Xəbər lenti

Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi? - Ekspert
Dünya 18:18 05.07.2025

Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi? - Ekspert

"İndiki halda Rusiyanın velikorus marağına heç bir Çin səddi belə maneə ola bilməz. Rusiyanı dayandırmaq missiyasında olan dövlətlərin, o cümlədən Çinin də bu istiqamətdə çabası boşunadır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Ukrayna müharibəsinin dayandırılması üçün Çinin Moskvaya təsir imkanlarını şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, belə olan halda Çinin özü belə Rusiyanı iddia etdiyi hədəflərindən yayındıra bilməyəcək:

"Putinin qarşıya qoyduğu hədəflər var. O, NATO-nun şərqə doğru genişlənməsinə, postsovet məkanında Qərb təsirinin olmasına qarşı çıxır. Putin başda olmaqla Rusiyanın ali siyasi rəhbərləri Nikolaydan, Yekaterinadan, Pyotrdan miras qalan əraziləri heç zaman kiməsə güzəştə getməyəcəklərini bəyan edirlər. O baxımdan bu məsələdə Çinin vasitəçi olması mümkünsüzdür. Çünki istənilən vasitəçilik Putin Rusiyasının hədəfinə əngəldir".
 


Ekspert deyir ki, Pekin özü də ümumiyyətlə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlı deyil:

"Bu, Çinin strateji-taktiki yanaşmasına uyğun deyil. Çünki belə konfliktlərdən Pekin fürsətcil şəkildə istifadə edib, öz imkanlarını gücləndirir. Ona görə də Ukrayna müharibəsi Çinin işinə yarayır. Bu səbəbdən Pekin Rusiyaya dəstək verəcək ki, konflikt davam etsin. Çünki Pekin Rusiyadan sonra növbənin ona da çata biləcəyinin fərqindədir".

Konfliktoloq qeyd edir ki, müharibəni dayandırmağın yeganə çıxış yolu Rusiyanı sahədə məğlub etməkdir:

"Bunun üçün də Avropa ilə ABŞ vahid güc birliyi və iradə nümayiş etdirməlidir. Hələliksə, Trampın bu məsələdə mövqeyi qeyri-müəyyəndir. Habelə, NATO Rusiya ilə danışıqlara gedib şərqə doğru genişlənməyəcəyi öhdəliyini götürməlidir. Rusiya da öz növbəsində Ukraynanın ərazi bütövlüyünü qəbul etməlidir".

Qeyd edək ki, Qərb Çinin Ukrayna müharibəsinin dayandırılması üçün Rusiyaya təsir etməsinə çalışır. Onlar düşünür ki, Pekin bu məsələdə Rusiyanı dayandırmaq üçün ciddi təsir imkanlarına malikdir. İndilikdə isə Pekin orta mövqe tutur. Rusiyaya ciddi hərbi dəstək göstərməsə də, ona qarşı sanksiyalara da qoşulmur. Əksinə, fürsətdən istifadə edib, Rusiyadan ucuz qiymətə neft-qaz alır.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->