunlar hələ də varmı? Varsa, daha çox hansı bölgələrdə müşahidə olunur?

- Ənənəvi inanclar və mental qanunlar ölkənin hər yerində hələ də mövcuddur. Ancaq qızların təhsildən kənarda qalması mövzusunda bütün bölgələrdə eyni təsirə malik deyil. Bəzi bölgələrdə bu az, bəzilərində çox nəzərə çarpmaqdadır. Elə bölgələr var ki, orada yalnız mentalitet hökm sürür və bu səbəbdən qız uşaqları təhsildən uzaqlaşdırılır. Ancaq bu, məhz indiki dövrdə məhz bu səbəb kütləvi gender ayrıseçkiliyinə rəvac vermir. Bəzi bölgələrimizdə mentalitelə yanaşı, dinin təsiri də mövcuddur. Eyni zamanda, kasıblıq, kütləvi işsizlik kimi digər səbəblər də mövcud səbəblərlə birləşdikdə bu, artıq məlum problemi yaradacaq bütün səbəblərin mövcud olması deməkdir.

- Təhsilsizlik qızların gələcək imkanlarına və həyat seçimlərinə necə təsir edir?  Belə desək, təhsil bir qızın həyatını necə dəyişir?

- Təhsil düşüncənin mənşəyidir. Təhsilin ilkin məqsədi insanlara, içərisində olduqları kainatın, həyatın, təbiətin qanunlarını, sirlərini öyrətmək, cəmiyyətdəki fərdi və ictimai məsuliyyətləri anlatmaq, öncə yetkin fərd, sonra şəxsiyyət kimi yetişməsini həyata keçirməkdir. Təhsil kişinin də, qadının da həyatında ən önəmli faktordur. İnsan həyatı iki istiqamətdə təsnifatlandırılır: Şəxsi və ictimai həyat.

Qadınların şəxsi həyatında təhsilsizlik öncə onların düşüncəsinə, həyat tərzinə mənfi təsir göstərir. Onlar təhsilli fərdlərlə müqayisədə yetkin fərd kimi özləri haqqında müstəqil qərar qəbul etməkdə çətinlik çəkirlər. Çox vaxt, ümumiyyətlə, qərar qəbul etmək hüququndan məhrum edilirlər. Təhsil bir növ bizə fərdi və ictimai varlıq olaraq özümüzü öyrədir. Özünüdərk mərhələlərindəki vasitəçi rolunu oynayır.

Ailədə uşaq tərbiyəsinin əsas öyrədici tərəfi anadır. Təhsilsiz qadın müstəqil fərd olduğunu, fərdiyyəçiliyinə aid öz hüquqlarını bilməyən, həm də təhsilin aşıladığı dünyagörüşünə sahib olmayan fərddir. Təhsilsiz ana tərbiyə etdiyi uşağı da öz böyüdüyü mühitin ona məcburi aşıladığı qayda-qanunlarıyla böyüdür. Bu da cəmiyyətin yarımçıq fərdlərdən təşkil olunmasına gətirib çıxarır.

Bəs qadının ictimai həyatı? İnsan hermofrodit (eyni orqanizmdə erkək və dişi hormanlarının mövcud olduğu, tək orqanizmli canlı) canlı olmadığı kimi, onun yaratdığı cəmiyyət də ictimai mühit də iki əks cinsin mövcudluğunun nəticəsidir. Cəmiyyətin quruculuğunda, ictimai fəaliyyətdə gender kimliklərinin hərəsinin öz vəzifəsi var. Cəmiyyət yalnız hər iki cinsin birgə iştirakı nəticəsində qurulur və inkişaf edir. Təhsilsizlik qadınları ictimai fəaliyyətdən, cəmiyyət quruculuğunda həm fiziki, maddi, həm də sosial-mənəvi baxımdan göstərməli olduqları xidmətdən yayındırır. 

