Yaş artdıqca orqanizmdə kollagen istehsalı tədricən azalır. Kollagen isə dərinin, saçların və oynaqların sağlamlığını qoruyan əsas zülallardan biridir. Buna görə də mütəxəssislər kollagen istehsalını qidalanma vasitəsilə dəstəkləməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "VerywellHealth” nəşri yazır. Məqalənin tibbi məzmunu tibb elmləri doktoru Brendon Kemp tərəfindən yoxlanılıb.
Nəşr orqanizmdə kollagenin təbii istehsalını dəstəkləyə və vaxtından əvvəl qocalmanı ləngidə bilən 6 içkini təqdim edib.
Sümük bulyonu
Sümük bulyonu kollagenin etibarlı mənbələrindən biri hesab olunur. Bunun səbəbi kollagenin mal əti, toyuq və balıq kimi heyvan mənşəli məhsullarda olmasıdır. Məqalədə qeyd olunur ki, bir stəkan sümük bulyonu təxminən 4 qram kollagen təmin edə bilər.
"International Journal of Sport Nutrition and Exercise Metabolism” jurnalında dərc edilən araşdırmaya görə isə müxtəlif növ bulyonlarda (mal əti, toyuq, hinduşka və ya balıq) kollagenin miqdarı fərqli ola bilər.
Süd
Süd məhsullarının özündə kollagen olmasa da, onlar tam zülal mənbəyidir. Orqanizm bu zülalların tərkibindəki amin turşularından kollagen istehsal etmək üçün istifadə edə bilər.
"Molecular Sciences” jurnalında dərc olunan araşdırmaya görə, süddə olan prolin və qlisin amin turşuları kollagen istehsalını stimullaşdırır, dərinin elastikliyini artırır və oynaqları dəstəkləyir.
Soya südü
Soya südü süd məhsullarını qəbul etməyən insanlar üçün kollagen istehsalını dəstəkləyən yaxşı alternativ hesab olunur. Soya tam zülal mənbəyidir və izoflavonlar ehtiva edir. Alimlərin fikrincə, bu maddələr kollagen sintezini stimullaşdıra bilər.
"Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, soya südündəki izoflavonlar kollagen istehsalını artırır, günəş şüalarının təsirindən yaranan dəri qocalmasını ləngidir və menopauza dövründə olan qadınlarda dərinin nəmliliyini yaxşılaşdırır.
Yaşıl yarpaqlı tərəvəz şirəsi
Məqalədə bildirilir ki, yarpaqlı yaşıl tərəvəzlər C vitamini, amin turşuları və zülalla zəngindir. Bu maddələr orqanizmdə kollagen istehsalını dəstəkləyə bilər.
Mütəxəssislər ispanaq, kale kələmi, manqold və ya digər yarpaqlı tərəvəzlərdən hazırlanan şirələri tövsiyə edirlər. Lakin qeyd olunur ki, şirə sıxma prosesi bəzi qida maddələrinin itirilməsinə səbəb ola bilər.
Araşdırmalar göstərir ki, yaşıl tərəvəzlər dərinin qocalmasını ləngidə və toxumaların bərpasını sürətləndirə bilər.
Sitrus şirələri
C vitamini və antioksidantlarla zəngin sitrus şirələri də kollagen istehsalını stimullaşdıra bilər.
Heyvanlar üzərində aparılan bəzi tədqiqatlar göstərir ki, sitrus əsaslı şirələr orqanizmdə qocalma əleyhinə təsir göstərə, qırışların azalmasına və kollagen miqdarının artmasına kömək edə bilər. Bununla belə, bu təsiri tam təsdiqləmək üçün insanlar üzərində əlavə araşdırmalara ehtiyac olduğu bildirilir.
Giləmeyvə smuziləri
Çiyələk, böyürtkən və moruq kimi bir çox giləmeyvə növü yüksək miqdarda C vitamini ehtiva edir. Bu səbəbdən onlardan hazırlanan smuzilər kollagen istehsalını dəstəkləyə bilər.
Bəzi araşdırmalar göstərir ki, giləmeyvələr müntəzəm istifadə olunduqda dəridə yaraların sağalmasına kömək edə və kollagen yaranmasını yaxşılaşdıra bilər.
Kollagen istehsalını necə dəstəkləmək olar?
Mütəxəssislərin sözlərinə görə, kollagen istehsalını dəstəkləyən qidalar qəbul etmək dərinin, saçların və oynaqların sağlamlığını qorumağa kömək edir. Bununla yanaşı, həyat tərzi də mühüm rol oynayır.
Bunun üçün aşağıdakı tövsiyələrə əməl etmək məsləhətdir:
* balanslı və zülalla zəngin qidalanmaq, əlavə şəkərdən uzaq durmaq
* kifayət qədər yatmaq
* stressi idarə etmək
* siqaret və spirt kimi zərərli vərdişlərdən çəkinmək
* dərini günəş şüalarının zərərli təsirindən qorumaq
Həmçinin mütəxəssislər kollagen əlavələrini qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edirlər.
Aydın
Şərhlər