Xəbər lenti

Dəyəri 500 milyon dollardır: Toyunda taxdığı tac iki gəlininə də qismət olmayacaq
Dünya 14:11 07.06.2026

Dəyəri 500 milyon dollardır: Toyunda taxdığı tac iki gəlininə də qismət olmayacaq

1997-ci ildə Parisdə baş verən avtomobil qəzasında 36 yaşında həyatını itirən Britaniya şahzadəsi Diana 1981-ci il 29 iyul tarixində o dövrün şahzadəsi, hazırda Kral III Çarlz ilə evləndiyi gün Spencer tacını taxmışdı.

Qayanrinfo xəbər verir ki, brilyantlarla bəzədilmiş bu tac Diananın ikonik ipək gəlinlik libası və 7,6 metrlik uzun quyruğu ilə birlikdə müasir krallıq tarixinin ən yadda qalan görüntülərindən birini yaradıb. Lakin Diana ilə sıx şəkildə assosiasiya olunsa da, bu tac Britaniya krallıq ailəsinə məxsus deyil və Spencer ailəsinin mülkiyyətində qalır.

Bu səbəbdən, krallıq ailəsinə evliliklə daxil olan Keyt Middleton və Meqan Markl kimi iki məşhur şəxs Diananın bu məşhur tacını nə miras ala, nə də istifadə edə biləcək.

Diana bu tacı toyundan əvvəl də Spencer ailəsinin dəyərli mirası kimi qəbul edirdi. Daha öncə onun bacıları Ledi Ceyn Felloves və Ledi Sara MakKorquodeyl də öz toy günlərində bu tacı taxmışdılar.



Krallıq mənbələri bildirir ki, Spencer tacının Diana ilə şöhrət qazanması onun krallıq kolleksiyasına aid olduğu barədə yanlış təsəvvür yaradıb. Əslində isə bu tac həmişə Spencer ailəsinin mülkiyyətində olub və gələcəyi ilə bağlı qərarlar da yalnız ailəyə aiddir.

Bu tacın Spencer ailəsinin nəsillər boyu davam edən tarixini simvolizə etdiyi, buna görə də evlilik yolu ilə krallıq ailəsinə keçməsinin heç vaxt gündəmdə olmadığı qeyd edilir.

Meqan Marklın 2018-ci ildə şahzadə Harri ilə evlənərkən bu tacı taxacağı barədə iddialar yayılsa da, bu məlumatlar təsdiqlənməyib. O, bunun əvəzinə kraliça Merinin almazlı tacını seçmişdi. Keyt Middleton isə 2011-ci ildə şahzadə Uilyamla toyunda Kraliça II Elizabetə məxsus Cartier Halo tacını taxmışdı.



Spencer tacının dəyərinin 500 milyon dollardan çox olduğu təxmin edilir. Bu nadir zinət əşyası 1937-ci ildə 7-ci Earl Spencerin həyat yoldaşı Sintiya Spencer üçün hazırlanıb və 19-cu əsrə aid brilyant bəzəklərdən istifadə olunaraq formalaşdırılıb.

Sintiyanın vəfatından sonra tac onun oğlu, 8-ci Earl Spencerə, daha sonra isə şahzadə Diananın atası Con Spenserə keçib. Diananın vəfatından sonra isə mülkiyyət onun qardaşı, hazırkı 9-cu Earl Spencer Çarlz Spenserə ötürülüb.



Ailə qaydalarına əsasən, tac Spencer soy xətti üzrə qalmaqda davam edəcək və son olaraq Altorp vikontu Lui Spenserə çatacaq.

Şahzadə Diana krallığa daxil olmadan əvvəl də Britaniya aristokratiyasının nüfuzlu ailələrindən birinə mənsub idi. Spencer nəsli XV əsrə qədər uzanır və tarixən Britaniya siyasətində, ordusunda və saray həyatında mühüm rol oynayıb. Diana doğulduğu gündən "Lady Diana Spencer” titulunu daşıyırdı.

Spencer ailəsinin köklərinin Stüart sülaləsinə qədər uzandığı, hətta Uinston Çörçillin də bu nəsildən uzaq qohum olduğu bildirilir.

Aydın

--> -->