Təhsilin bir məqsədi də insana peşə qazandırmaqdır. Təhsili olmayan qadın aparıcı əmək fəaliyyətində iştirak edə bilmir. Bu da onu həm şəxsi həyatındakı iqtisadi azadlığından, həm də cəmiyyətdə sahib olmalı mövqeyindən uzaqlaşdırır. Qadının özündən əlavə, cəmiyyəti də cəmiyyət olmaqdan məhrum edir, onu birtərəfli formalaşdırır. Misal üçün, iki qolla çəkilən bir yük arabası düşünək. Bu arabanı bir qolu üzərində önə çəkməyə çalışsaq, nə olacaq? Araba birtərəfli hərəkət edəcək, yolun bir hissəsində ilişib, qalacaq. Ancaq iki qolla önə çəksək, o araba gedilməli olan bütün yolları qət edib, maneələri aşıb, öz mənzilinə çatacaq. Cəmiyyət də ikiqollu yük arabasıdır, bir qolu olmadıqda, nə cəmiyyət kimi formalaşa biləcək, nə də inkişaf, tərəqqi yolunda irəliləyə biləcək. Cəmiyyətdə gender balansı elə qurulub ki, bütün ictimai-sosial fəaliyyət sahələrində hər iki cinsin təmsil olunması vacibdir. Hətta gender cinslərinin və kimliklərinin əksər davranışları belə qarşı cinsə hesablanıb, tənzimlənir. Tərəqqi demişkən, gender bərabərliyi mövzusunda ilkin nəzəriyyələrdən birinin müəllifi, fransız filosofu və sosioloqu Şarl Furye onu belə ifadə edir: "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır”. 


- Qeyd etdiyiniz kimi, qızların təhsildən kənarda qalması cəmiyyətdə gender bərabərliyinə də təsir edir. Bu, bizim cəmiyyətdə özünü daha çox hansı sahə və məqamlarda göstərir?

- Bu mövzuda öncə qeyd olunmalı bir məqam var. Hazırda ölkədəki mövcud təhsil sistemi istər orta, istər ali təhsil səviyyəsində öz təyinatını yerinə yetirə bilmir. Yəni təhsil verilir, amma bu təhsil düşüncəyə çevrilə bilmir.

Əgər bir faktor həyati əhəmiyyət daşıyırsa, onun çatışmazlığı insan həyatının bütün istiqamətlərində özünü göstərir. Təhsil də həyatın bütün sahələrində özünü göstərən əsas faktorlardan biridir.

Gender bərabərliyiylə bağlı problemlər ölkəmizdə daha çox məişətdə özünü göstərir. Dövlət konstitusiyasında hüquqi əsasları mövcuddur, ancaq insanların həyat tərzində, məişətdə bu hüquq praktikaya keçid edə bilmir. Səbəbi isə məlumdur, biz qadınlı-kişili hüquqi düşüncəli toplum deyilik. Konstitusiyada qadına verilən hüququn arxasında sağlam düşüncə, qarşısında onu reallaşdıracaq həyat şərtləri mövcud deyil. Bu hüquq zamanında heç bir hərəkatla, mübarizəylə qazanılmayıb. Bir hüququn əldə edilməsi üçün o hüququ meydana gətirəcək düşüncə və bu düşüncə əsasında mübarizə vacibdir. O hüququn yaşaması üçün isə digər sosial elementlər ödənilməlidir. 

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda digər hüquqlar kimi sosial demokratiya prinsipinə əsaslanaraq qadınlarımıza da azadlıq və bərabərlik hüququ verilib. Ancaq bir tərəfdən bu hüququ doğuran düşüncə, digər tərəfdən, iqtisadi azadlıq olmadığı üçün sadəcə kağız üzərində öz mövcudluğunu qorumaqdadır. Bunun nümunəsini göstərə bilərik. Məsələn, Avropada hərəkat şəklində baş qaldıran qadın hüququ məsələsini düşüncəyə çevirən nəzəriyyələr var idi. Bu hüququ həm maddi, həm də mənəvi olaraq kompleks şəkildə yaradan, ortaya çıxaran proses isə İngiltərə Sənaye İnqilabı idi. İnqilab bir tərəfdən öncəki dövrlərlə müqayisədə yüngül fiziki əməyə uyğun sahələr ortaya çıxarıb, qadın fiziki gücünün yaradıcı əmək fəaliyyətində təmsil olunması üçün şərait yaratdı. Bir tərəfdən iqtisadi azadlığı formalaşdırdı. Digər tərəfdən demokratik prinsiplərə uyğun fabrikant-işçi, vətəndaş-dövlət, valideyn-övlad, qadın-kişi münasibəti modelini meydana gətirdi. Biz hazırda inkişaf dövrünə yenicə qədəm qoymuşuq. Və bu şərait bütün ölkədə mövcud deyil. 

