Ölkə 15:50 04.12.2023

Dürdanə Əliyeva hökmdən narazıdır

Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyeva barəsindəki hökmdən narazı qalıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı xanım müttəhimin vəkili Rövşən Mərəndskiy ittihamedici apellyasiya şikayəti verib.

Vəkil hesab edir ki, müvəkkilinə qarşı irəli sürülmüş ittihamlar birinci instansiya məhkəməsində kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmayıb: "Bakı Slavyan Universiteti hələ də təhsil ödənişləri mənimsənildiyi iddia olunan 123 nəfərin müqavilələrini bizə təqdim etməyib. Belə olan halda biz onların təhsil haqqı məbləğini və həmin universitetdə oxumaqlarını bilmirik. Bəlkə həmin 123 nəfər tələbə deyil?.. Bizə konkret sübutlar lazımdır”.

Müdafiəçi D.Əliyeva barəsindəki 6 il azadlıqdan məhrum etmə cəzasınının ləğv edilməsini, bəraət qərarı çıxarılmasını xahiş edib.

Xatırladaq ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Ətraflı

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib.

D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda Dürdanə Əliyevanı ittiham edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.