Süni intellekt tədricən əmək bazarını dəyişir və bu proses ən çox karyerasının başlanğıcında olan mütəxəssislərə təsir edir. Dallas Federal Ehtiyat Bankının iqtisadçıları müəyyən ediblər ki, tapşırıqlarının əhəmiyyətli hissəsinin avtomatlaşdırılması mümkün olan ixtisasların məzunları əmək fəaliyyətlərinin ilk illərində daha çox çətinliklərlə üzləşirlər.
Qaynarinfo "Evz" nəşrinə istinadən xəbər verir ki, tədqiqatçılar Texas dövlət universitetlərinin məzunlarının təhsili, məşğulluğu və gəlirləri ilə bağlı məlumatları təhlil ediblər. ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsindən sonra müxtəlif ixtisaslar arasındakı fərq daha nəzərəçarpan olub.
Süni intellekt vasitəsilə avtomatlaşdırıla bilən tapşırıqların payı 10 faiz bəndi çox olduqda, məzun olduqdan sonrakı ilk il ərzində iş tapmaq ehtimalı təxminən 1,7 faiz bəndi azalıb. İş tapa bilənlərin isə ilk il ərzində gəliri daha az həssas ixtisasların məzunları ilə müqayisədə təxminən 5 faiz aşağı olub.
Hansı ixtisaslar daha həssas olub?
Avtomatlaşdırmaya daha çox məruz qalan sahələr arasında informatika, kompüter mühəndisliyi, dil ixtisasları, informasiya sistemlərinin idarə edilməsi, eləcə də mətn yazmaqla bağlı istiqamətlər yer alıb.
Bunun səbəbi gələcək işlərin xarakteri ilə bağlıdır. Bu peşələrdəki bir çox tapşırıq artıq generativ süni intellekt alətləri tərəfindən yerinə yetirilə bilir.
Bununla yanaşı, insanlarla birbaşa ünsiyyətin və praktiki fəaliyyətin vacib olduğu sahələrdə süni intellektin təsiri daha aşağı səviyyədə müşahidə olunur. Belə istiqamətlərə tibb və pasiyentlərə qulluq, təhsil, psixologiya, sosial iş, heyvan elmləri və hotel menecmenti daxildir.
2024-cü ildə informatika və mühəndislik ixtisaslarının məzunları arasında işsizlik təxminən 7–8 faiz olduğu halda, tibb və təhsil sahələrində bu göstərici təxminən 1–2 faiz təşkil edib. Xüsusi təhsil ixtisası məzunları arasında isə göstərici cəmi 0,7 faiz olub.

Məzunlar təhsillərini daha çox davam etdirirlər
İşə düzəlmə ilə bağlı çətinliklər gənc mütəxəssisləri təhsil sistemində daha uzun müddət qalmağa məcbur edir. Məsələn, 2024-cü ildə informatika ixtisasını bitirənlərin təxminən üçdə ikisi universiteti başa vurduqdan dərhal sonra təhsillərini davam etdirib.
Məlumata görə, süni intellekt peşə seçiminə də təsir göstərir. Tədqiqata daxil edilən universitetlərdə avtomatlaşdırma səviyyəsinin 10 faiz artması belə ixtisaslarda təhsil alan tələbələrin sayının 4,8 faiz azalması ilə əlaqələndirilib.
Beləliklə, süni intellektin inkişafı artıq yalnız iş proseslərinə deyil, həm də təhsil seçiminə, məzunların işə düzəlməsinə və gənc mütəxəssislərin ilk gəlirlərinə təsir göstərir.
Aydın
Şərhlər