Ölkədə bütün qadınlara eyni tərzdə münasibət bəslənilir və ya bütün qadınlar təhsildən kənarlaşdırılır, demək, qeyri-obyektiv səslənir. Doğulduğu ailənin düşüncə və maddi durumundan asılı olaraq, hazırda qadınların təhsilə yönəldilməsi xüsusi maraq dairəsindədir. Hətta sistemli təhsilin yenicə formalaşdığı, Sovet dövründə də ölkədə başdan-başa bütün qadınlar təhsildən məhrum edilməyib. O dövrə nəzər salanda görürük ki, kifayət qədər təhsil alan, müxtəlif sahələrdə yaradıcılıqla məşğul olan, yüksək vəzifələrdə çalışan qadınlarımız olub. Ümumiyyətlə, həm bərabərlik, həm də bərabərsizlik baxımından bizdəki genderə baxışla, ABŞ, Avropadakı baxış fərqlidir. Əvvəlki dövrdə də, indi də qız uşaqlarının təhsildən uzaqlaşdırılması ölkəmizdə müəyyən bölgələrdə və ya bir bölgənin müəyyən ailələrində mövcud olub. Hansı bölgələrdə ki kütləvi mövcud olub, bunun ilkin səbəbi xürafat və mentalitet olub. Hansı bölgələrin müəyyən ailələrində mövcud olub, ya ailənin sosial-maddi vəziyyətinə görə olub, ya da yoxsulluqdan dolayı azyaşlıların erkən təsərrüfat işlərinə cəlb edilməsinə görə.

Təhsilsizlik qadınlarımızı birmənalı məişət fərdinə çevirir. Təhsilsiz qadın ailədə atadan, qardaşdan, ərdən sosial asılı olur. Təhsilsiz qadın bir tərəfdən təhsilin verməli olduğu düşüncədən, digər tərəfdən iqtisadi azadlıqdan məhrum olur. Təhsizliyin qadınlara vurduğu ən böyük zərərlərdən biri isə onların ictimai fiqur olmaq vəzifəsindən uzaqlaşdırır.
 


- Sahib bəy, sizcə, qızların təhsilini təşviq edən konkret hansı təcrübə və nümunələri ölkəmiz üçün tətbiq edə bilərik? 

- Müsahibəmizin bu yerində daha bir mövzudankənar məqama toxunmağı zərurət hesab edirəm. Bizdə təhsil anlayışı da yanlış anlaşılır. Təhsil dedikdə, yalnız ali təhsil göz önünə gətirilir. Olmağı yox, görünməyi sevən toplumuq. Ali təhsil diplomu da bizdə bir növ görüntü elementidir. Halbuki ölkəmizdə hazırda əli diplomlu saysız işsiz adamlar var. Əsas məsələ təhsilin öz təyinatı üzrə təsiridir –düşüncə və peşə.

Orta təhsil məcburidir, bu mərhələdən sonra insanlar universitet də oxuya bilər, kollec də. Əsas bir peşəyə yaxşı yiyələnib, cəmiyyətin quruculuğunda iştirak etmək, təhsilin bəxş etdiyi düşüncəylə yaşamaq və iqtisadi azadlıq əldə etməkdir.

Qadınların təhsiliylə bağlı ölkəmizdə ilk görülən işlərdən biri də XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin açdırdığı "Qızlar Giminaziyası” idi. Bu gimnaziyanın ilk məzunlarından olan, Zaqafqaziya Jurnalistlər Birliyinin üzvü, AXC Parlamentinin ziyalı qadın fərdlərindən olan Şəfiqə Əfəndizadə Qızlar Məktəbinin nəzdində qadınlar üçün sənətşünaslıq dərnəyi açıb, bölgələrə məktublar göndərmiş, ailələrə müraciət etmişdi ki, qızlarınızı göndərin, bu dərnəkdə növbəli dərslər keçək, qadınlarımız bilikli, savadlı olsunlar. 

Azərbaycan əhalisinin əksəriyyəti əyalətlərdə yaşayır. Elə qadınların təhsildən məhrum edilməsi məsələsi də bölgələrimizdə mövcuddur. Düşünürəm ki, bölgələrdə müasir təhsil prinsiplərinə uyğun fəaliyyət göstərən peşə kollecləri açılmalı, öncə bu toplumun yeniyetmələri qızlı-oğlanlı universitet xəstəliyindən qurtulmalı və dövrün tələblərinə uyğun ixtisaslarda təhsil verən kolleclərdə oxuyub, peşə sahibi olmalı, bununla da ilk mərhələdə öz ehtiyaclarını ödəyəcək əmək bacarıqlarına yiyələnməlidirlər.

