Xəbər lenti

Çin ilk dəfə nəhəng drondaşıyan platformanı havaya qaldırdı
Texnologiya 12:31 11.12.2025

Çin ilk dəfə nəhəng drondaşıyan platformanı havaya qaldırdı

Çin "Jiutian” adlı iriölçülü pilotsuz uçuş aparatının – ölkədə artıq "drondaşıyan platforma” adlandırılan nəhəng PUA-nın – ilk uçuşunu həyata keçirib. 

Qaynarinfo "Bloomberg”ə istinadla bildirir ki, sınaqlar Şensi əyalətində keçirilib.

"Jiutian” ("Doqquz səma”) adlı PUA-nı təyyarədaşıyanla müqayisə etmələrinin səbəbi onun çoxsaylı dronları və raketləri buraxmaq imkanına malik olmasıdır. Bu, dünyada bu tipdən olan ən böyük məlum platformadır. Aparat altı tona qədər silah daşıya bilir, idarəolunan bombalar, "hava-hava” raketləri, gəmilərə qarşı raketlər və hətta kamikadze dronlar üçün səkkiz xarici asqı nöqtəsinə sahibdir.

Onun əsas xüsusiyyətlərindən biri də odur ki, gövdə daxilində 100-dən çox kiçik dronu daşıya bilir və onları düşmənin hava hücumundan müdafiə səddini yarmaq üçün "sürü” halında buraxa bilir. Bununla yanaşı, ekspertlər aparatın böyük ölçülərinin onun döyüş şəraitində azgörünənlik xüsusiyyətini zəiflədə biləcəyini qeyd edirlər.

"Jiutian” ilk dəfə ötən il Çjuhay aviasiya sərgisində nümayiş etdirilmişdi. Pilotsuz təyyarə dövlət şirkəti "Xi'an Chida Aircraft Parts Manufacturing Co. Ltd." tərəfindən istehsal olunur. Təyyarə Çin Xalq Azadlıq Ordusunun silahlanmasına daxil edilməzdən əvvəl bir sıra əlavə sınaqlardan keçməlidir.

Çin pilotsuz sistemlərin inkişafını sürətləndirir və amfibiya gəmilərindən tutmuş döyüş dronlarına qədər yeni silahlarını nümayiş etdirir. Bu silahların bir qismi sentyabrda Pekində Si Szinpinin iştirakı ilə keçirilən paradda da göstərilmişdi. Beləliklə, Pekin hərbi potensialını artırmaq və ABŞ-la rəqabət aparmaq kursunu davam etdirir.

Eyni zamanda ölkədə genişmiqyaslı hərbi "təmizləmələr” də davam edir. ABŞ kəşfiyyatı hesab edir ki, xüsusilə Raket Qoşunlarındakı korrupsiya və rüşvətxorluq Çin müdafiə qabiliyyətinə zərər vurur və Si Szinpinin ambisiyalarına – o cümlədən Tayvana mümkün müdaxilə senarisinə – mane olur.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra pilotsuz sistemlərə tələbat kəskin artıb. Dronlar tankların, gəmilərin və digər bahalı texnikaların məhvində effektivliyini sübut edib. Çin sənayesi sürətlə genişlənir – mülki PUA istehsalçıları DJI və "Easy Fly"dan tutmuş iri müdafiə müəssisələrinə qədər.

Yeni "dron platforması” Pekinin pilotsuz silah platformaları arasında ən güclülərindən biri olmalıdır.

Xatırladaq ki, Çin şirkəti "Lingkong Tianxing" yeni hipersəs raketi YKJ-1000-i təqdim edib. KİV-lərin yazdığına görə, bu raket artıq seriya istehsalındadır və Qərb ekspertləri arasında ciddi narahatlıq doğuran xüsusiyyətlər nümayiş etdirir. Bildirilir ki, raket 1300 km-ə qədər məsafəni qət edə bilir və 5–7 Max sürətinə çatır.
Bir raketin qiyməti təxminən 700 min yuan (təqribən 99 min dollar) olaraq qiymətləndirilir – bu, Rusiyanın İranla birgə istehsal etdiyi "Şahed” kamikadze dronu ilə demək olar ki, eyni məbləğdir. Bu isə, xüsusən hipersəs silahı üçün, son dərəcə aşağı göstərici sayılır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->