ABŞ prezidenti Donald Tramp Rusiyanın rəhbəri Vladimir Putinlə Ukraynada müharibənin dayandırılması məqsədilə Budapeştdə görüşməyi planlaşdırdığını bildirib. Razılaşma iki lider arasında telefon danışığı zamanı – Volodimir Zelenskinin Vaşinqtona səfərindən cəmi bir gün əvvəl əldə olunub.
Qaynarinfo "The Wall Street Journal”a
istinadla yazır ki, bu qərarla Amerika lideri Ukraynaya "Tomahawk” raketlərinin verilməsi barədə qərarı təxirə salıb.
Tramp Putinlə söhbətini "çox səmərəli” adlandırıb və bildirib ki, əvvəlcə ABŞ dövlət katibi Marko Rubio başda olmaqla yüksək səviyyəli rəsmilərin görüşü keçiriləcək, daha sonra isə prezidentlərin şəxsi görüşü Macarıstan paytaxtında baş tutacaq.
Bu addım Vaşinqtonun Ukraynaya "Tomahawk” qanadlı raketlərini vermək qərarını faktiki olaraq dayandırıb. Bir neçə gün əvvəl Tramp bu tədarükü təsdiqləyə biləcəyinə işarə etsə də, indi "ABŞ öz ehtiyatlarını tükəndirə bilməz” deyə bildirib.
"Tomahawk” güclü və dəqiq silahdır, amma o, bizə də lazımdır”, deyə Tramp əlavə edib və söhbət zamanı Putinə belə bir sual verdiyini bildirib: "Əgər mən rəqibinizə bir-iki min "Tomahawk” versəm, etiraz etməzsiniz ki?”
Putinin müşaviri Yuri Uşakovun sözlərinə görə, Rusiya lideri xəbərdarlıq edib ki, Kiyevə raketlərin verilməsi "Moskva və Vaşinqton arasındakı münasibətlərə ciddi zərər vuracaq”.
Prezident Zelenski isə Vaşinqtona gələrkən bəyan edib ki, Ukraynanın müdafiəsini gücləndirə biləcək "güclü silahlarla” bağlı Amerika müdafiə şirkətləri ilə görüşlər keçirir. O, həmçinin "Tomahawk”la bağlı danışıqların artıq Kremlin davranışına təsir etdiyini vurğulayıb:
"Moskva "Tomahawk” sözünü eşidən kimi dialoqa tələsir”, deyə Zelenski yazıb.
Gözlənilir ki, Tramp və Zelenski Ağ Evdə görüşərək uzaqmənzilli silahların tədarükü və ABŞ-ın onların istifadəsinə qoyduğu məhdudiyyətləri müzakirə edəcəklər.
Eyni zamanda, Tramp təsdiqləyib ki, onun Putinlə şəxsi görüşü iki həftə ərzində baş tuta bilər.
"Bunu ruhları xilas etmək üçün edirəm. Bu, bizim üçün deyil - aramızda okean var. Mən bunu Avropaya kömək etmək üçün edirəm. Düşünürəm ki, biz uğur qazanacağıq”, deyə Tramp bildirib.
Macarıstanın baş naziri Viktor Orban da ölkəsinin yaxınlaşan "ABŞ-Rusiya sülh sammitinə” ev sahibliyi etməyə hazırlaşdığını təsdiqləyib.
Alpər
Şərhlər