Xəbər lenti

Elə təəssürat yaranır ki, bizdə ərazilərin qaytarılması üçün strateji plan yoxdur - Mixaylova
Dünya 21:50 15.09.2025

Elə təəssürat yaranır ki, bizdə ərazilərin qaytarılması üçün strateji plan yoxdur - Mixaylova

Ərazilərin necə geri qaytarılması və qorunub saxlanılması ilə bağlı strateji plan və ümumi baxış çatışmır.

Qaynarinfo xəbər verir ki, "Volfi Da Vinçi" batalyonunun "Ulf" tibb xidmətinin rəisi, Kiyev şəhər şurasının deputatı və ictimai xadim Alina Mixaylova "Ukrainska Pravda"ya müsahibəsində bildirib

O, cəbhənin niyə bu qədər sürətlə Dnepr istiqamətində irəlilədiyi sualına cavabında deyib: "Elə bil, hansısa anda hər şey səhv getdi və indi domino effekti kimi dağılır".

"Elə təsəvvür yaranır ki, bizdə ümumiyyətlə strateji plan yoxdur. Məsələn, mən Kramatorska magistral yol ilə gedirdim, orada artıq FPV dronlarından qorunmaq üçün torlu dirəklər quraşdırılıb. Mən Mejovoye şəhər rəhbərliyinə müraciət etdim ki, bizə də belə torlar verin, heç olmasa yaralıları çıxarmaq üçün koridor təşkil edək. Bu, az da olsa, qoruma təmin edəcəkdi. Ancaq indiyə qədər həmin koridor yoxdur", – deyə Mixaylova vurğulayıb.

Onun sözlərinə görə, artıq Mejovoyeyə "nə brontexnikasız, nə də radioelektron mübarizə vasitələri olmadan daxil olmaq mümkün deyil". "Sən 100 faiz hədəf №1 olacaqsan. Hələ də torlar üçün dayaqlar yoxdur. Halbuki onlar şəhərə FPV dronları rahatlıqla daxil olmamışdan əvvəl quraşdırılmalı idi", – Mixaylova izah edib.

O əlavə edib ki, bir il ərzində onların bölməsi səkkiz yaşayış məntəqəsini dəyişib, onlardan altısı artıq işğal olunub. Söhbət yalnız stabilləşdirmə məntəqəsindən gedir, mövqelərin dəyişməsindən yox.

"Və məsələ mövqelərin dəyişməsində deyil. Biz hazırlıqsız mövqelərə geri çəkilirik. Həmin mövqeləri saxlamağa borclu olan piyada özü üçün xəndək qazmalı olur, halbuki o vaxt artıq bütün silahlardan atəş açılır. Döyüşə belə girməmiş insanlar yaralanır. Sual budur: niyə biz Krasnoqorovkadan geri çəkiləndə heç bir şey hazırlanmayıb, niyə "heçliyə” geri çəkildik?" – deyə o bildirib.

Mixaylovanın sözlərinə görə, onların bölməsi Novoselidovo, Selidovo, Ukrainsk, daha sonra isə Kuraxovoya doğru geri çəkilib: "Biz heçliyə doğru gedirdik. Belə şəraitdə bu müharibəni necə udmaq, yaxud heç olmasa, mövqelərdə necə qalmaq olar?" – deyə o əlavə edib.

Bundan başqa, "Ruslar Donbası işğal etsələr, orada dayanacaqlar" fikrinə münasibət bildirən Mixaylova qeyd edib ki, bu, həqiqətən belədir, çünki Donetsk vilayətindən sonra geri çəkilməyə yer yoxdur.

"Amma rusların marağı yalnız Donetsk vilayəti deyil. Bu, onların sadəcə ərazi iddiası məsələsi deyil. Onlar maksimum çox ərazi ələ keçirməyə çalışırlar. Biz bunu görürük, çünki artıq Dnepropetrovsk vilayətindəyik. Bəzi yaşayış məntəqələrinə ümumiyyətlə daxil olmaq mümkün deyil, mülki əhalinin evakuasiyası könüllülər vasitəsilə aparılır. Sonrakı hədəf artıq Pavloqrada, hətta Dneprə də çata bilər..." – deyə Mixaylova vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Pulitzer mükafatı laureatı, tarixçi Enn Epplbaum, Avropa Parlamenti deputatı Mihael Qaler və ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst bildiriblər ki, müharibə yalnız Kremlin Ukraynanı işğal edə və məğlub edə bilməyəcəyini dərk etdiyi vaxt bitəcək.

Xüsusilə Herbstin fikrincə, Rusiya prezidenti Vladimir Putin hələ də Ukraynanın böyük ərazilərini işğal etməyə çalışır, ABŞ administrasiyasının Kremlə sülh sazişi üçün verdiyi güzəştlər isə əksinə, onu müharibəni davam etdirməyə daha da həvəsləndirir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->