XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bir boğazın taleyi və yaxud Yəməndən başlayan qlobal hesab
Azər Rəşidoğlu
Dünya14:13 06.10.2026

Bir boğazın taleyi və yaxud Yəməndən başlayan qlobal hesab

14 fevral 1945-ci il. İkinci Dünya müharibəsi hələ başa çatmayıb. Avropada Hitler ordusunun son müqaviməti davam edir, Sakit okeanda Yaponiya ilə savaş gedir. Amma dünyanın müharibədən sonrakı nizamının əsas konturları artıq başqa bir yerdə cızılır.

Misirdə, Süveyş kanalının yaxınlığında ABŞ prezidenti Franklin Ruzvelt “USS Quincy” kreyserinin göyərtəsində Səudiyyə Ərəbistanının kralı Əbdüləziz ibn Səudla görüşür. Görüşün görünməyən fonunda isə ABŞ-ın Yaxın Şərqə artan marağı, enerji resursları və regionun gələcək təhlükəsizliyi dayanırdı.

O xəritədə bu gün Yəmən böhranının əsas aktorlarından biri olan husilər yoxdur. İranın indiki regional şəbəkəsi də yoxdur. Amma neft var və neftin dünya bazarlarına çıxarılacağı yollar göstərilir. Həmin görüş sonrakı onilliklərdə Vaşinqtonla Ər-Riyad münasibətlərinin simvoluna çevriləcəkdi.

Səksən ildən sonra isə həmin münasibətə başqa bir xəritədən baxmaq lazım gəlir. Bu dəfə xəritənin mərkəzində Bab əl-Məndəb dayanır. Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu dar boğaz Asiya ilə Avropanı bağlayan qlobal ticarət sisteminin əsas keçidlərindəndir. Burada təhlükəsizlik pozulanda problem Yəmənin sərhədlərində qalmır. Gəmi marşrutları dəyişir, sığorta xərcləri artır, daşınma bahalaşır, enerji bazarı təzyiq altında qalır.

Bir neçə raket belə qlobal iqtisadiyyatın hesablamasını dəyişə bilir. Səudiyyə Ərəbistanı bunu xüsusilə yaxşı anlayır. Ər-Riyad üçün Yəmən sadəcə qonşu ölkə deyil. Söhbət enerji ixracının təhlükəsizliyindən, Qırmızı dəniz marşrutlarının açıq qalmasından və ölkənin gələcəyindən gedir.

Ər-Riyad ölkəni neftdən asılı vəziyyətdən çıxarıb yeni iqtisadiyyat qurmaq istəyir. Bunun üçün isə ölkəyə turist, investor və böyük kapital lazımdır. Bütün bunların bir şərti var - sabitlik.

Gəmilərin təhlükəsiz üzmədiyi regionda iqtisadi transformasiya qurmaq çətindir. Husilərin gücü də məhz burada üzə çıxır. Onların Səudiyyəni hərbi baxımdan məğlub etməsi vacib deyil. Sadəcə Ər-Riyad üçün təhlükəsizlik hesabını bahalaşdırmaları kifayətdir.

Müasir asimmetrik müharibənin əsas məntiqi budur ki, zəif tərəf güclünü məğlub etmədən də onu öz şərtləri ilə düşünməyə məcbur edə bilər. Bir gəminin marşrutunu dəyişmək bəzən hərbi obyektə zərbədən daha böyük iqtisadi nəticə yaradır.

Husilərin İranla əlaqəsi danılmazdır.Tehran onlara siyasi, hərbi və texnoloji dəstək verir. Amma onları yalnız İranın əmrlərini yerinə yetirən qüvvə kimi təqdim etmək də reallığı sadələşdirməkdir. Husilərin öz yerli dayaqları, siyasi məqsədləri və Yəmən daxilində hakimiyyət hesabları var.

İranın hesabı isə daha genişdir. Bab əl-Məndəb Qırmızı dənizin qapısıdır. Hörmüz boğazı isə Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən strateji keçiddir. Bu iki nöqtədə eyni vaxtda təhlükə yaranması enerji və dünya ticarəti üçün tamamilə başqa miqyasda risk deməkdir.

