Xəbər lenti

İddialı keşişlə iddialı siyasinin savaşı, yoxsa...?
Hüseynbala Səlimov
Dünya10:20 12.10.2026

İddialı keşişlə iddialı siyasinin savaşı, yoxsa...?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paşinyan barədə qəti fikir deyə bilmərəm, çünki proseslər hələ gedir, davam edir. Amma deyəsən, erməni kilsəsi baş nazirlə bacarmadı.

Sanki məsələ artıq bir ölkənin sərhədlərindən çıxıb. Belə ki, ötən həftə ABŞ Dövlət Departamentinin din məsələləri ilə məşğul olan məmurunun – Pola Uayt-Keynin İrəvana səfər etdiyi deyildi. Düşünürük ki, bu səfər hər halda Ermənistan üçün faydasız olmaz, İrəvana sekulyar, yəni dünyəvi dövlət və cəmiyyət qurmaqda yardımçı olar.

Qonşu ölkədə din-dövlət münasibətləri gec-tez gündəmə gəlməli idi. Birincisi, ona görə ki, əsrlər boyu kilsə ermənilər üçün dövləti əvəz edib. Artıq buna ehtiyac yoxdur. Kilsə bəzi qeyri-formal funksiyalarını dövlətə ötürməlidir. İkincisi, erməni kilsəsi də Sovetin köynəyindən çıxıb və sual yaranır: illər ərzində o, nə qədər dəyişib? “KQB şinelini” kənara ata bilibmi?

Bunu ona görə deyirik ki, o vaxt bütün qurumlar kimi din institutları da hökumətlə, KQB ilə əməkdaşlıq etməyə məcbur idilər. Yenidənqurma vaxtı yazırdılar ki, hələ 20-ci illərdə Sovetlər kilsənin onurğa sütununu qıra bilmiş, onu özünə tabe etmişdi. Səhv etmirəmsə, yaddaşım məni aldatmırsa, o vaxt Tixon adlı bir adam olub, bəli, Rusiya patriarxı. Bu adam Sovetlərə baş əyməyən sonuncu patriarx olub...

Əslində, Sovetlər gələndə, məsələn, dünya pravoslav kilsəsində də parçalanma olmalı idi. Amma olmuşdumu? Doğrusu, bilmirik. Onu bilirik ki, pravoslav kilsəsinin coğrafiyası hətta Sovetlərdən böyük idi.

KQB-DTK ilə əməkdaşlığa gəlincə, onda bir dissident keşiş vardı – Qleb Yakunin. Adam on ildən çox həbsdə olmuşdu. Bir müsahibəsində demişdi ki, ən azı yüksək çinli din xadimlərinin DTK-KQB ilə əməkdaşlıq etməməsi mümkün deyildi.

Bir dəfə təsadüfən polyak jurnalisti A. Mixnikin Aleksey Navalnı haqqında fikirlərini oxudum. Navalnı ona pravoslav kilsəsi haqqında deyibmiş ki, bu, KQB-DTK-nın din üzrə idarəsidir! Təsəvvür edirsinizmi?

Elə Erməni kilsəsinə də aiddir bunlar. Həm də onun da coğrafiyası Ermənistandan böyük olmalıdır. Ermənilər harada yaşamırlar? Amma Sovetlər vaxtı bu, hansısa ideoloji parçalanmaya gətirib çıxarmışdımı? Doğrusu, bilmirik.

Bütün erməni təsisatları kimi din institutları da daim rus-sovet strukturlarının təsiri və nəzarəti altında olublar. Ona görə də Paşinyanın tələbi düzgündür: erməni kilsəsi tamamilə yenidən qurulmalı, bütün erməniləri əhatə etməli, müasir tələblərə cavab verməlidir. Amma hiss olunur ki, Qaragen getmək istəmir, halbuki o, artıq heç bir dövlət tədbirinə dəvət olunmur. Erməni cəmiyyəti nə düşünür?

Birincisi, keşiş Baqrat Qalstanyanın “etiraz”ları bunu göstərdi: ona dəstək verilmədi.

İkincisi, son seçkiləri də Paşinyan uddu. Halbuki insanlar, cəmiyyət kilsəyə dəstək olsaydı, hər şey tam əksinə olmalı idi: qutulardan revanşistlərin və rusiyapərəstlərin adı çıxmalı idi, amma olmadı.

Bütün hallarda, problem var və o, həllini tapmalıdır – kilsə yerini bilməli və yeni insanlardan təşkil olunmalıdır.

Ermənistan üçün bu, xüsusi önəm kəsb edir. Ölkə indi-indi suveren olmağa başlayır. Bunu təkcə kənar müşahidəçilər demir, Ermənistanın hakimiyyəti özü belə buyurur. Hiss olunur ki, erməni rəhbərliyinə müəyyən vədlər verilib. Əks təqdirdə, Paşinyan “Ermənistan yeni Ukrayna olacaq” deyənlərə birbaşa ironiya ilə “Ermənistan yeni Rusiya olmayacaq” deyə bilməzdi. Belə bir vəziyyətdə kilsə müstəsna rol oynaya bilərdi. Amma onlara Ermənistanın daha müstəqil, suveren, öz taleyini həll edən dövlət olması yox, mifik “böyük Ermənistan” sevdası ilə qovrulan oyuncaq ölkə olması lazımdır. Odur ki, hətta indi də olmasa, nə vaxtsa ermənilərin öz kilsələri ilə qovğası vacib olacaq. Əlbəttə, o vaxta qədər kilsə dəyişməsə...

Hüseynbala Səlimov