ABŞ Hərbi Hava Qüvvələrinin pilotu bu il Yaxın Şərqdəki tapşırıq zamanı 15 dəqiqə davam edən düşmən raket atəşindən sağ çıxıb. O, döyüş başlıqları təyyarəsindən cəmi bir neçə metr aralıda partlayarkən, F-16 qırıcısı ilə yüksək yüklənməli (G-force) ekstremal manevrlər yerinə yetirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider”
yazır.
Söhbət döyüşdə göstərilən şücaətə görə ABŞ-ın üçüncü ən yüksək mükafatı olan "Gümüş Ulduz” ordeni ilə təltif edilən podpolkovnik Uilyam Parksdən gedir.
"27 martda həyata keçirilən missiya ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında baş tutub. Bu zona Yaxın Şərqi əhatə edir, lakin konkret yer göstərilməyib. Lakin vaxt uyğunluğu Yəməndə bir neçə həftə davam edən Rough Rider əməliyyatı – husilərə qarşı bombardman kampaniyası ilə üst-üstə düşür”, – deyə BI qeyd edir.
Həmin vaxt Parks missiyanın komandiri olub. O, 21 zərbə təyyarəsindən və düşmənin HHM sistemlərini sıradan çıxaran dörd F-16 qırıcısından ibarət qrupa rəhbərlik edib.
SEAD tipli tapşırıqlar radarların və zenit-raket komplekslərinin məhv edilməsinə yönəlib ki, bu da dost təyyarələrin manevr imkanlarını genişləndirir. Xüsusilə bütün Qırmızı dəniz əməliyyatları boyunca ABŞ ordusu husilərin hava hücumundan müdafiə sistemlərini hədəfə almışdı.
Tapşırıq zamanı Parks "qəsdən özünü” düşmənin hava hücumundan müdafiə vasitələrinin fəaliyyət zonasına yerləşdirib. Bu addım ABŞ təyyarələrinin ballistik raket istehsalı obyektlərini məhv etməsinə şərait yaradıb.
Daha sonra Parksın qırıcısı 15 dəqiqə davam edən "yer–hava” raketlərinin və zenit artilleriyasının intensiv atəşinə tuş gəlib. O, yüksək G-yüklənməli manevrlər yerinə yetirərək və qarşı-tədbirlər tətbiq edərək, partlayışların bir neçə metrlik məsafədə baş verməsinə baxmayaraq, sağ qalmağı bacarıb.
"F-16 təyyarəsi sürətlənmə və dönüş zamanı 9 G-yə qədər yüklənməyə tab gətirə bilir. İnsan orqanizmi adətən qısa müddətdə 4–5 G dözür; xüsusi hazırlqlı pilotlar daha yüksək göstəricilərə tab gətirə bilər. Lakin hətta təcrübəli pilot üçün belə bu yüklənmələr uzun müddət davam etdikdə huşunu itirmə riski yaradır. Parksın həmin gün neçə G-yə dözdüyü isə məlum deyil”, – BI yazır.
Təhlükə bununla bitməyib. Parks, yanacağı minimal səviyyədən aşağı düşmüş vəziyyətdə və hələ də düşmən ərazisində olarkən, iki ayrı yanacaq tankerinin təcili toplanma nöqtəsini koordinasiya edib və beləliklə həm öz təyyarəsini, həm də yanacaq çatışmazlığı səbəbindən itirilə biləcək digər iki təyyarəni xilas edib.
"Onun cəsarətli və qətiyyətli hərəkətləri həm özünün, həm də qanad yoldaşının sağ qalmasına birbaşa təsir edib”, – deyə 480-ci Ekspedisiya Qırıcı Eskadrilyasının keçmiş komandiri haqqında mükafat sənədində bildirilir.
Parkın rəhbərlik etdiyi eskadrilya ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatı zamanı səkkiz aylıq xidmət müddətində rekord sayda – 109 düşmən dronu və yerüstü buraxılan qanadlı raketi məhv edib.
ABŞ Hava Qüvvələri həmçinin bildirib ki, Parks ucuz lazerlə idarə olunan raketlərdən və köhnə AIM-9M "hava–hava” raketlərindən innovativ şəkildə istifadə edərək düşmən hədəflərini vurub. Bunun sayəsində ABŞ 25 milyon dollardan çox sursat vəsaiti qənaət edib.
BI qeyd edir ki, bu hadisə son 30 ildə AIM-9M Sidewinder supersonik raketinin döyüş şəraitində uğurla tətbiq edildiyi ilk haldır. Söhbət 1950-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən hazırlanan raketdən gedir.
"Gümüş Ulduz” çox nadir hallarda verilir. Hərbi Hava Qüvvələrinin tarixində bu mükafata layiq görülənlərin sayı 100-dən azdır”, – deyə Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Ken Vilsbax təltif mərasimində bildirib.
Ümumilikdə, Hava Qüvvələri Parksın bir aviadaşıyıcını – USS Harry S. Truman-ı təhlükədən qoruyan 6 hədəfi və onun F-16-sına yönəlmiş beş "yer–hava” raketini məhv etdiyini təsdiqləyib.
Pilotun ailəsində bir neçə nəsildir ki, hərbi aviasiya təmsilçiləri var. Parks "Gümüş Ulduz”u "inanılmaz bir mükafat” adlandırıb və bunun onun üçün çox böyük əhəmiyyət daşıdığını söyləyib.
"Aviasiya və bizim ailədə olan bütün bu ənənələr məni formalaşdırdı, məni bu gün olduğum insan etdi”, – deyə o bildirib.
Alpər
Şərhlər