- Təhsil sahəsində səlahiyyətli şəxs olsaydınız, qızların təhsildən yayınmasının qarşısını almaq üçün hansı addımları atardınız? Və bu addımların uğurlu nəticələr doğuracağına inamınız tamdırmı?

- Müasir dövrün əsas təbliğat vasitələrindən biri də sosial mediadır. Necə ki sosial mediada məlum vəziyyətlə bağlı aparılan təbliğatın (pərakəndə də olsa) nəticəsində cəmiyyətdə qızların təhsilsildən uzaqlaşdırılması, erkən nikah və gender bərabərsizliyi kimi mənfi hallarla bağlı müsbətə doğru xeyli dəyişikliklər var. Ancaq bu təbliğat ciddi fəaliyyətə, nümunələrə əsaslanmalıdır.

İnsanlar əksəriyyət etibarilə ictimai simalardan və nümunələrdən örnək götürürlər. Təhsilin önəmli və müsbət nəticələr verəcək bir nəsnə olduğunu insanlara deyirsənsə, təhsillə bağlı nümunələr göstərməlisən.

Təhsildə səlahiyyətli şəxs olsaydım, öncə müəllimin layiq olduğu dəyər və simada insanlara təqdim olunmasını başlıca proiritetə çevirərdim. Müəllimliyi ictimai dəyərə, müəllimi ictimai simaya çevirərdim. Onun həm də maddi təminatını yaxşılaşdırıb, təhsillə uğur qazanmağın nümunəsini formalaşdırardım. Çünki təhsilin ən çox nəzərə çarpan siması müəllimdir. Orta məktəblərdə şagirdlərə ayrı-ayrı fənlərin timsalında təhsil vermədən öncə təhsilin mahiyyətinin anladılmasını xüsusi bir dərs kimi təhsil metodikasına əlavə edərdim. Qızların təhsildən uzaq tutulduğu əyalət məktəblərində təhsilə uğur qazanmış nümunəvi şəxslərin (xüsusilə qadınların) görüşlərini təşkil edərdim. Valideynlərin növbədənkənar iclaslarını təşkil edib, bu iclasları həm də valideynlik vəzifələri haqqında seminara çevirər, bunun üzərindən təhsilin vacibliyini həm də valideynlər üzərindən təbliğ edərdim. Əyalətlərdə müasir təhsil və innovasiyalara, habelə bu innivasiyaların ortaya çıxardığı ixtisaslar, bunlarla paralel olaraq əl əməyinə əsaslanan bütün peşələr üzrə təhsil verən rotaixtisas peşə kollecləri təsis edərdim. Qızların da bu məktəblərə cəlb olunmasını təşkil edərdim.

Böyük şəhərlərdə yerləşən universitetlərin bir qismini bölgələrə köçürərdim. Bu metodun müsbət nəticələri Türkiyə Cümhuriyyəti qurulduğu zamanlarda oradakı "Köy İnstitutları”nın timsalında özünü əks etdirir.

Təhsildə sosial layihələrə, müstəqil təşəbbüslərə xüsusi yer ayırardım.

Və ən əsası, ölkədəki əzbərçi sistemi ortadan qaldırıb, təhsilin düşüncəyə çevrilməsi üçün analitik təhsil metodlarından istifadə edərdim.

Bu dediklərim həyata keçərsə, nəinki qızların təhsil probleminin həll olunmasından, ölkə insanının düşüncəsinin, həyat tərzinin müsbətə doğru dəyişəcəyindən əminəm. 

- Vətəndaş cəmiyyəti institutları sözügedən problemin həlli üçün davamlı layihələr həyata keçirir. Ancaq bəzən bu layihələrə ictimai formada inamsızlıq nümayiş etdirilir, bütün görülən işlərin boş olduğu deyilir. Necə düşünürsünüz, maarifçilik lazımi geridönüşümü verir və ya verəcək?

- Görülən işlər davamlı olarsa, mütləq öz müsbət nəticəsini verəcək. Hazırkı fəaliyyət səviyyəsinə görə nəticə verir də. Necə ki daşın üzərinə davamlı olaraq düşən su damlaları zamanla o daşı əridir, maarifçilik də davamlı gedəndə daşlaşmış cəhaləti əridir. Bu gün ölkədə təhsildən məhrum edilən, məcburi erkən nikaha cəlb edilən qızlar da var, ABŞ-da, Avropada təhsil almağa gedən və ya hazırlaşan qızlar da. İkincilər birincilər üçün nümunədir. Bu nümunələrin sayı artdıqca, paralelində aparılan maarifçilik tədbirləri davam etdikcə zamanla bu problemlər ortadan qalxacaq.

