Xəbər lenti

Zəhralaşma
Murad KÖHNƏQALA
Ölkə 16:13 24.06.2025

Zəhralaşma

Hər səhər televizoru, yaxud sosial şəbəkəni açanda üstümüzə ordan bəd xəbərlər tökülür. 

Yadıma nə düşdü, bilirsinizmi? Demək, internetin olmadığı dövrlərdə də onu lokal formada əvəz edən insanlarımız olub. Bu mənada bizim Zəhra əvəzedilməz işlər görürdü. 

Kəndimizdə Zəhra adlı bir qız vardı, uzun müddət ərə getməmişdi. Evdə qalıb qarımağın stressi və ağıldan bir balaca anormal olması psixikasını bərbad hala salmış, onu müəyyən mənada manyaka döndərmişdi. Kəndin bütün xəbərlərini qonşulara səhər-səhər ən birinci o çatdırırdı. Xırda bir əhvalatı şişirdib danışmaq istedadı vardı. Özünün uydurduğu faciəli xəbərləri ilə o, ürəyincə qura bilmədiyi həyatının öcünü başqalarına fəlakət arzulamaqla alırdı. 

Onda mən uşaq idim, Zəhra bizə də tez-tez gələr, kənddə yeni bəd xəbər olmayanda da gördüyü qara-qura yuxularını danışardı. Bu xanım qanqaraldıcı xəbərlərə, xüsusən də ölüm xəbərlərinə çox meylli idi. Kənddə yeni ölüm hadisəsi olmayanda köhnə ölüm hadisələrini, ölənlərin yaxınlarının necə sarsıntı keçirdiyini xoş xatirə kimi danışardı.

"Zəhra, ölüm-itimdən, meyit-kəfəndən başqa söhbətin yoxdumu?” - deyəndə tezcə mövzunu dəyişər, söhbəti hərləyib-fırlayıb yenə ölüm işlərinə gətirərdi. Hərdən lap ifrata varar, öləni yuyat taxtasına necə qaldırdıqlarını, meyitin kim tərəfindən yuyulduğunu, tabutu kimlərin apardığını, cənazəni qəbirə sallayanda arvad-uşağın necə ağlayıb özündən getdiyini təfsilatı ilə danışardı.

Kənddə ölüm hadisəsi olmayanda yuxuları onun köməyinə gəlirdi. Danışdığı yuxularında da hər dəfə kəndin bir sakinini öldürüb dəfn eləyirdi.

Zəhra əsasən gənc adamların ölüm xəbərini çatdıranda coşqu içərisində olurdu. Onun yuxularında dəfn elədiyi adamlar, əsasən kəndimizin gəncləri olurdu. Gənclər ya maşın qəzalarında "ölür”, ya da bir-birini qız üstə "bıçaqlayıb öldürürdülər”. 
Zəhranın yuxularında ən çox toy karvanının maşınlarından biri dəmiryol keçidində qatarla toqquşar, içərisində dörd gənc "ölərdi”. Ölənlərin ən azı biri nişanlı olmalı idi. Ölən bir gənc nişanlı olmayanda Zəhraya ləzzət eləmirdi.

Zəhra maşın qəzasında ölənlərin "meyitlərini” əzilmiş maşından "çıxartdırar”, xəbəri eşidən oğlanın bacısını "özündən getdirər”, anasının "saçlarını yoldurtdurub sinəsini cırdırardı”. Əsas da ölənin nişanlısı! Gənc nişanlı qız "havalanıb dəli olardı”.

Zəhra o biri "ölənləri” də kilimə büküb qanlı-qanlı evlərinə "gətirər”, əzizlərini bir-bir "ağlatdırar”, "bayıldar”, "üzünə su səpib özünə gətirərdi”. Onların "qəbirlərinin” üstünə qara mərmər döşəyər, "baş daşlarına” yaraşıqlı şəkillərini "yapışdırardı”.

Zaman keçdikcə Zəhra ölüm xəbəri, dəfn işləri üzrə püxtələşmiş, təcrübəsi artmışdı. Dinləyicilərini itirməmək üçün "reportajlarını” daha rəngarəng eləyər, qonşu kəndlərin qara xəbərlərindən də danışırdı. O, get-gedə miqyası genişləndirərək rayondakı bütün faciəli xəbərləri öz inhisarına almışdı...

İndi bəzən televiziyada və internetdə yayılan xəbərlərə baxanda istər-istəməz Zəhranın danışdıqları gəlir xəyalıma. Hər gün yayılan faciəvi hadisələr, qəza xəbərləri, cinayətlər, gənclərin vaxtsız ölümü, ağlaşmalar, yas mərasimləri... Elə bil Zəhranın bir vaxtlar uydurduğu yuxular, şişirdib danışdığı əhvalatlar indi həyatımıza qayıdıb. Zəhranın bəd xəbərlərə olan marağı o zaman bizə qəribə, bir az da qorxulu gəlirdi. İndi isə medianın öz dili, təqdimat tərzi, sensasiya axtarışı ilə bir növ Zəhralaşdığını görürəm. Bəzən düşünürəm ki, əgər Zəhra bu gün yaşasaydı, yəqin ki, hansısa xəbər saytının ən populyar müxbirlərindən biri olardı… 

Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->