XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İşə düzəltmək vədi ilə qohumunun 6800 manatını "yedi"
Ölkə18:51 28.09.2026

İşə düzəltmək vədi ilə qohumunun 6800 manatını "yedi"

Bakı şəhərində uzaq qohumunu Prezidentin İşlər İdarəsində yüksək maaşlı işə düzəldəcəyini vəd edən şəxs bu adla ondan 6800 manat pul alıb.

Qaynarinfo xəbər verir ki, vədinə əməl etməyən şəxs aldığı vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

İş üzrə materiallara əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə Səbail rayonunda yerləşən “İçəri Şəhər” mehmanxanasının yaxınlığında görüşüb. Onun işsiz olduğunu öyrəndikdən sonra özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edən təqsirləndirilən şəxs zərərçəkmişi Prezidentin İşlər İdarəsində yüksək maaşlı işə qəbul etdirə biləcəyinə inandırıb.

Tərəflər pulun bir hissəsinin əvvəlcədən, qalan məbləğin isə işə qəbuldan sonra ödənilməsi barədə razılaşıblar.

Məhkəmədə müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsdən nağd şəkildə 4000 manat, daha sonra isə 1000 manat alıb. Bundan sonra müxtəlif vaxtlarda zərərçəkmiş şəxsin bank kartından təqsirləndirilən şəxsin kart hesabına 600, 200 və 1000 manat olmaqla, ümumilikdə daha 1800 manat köçürülüb. Beləliklə, zərərçəkmiş şəxs ümumilikdə 6800 manat pul verib.

Lakin təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyib. O, aldığı pulu şəxsi ehtiyaclarına xərcləyib.

Məhkəmədə müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş onun uzaq qohumudur və onun işsiz olduğunu bildikdən sonra iş tapmaq məqsədilə ona kömək etmək qərarına gəlib.

Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir dövlət qurumunda işləmədiyini, lakin tanışları vasitəsilə iş düzəldə biləcəyini düşündüyünü deyib. O, zərərçəkmiş şəxsə Prezidentin İşlər İdarəsində işə düzəldə biləcəyini söylədiyini və bu məqsədlə ondan pul aldığını etiraf edib.

Təqsirləndirilən şəxs verdiyi vədə əməl edə bilmədiyini və aldığı vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini bildirib.

Zərərçəkmiş şəxs isə ifadəsində bildirib ki, ona ən gec 2025-ci ilin sentyabrında işə başlayacağı vəd edilib. Lakin həmin müddət keçdikdən sonra da iş məsələsi həll olunmayıb. Pulunu geri tələb etdikdə isə müxtəlif bəhanələrlə vəsait qaytarılmayıb.

Zərərçəkmiş şəxs məhkəmədə şikayətçi olduğunu və dəymiş ziyanın tam ödənilməsini tələb etdiyini bildirib.

Məhkəmənin hökmü ilə müttəhimə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid