Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin yeni və daha yüksək mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Səfərin ən mühüm siyasi nəticəsi “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu tarixi sənəd iki qardaş ölkə arasında mövcud strateji tərəfdaşlığın gələcək nəsillərə hesablanmış siyasi-hüquqi təminatıdır.
Bu sözləri siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
F.Şahbazlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanla münasibətlərə xüsusi diqqəti və Prezident Şavkat Mirziyoyevlə qurduğu yüksək səviyyəli siyasi dialoq bugünkü strateji nəticələrin formalaşmasında mühüm rol oynayıb:
“İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri Azərbaycanın dost və qardaş dövlətlərlə münasibətlərini yalnız diplomatik əlaqələr səviyyəsində saxlamaması, onları konkret layihələr və qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlığa çevirməsidir. Azərbaycan–Özbəkistan münasibətləri bunun ən uğurlu nümunələrindən biridir”.
Onun sözlərinə görə, “Əbədi dostluq haqqında Müqavilə” sadəcə iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini ifadə edən sənəd deyil:
“Bu müqavilə Azərbaycan və Özbəkistanın bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmətini, uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimad prinsipini təsdiqləyir. Ən əsası isə bu sənəd iki xalq arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətlərini dövlətlərarası münasibətlərin möhkəm siyasi-hüquqi təməli üzərində gələcəyə daşıyır”.
F.Şahbazlı qeyd edib ki, Prezident İlham Əliyevin səfər zamanı Özbəkistanın yüksək dövlət mükafatına – “Dostluq” ordeninə layiq görülməsi də Azərbaycan Prezidentinin iki ölkə arasındakı münasibətlərin inkişafındakı şəxsi roluna verilən yüksək qiymətdir.
“Bu təltif həm də İlham Əliyevin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına verdiyi siyasi töhfənin Özbəkistan tərəfindən necə yüksək qiymətləndirildiyini göstərir. Liderlər arasında qarşılıqlı etimad dövlətlərarası münasibətlərin dayanıqlılığını gücləndirən mühüm amildir”, – deyə siyasi şərhçi vurğulayıb.
F.Şahbazlı bildirib ki, bu qarşılıqlı ehtiram yalnız Prezident İlham Əliyevin Özbəkistanda təltif olunması ilə məhdudlaşmır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeninə layiq görülməsi də iki ölkə liderləri arasında yüksək siyasi etimadın və Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına verilən qarşılıqlı qiymətin mühüm göstəricisidir.
“Prezident İlham Əliyevin ‘Dostluq’ ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə ‘Heydər Əliyev’ ordeni ilə təltif olunması simvolik baxımdan da böyük məna daşıyır. Bu, iki liderin münasibətlərin möhkəmlənməsindəki rolunun qarşılıqlı şəkildə yüksək qiymətləndirilməsidir.
Burada Heydər Əliyevin siyasi irsinin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafındakı rolu ilə İlham Əliyevin bu münasibətləri yeni strateji mərhələyə daşıması arasında mühüm siyasi varislik xətti də görünür”.
Siyasi şərhçinin fikrincə, səfərin əhəmiyyəti yalnız siyasi sənədlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan arasında iqtisadi, investisiya, nəqliyyat, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi Bakı–Daşkənd əlaqələrini daha da praktik və çoxşaxəli edir.
“Azərbaycan və Özbəkistanın əməkdaşlığı eyni zamanda Türk dünyasının güclənməsinə xidmət edir. Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən mühüm nəqliyyat və geoiqtisadi mərkəzə, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən birinə çevrilir. Bu iki ölkənin daha sıx əməkdaşlığı Türk dünyasının iqtisadi və siyasi imkanlarını əhəmiyyətli dərəcədə artırır”.
F.Şahbazlı hesab edir ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan diplomatiyasının regional və beynəlxalq müstəvidə artan çəkisini də nümayiş etdirir:
“Bu, sadəcə bir dövlət səfəri deyil. Bu səfər nəticəsində imzalanan ‘Əbədi dostluq haqqında Müqavilə’ Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni mərhələsinin siyasi manifestinə çevrilib. İlham Əliyevin liderliyi ilə Azərbaycan bu münasibətlərin dərinləşməsində və Türk dünyasının birliyinin möhkəmləndirilməsində bundan sonra da mühüm rol oynayacaq”.
Fərid Sahbazlı
Siyasi Şərhçi
Şərhlər