İdman 19:15 15.11.2023

De Byazi: "Sabah qələbə qazansaq, İsveçə çatmış olacağıq"

"Yalnız futboldan başı çıxmayan əlimizdən gələni etmədiyimizi deyə bilər”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis komandadan gözləntilərini açıqlayıb: "İsveç FİFA reytinqində 23-cü yerdədir, biz isə aşağı pillələrdəyik. Buna baxmayaraq, heç kim deyə bilməz ki, meydançada əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhvlər edirik, bu bizə baha başa gəlir. 5-li qrupda Azərbaycan yığması tarixində ilk dəfədir ki, 4-cü pillədədir. Sabahkı matçda da uğurlu nəticə qazanmağa çalışacağıq”.

O, sabahkı görüşdə qapıda Şahruddin Məhəmmədəliyevin dayanacağını bildirib: "Rəşad Əzizlini də bəyənirəm, gəncdir, gələcəkdə bizə kömək edə bilər”.

Baş məşqçi Azərbaycan millisində olduğu 3 il ərzində çox dəyişikliklər olduğunu söyləyib: "Biz maksimum gücümüzü yox, ondan da artığını edirik. Təbii ki, hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm. Amma rəqibləri də nəzərə almaq lazımdır. Belçika və Avstriyaya qarşı çox yaxşı oynamışıq”.

İtaliyalı çalışdırıcı 27 futbolçuya dəvət göndərməsinin səbəbini də açıqlayıb: "Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə "Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzün 110 faizini meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi də odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.

Baş məşqçi qələbə təqdirində, qrupda 3-cü sırada yer alan İsveçə çatacaqlarını xatırladıb: "Sabah qələbə qazansaq, İsveçə çatmış olacağıq. Bunu reallaşdırmağa çalışacağıq. Ardından qrupdakı son görüş barədə düşünəcəyik”.

De Byazi yığmanın yaxşı hücumçulara malik olduğunu vurğulayıb. O, İsveç çempionatında uzun müddətdir qol vura bilməyən Musa Qurbanlı ilə bağlı sualı da cavablandırıb: "Təkcə hücumçulardan yox, hamıdan qol gözləyirəm. Qol mental məsələdir. Hücumçu yaxın olduğu üçün qol vurmaq şansı çox olur. Yaxşı hücumçularımız çoxdur. Musaya çox ümid bəsləyirik, gənc oyunçudur. Azərbaycandan kənarda yeni təcrübəyə başlayıb. Cərimə meydançası daxilində qol hissiyyatı var. Ümid edirəm ki, sabahdan başlayaraq bu tendensiya artar”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.