Ölkə 14:15 30.05.2023

Deputatdan şəhid valideyinləri və qazilərlə bağlı qəribə təklif

"Təklif edirəm ki, şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təsis edilsin. Şəhid ata və anlarından, ağsaqqal və ağbirçəklərimizdən aldığım onlarla təkliflərdən sonra bu məsələni səsləndirmək qərarına gəldim". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, şəhid analarını boyunlarından asdıqları şəhid övladlarının rəsmi ilə tanımaq olur, şəhid atalarını isə tanımaq olmur:

"Müxtəlif məclislərdə oluruq və irad bildirilir ki, siz niyə gedib şəhid atası ilə görüşmədiniz. Ölkəmizdə minlərlə şəhid ata və anası var və təbii ki, hamısını yadımızda saxlaya bilmirik. Bəzən növbələr olur, şəhid ata və anasına yer verilmir və tələb olunur ki, vəsiqəni göstər. Bunlar xətrə dəyən məsələlərdir". 

Deputat müharibə iştirakçıları, veteranlar üçün də fərqləndirici üst geyim təsis edilməsini təklif edib: 

"Bunu hətta Müdafiə Nazirliyinin də təsis edə biləcəyini düşünürəm. O paltarlar hərbi dükanlarda qoyula bilər ki, lazım olduqda bizim şanlı müharibə iştirakçılarımız və veteranlarımız onu əldə edə bilsinlər. Türkiyədə bu təcrübə var. Müharibə veteranları, iştirakçıları üçün üst yuxarı geyim və hərbi papaq şəklində baş örtüyü var. Üzərində isə "qazi” yazılıb".
 
Qafqaz Rafiqoğlu