- Sizcə, bu dövrü - mərhələni də aşıb, qızların təhsil alması bütün ailələrdə normal hal alacaq? Yoxsa "Qız nədir, oxumaq nədir?" ifadəsini bütün dövrlərdə eşidəcəyik? 

- Toplumsal düşüncə tərzinin reformu əsasən 3 şəkildə baş verir: 

1. İnqilabi hərəkat yolu;
2. Dövlətyönümlü məqsədli şəkildə;
3. Nəsillərin dəyişməsiylə. 

Üçüncüsü toplumları mədəni rəqabətdə geri salır. Buna görə də dünyanın inkişaf tendensiyasıyla uzlaşmaq üçün ilk iki metod hər zaman aktualdır. Gələcəklə bağlı iddialı danışmağı xoşlamıram, ancaq hər bir halda gec də olsa bu yenilik heç olmasa, nəsillərin dəyişməsi nəticəsində baş verəcək. Azərbaycanda müxtəlif adət-ənənələr, mental tdüşüncə tərzi, dinlər, mövhumatlar mövcud ola, at oyanada bilər, ancaq bu ölkədə tolerantlığı əsas götürən nəzəri hüquq və dünyəvi dəyərləri əsas götürən maarifçilik institutu mövcuddur. Buna görə də problemlərə baxıb, gələcəyi neqativə kökləmək olmaz. Bu gün az da olsa görünən yenilikləri, inkişafyönümlü prosesləri, nümunələri nəzərə almaq lazımdır.

- Sahib bəy, müxtəlif səbəblərlə təhsildən yayındırılan qızlarımız bu maneələri aşmaq üçün mübarizəni necə qurmalıdır? Bir az çətindir, çünki qarşılarında dayanan ailələridir... Və burda onların yetişməsinə təsir edən mühit də önəmli rol oynayır. Qızlarımız özlərini necə yetişdirsin, bütün bu çətinliklərin öhdəsindən necə gəlsinlər?

- Müasir dövrün informasiya imkanları çox genişdir. İnternet insan həyatının bir parçasına çevrilib. Hazırda ən ucqar kənddə belə informasiya almaq çox asandır. Gender ayrıseçkiliyinə məruz qalan qızların da özlərini yetişdirmək üçün ilk keçəcəkləri mərhələ orta təhsilin tamamlanmasıdır. Çox vaxt qızlar valideynləri tərəfindən 8-9-cu siniflərdən məktəbdən çıxarılaraq, erkən nikaha cəlb edilirlər. Daha sonra müəyyən peşə seçimi edib, bu peşə üzrə təhsil almağa can atmalıdırlar. Ən əsası, düşünürəm bu və bu kimi yeniliklər həm də yaradılan şəraitin nəticəsində baş tutur. Yəni o təhsil mühiti dövlət tərəfindən yaradılmalıdır. Bizim təhsilimizin ən böyük problemi onun əzbərçi olması, düşüncəyə çevrilə bilməməsidir. Qızların da təhsil və peşəə mühitinə adaptasiyası üçün yaşadıqları mühitdə belə bir fikri, düşüncəni, qərarı formalaşdıracaq təhsil olmalıdır. Bir də bizdə gender məsələsiylə bağlı problemlər çox vaxt gender fərdlərinin arasında razılaşdırılmış şəkildə baş verir. Məsələn, küçədə kişi öz qadınını döyür. Yaxınlaşıb, maneə olmağa çalışırsan, ilk qadın özü sənin üzərinə hücum çəkir ki, bu, bizim ailə məsələmizdir, sən kimsən?! Qızlar da doğulduqları, böyüdükləri mühitdə o mühitin aşıladığı məişət qanunlarıyla, təsirləriylə böyüyür. Bəzən bizim məcburi dediyimiz kutlar əslində məcburi baş vermir, uşaqlara balacalıqdan aparılan təbliğatın nəticəsi kimi meydana gəlir. Yəni psixoloji olaraq uşaqlıqdan ona təlqin edilir ki, sən gələcəyin gəlinisən. Və o da bir az böyüyən kimi gəlin olmaq eşqinə düşür. Çünki özü haqqında ondan başqa təsəvvürləri olmur.

Layihə rəhbəri: Sevinc Fədai


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->