Deməli, məsələ artıq yalnız Yəmən deyil. Sual Vaşinqtonla Ər-Riyad arasındakı münasibətin özünə gedib çıxır- Səudiyyə Birləşmiş Ştatların alətidir? Bu fikir tamamilə əsassız deyil. Amma həqiqətin yalnız bir hissəsidir. ABŞ uzun illər ərzində Səudiyyənin təhlükəsizlik sisteminin əsas dayağı olub. Söhbət yalnız silah satışından getmir. Hərbi aviasiya, hava hücumundan müdafiə, kəşfiyyat, texniki xidmət, logistika, təlim və əməliyyat imkanları bir-birinə bağlı bütöv sistem yaradır.

Bu sistemi bir gündə başqa dövlətlə əvəz etmək mümkün deyil. Amma Vaşinqtonun Ər-Riyada ehtiyacı da az deyil.

Səudiyyə enerji bazarının nəhəng aktorudur, ərəb dünyasında siyasi çəkisi var, İranla münasibətlərə təsir göstərə bilir və Yəmən böhranının birbaşa iştirakçısıdır.

Deməli, burada “ağa və alət” münasibətindən daha mürəkkəb bir mənzərə var. Bu, qarşılıqlı asılılıqdır.

Ər-Riyad son illərdə bu asılılığı qırmağa deyil, azaltmağa çalışır. Çinlə iqtisadi əlaqələri genişləndirir, Rusiya ilə enerji əməkdaşlığını saxlayır, İranla diplomatik münasibətləri bərpa edir, Türkiyə ilə əlaqələri dərinləşdirir.

Çin Səudiyyəyə ABŞ kimi hərbi təhlükəsizlik təmin etmir. Pekinin Ər-Riyadla münasibətlərində əsas gücü iqtisadiyyat və diplomatiyadır. 2023-cü ildə Səudiyyə-İran münasibətlərinin normallaşmasında Çinin vasitəçiliyi də Pekinin regionda artan çəkisinin göstəricisi idi.

Rusiya isə əsasən enerji və geosiyasi balans üzərindən təsir göstərir. Ər-Riyad xarici siyasətini tək bir müttəfiqdən asılı saxlamaq istəmir. Amma Vaşinqton hələ də onun əsas təhlükəsizlik dayağı olaraq qalır.

1945-ci ildə “Quincy”nin göyərtəsində başlayan münasibətin arxasında enerji və təhlükəsizlik maraqları da mövcud idi. Bu gün isə neft qədər onun hərəkət etdiyi yollar da əhəmiyyətlidir.

Çünki XXI əsrdə güc yalnız ordunun, tankın və təyyarənin sayı ilə ölçülmür. Bir boğazı təhlükəli vəziyyətə salmaq və raket-dron imkanları ilə gəmiçiliyi riskə atmaq da strateji gücə çevrilə bilir. Bab əl-Məndəb bunun canlı nümunəsidir.

Bu mənzərədə Azərbaycanın da öz yeri var. Qırmızı dəniz və Hörmüzdə risk yüksəldikcə alternativ ticarət yollarının strateji əhəmiyyəti artır. Orta Dəhliz bu baxımdan əlavə imkan qazana bilər. Amma xəritədə xəttin çəkilməsi hələ marşrut yaratmır. Coğrafiyanın verdiyi üstünlük yalnız sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli logistika ilə real gücə çevrilə bilər.

Bab əl-Məndəbin əsas dərsi də budur. XXI əsrdə qlobal güc təkcə böyük dövlətlərin orduları ilə deyil, dünya ticarətinin keçdiyi strateji yollar üzərində kimin təsir imkanına malik olması ilə müəyyənləşir.

1945-ci ildə Ruzvelt və İbn Səud gələcəyin enerji xəritəsinə baxırdılar. Bu gün həmin xəritədə başqa bir həqiqət görünür - neftə sahib olmaq kifayət etmir, onun dünyaya hansı yoldan çatacağını da müəyyən etmək lazım gəlir.

Səudiyyə ABŞ-ın bir alətidir, yoxsa Vaşinqton Səudiyyənin təhlükəsizliyinə ehtiyac duyur? Bəlkə də cavab daha sərtdir - böyük dövlətlər artıq yalnız resurslar uğrunda deyil, həmin resursların keçdiyi qapılar uğrunda mübarizə aparırlar. Bab əl-Məndəb isə həmin qapılardan biridir.

Bu qapını bağlamaq üçün böyük dövlət olmaq lazım deyil. Bəzən dünyanın qiymətini dəyişmək üçün sadəcə açarın harada olduğunu bilmək kifayət edir...

Azər Rəşidoğlu