Xəbər lenti

Dünya 12:40 22.04.2024

Ərdoğan HƏMAS liderinə hansı mesajı çatdırdı? (ŞƏRH)

"Türkiyə Yaxın Şərqdə bir çox problemin həllində əsas oyunçu olmağa çalışır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşünü şərh edərkən deyib.
 
Azər Hüseynov bildirib ki, Ankara Qafqazda mühüm rol oynadığı kimi, digər bölgələrdə də fəallıq göstərmək istəyir:
 


"Ərdoğanın şəxsi nüfuzu da önəmli şəkildə buna imkan verir. İsrailə qarşı kəskin ifadələri ərəb dünyasında onun nüfuzunu artırdı. Ancaq son İsrail-Fələstin münaqişəsində 30 min dinc fələstinlinin, minlərlə uşaq və qadının ölümü bu nüfuza bir qədər mənfi təsir edib. Ərəb dünyasından "Rəis nə zaman hərəkətə keçəcək?" sualları səslənməyə başladı. Belə bir məqamda Ərdoğanın İsmail Haniyə ilə görüşü nüfuz qazanmaq baxımından vacibdir. Ailə üzvlərini bu yaxınlarda itirmiş İsmail Haniyənin öz xalqı arasında nüfuzu çoxdur. Ərdoğanla görüş Haniyəyə "biz tək deyilik" mesajı və motivasiyası vermək üçün lazımdır". 

Ekspertə görə, İranın İsraili vurması da Türkiyəni hərəkətə keçirən amillərdəndir:

"Belə ki, bu həm də nüfuz rəqabətidir. Türkiyədə müəyyən dairələr bununla İranın nüfuzunun artacağından narahatdır. Lakin bir şeyi bilmək  lazımdır, Türkiyə və Ərdoğan daha çox HƏMAS siyasi qanadına yaxındır. İran isə hərbi assimetrik oyunçuların real tərəfdaşıdır. Yəni, siyasi oyun alanları fərqlidir, ancaq bir-birilə əlaqəlidir".

Bu mənada, həmsöhbətimiz düşünür ki, Ərdoğan Haniyə görüşü ideoloji, siyasi və diplomatik, motivasiya və nüfuz baxımından önəm kəsb edib: 

"Fəqət həmin görüşün hərbi baxımdan nəyisə dəyişəcəyini az ehtimal edirəm. Çünki HƏMAS-ın  hərbi və siyasi qanadı bir çox məsələdə eyni düşünmür".

Qeyd edək ki, ötən həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. Məlumata əsasən, görüşdə İsrailin Fələstin torpaqlarına, xüsusilə də Qəzza zolağına hücumları, Fələstin anklavına humanitar yardımın adekvat və fasiləsiz çatdırılmasını təmin etmək üçün atılan addımlar, eləcə də bölgədə ədalətli və davamlı sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib. Görüş zamanı Ərdoğan Türkiyənin beynəlxalq diqqəti fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirdiyini bildirib. O qeyd edib ki, regional sülhün  açarı olan müstəqil Fələstin dövlətinin yaradılması və bölgədə daimi sülhün bərqərar olması üçün hər cür səy göstərilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->