Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bir sıra mühim mesajlar verib. Dövlət başçısı gələn il maaşların artırılması ilə bağlı göstəriş verildiyini bildirib:
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın".
İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, gələn ildən minumum əmək haqqının artması özəl sektorda çalışanlara da aiddir:
"Özəl sektorda əmək haqqlarının artması üçün rəqabətlik artmalıdır. Həmçinin gəlirlər də artmalıdır. Daha çox pul qazanmalıdırlar ki, əmək haqları artsın. Bunun üçün də itisadi aktivliyin artmasına şərait yaradılmalıdır".

Natiq Cəfərli xatırladıb ki, özəl sektorda çalışanlara minumum əmək haqqından aşağı maaş vermək olmaz:
"Qanun bunu qadağan edir. Ümumi əmək haqqı artımını özəl sektora dövlət qərarı ilə tətbiq etmək mümkün deyil".
Deputat Vüqar Bayramov da Prezidentin fikirlərinə münasibət açıqlayıb. Millət vəkili bildirib ki, İlham Əliyev gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını bəyan edib:
"Bu növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir. Azərbaycanda minimum əmək haqqı artımları artıq mütəmadi xarakter alacaq. Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur.

Gələn il yanvarından bütün növ əmək pensiyaların da indeksləşdirilərək artırılması nəzərdə tutulur. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq.
2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu yeni sosial paketin anonsudur".
Bahar Rüstəmli
Şərhlər