Xəbər lenti

Fermerlərin nəzərinə: Ödəniləcək kompensasiyanın məbləği açıqlandı
Ölkə 20:43 01.12.2023

Fermerlərin nəzərinə: Ödəniləcək kompensasiyanın məbləği açıqlandı

Bu il Şəkidə 800 torpaq sahəsində təbiət hadisəsi qeydə alınıb, bu hadisələr üzrə gözlənilən ödənişlərin ümumi məbləği təqribən 800 min manat təşkil edəcək.

Bu barədə Aqrar Sığorta Fondu (ASF) məlumat yayıb.

Bildirilib ki, ASF artıq fermerlərə ödənişlərin verilməsinə başlayıb.

Hadisə baş verən əkin sahələrinə Aqrar Sığorta Fondunun təyin etdiyi müstəqil aqrar sığorta ekspertləri tərəfindən iki dəfə baxış keçirilib, əkin sahələrinə dəyən zərər hesablanıb və sığorta ödənişi təyin edilib.

Əkin sahəsində sığorta hadisəsi baş verən fermerlərə fond tərəfindən müvafiq SMS bildirişlər göndərilib.

Ödəniş barədə SMS alan Şəki fermerləri fondun Şəki rayonundakı filialına müraciətlə sığorta tələbi üçün razılıq ərizəsi və bank rekvizitlərini təqdim edirlər.

Aqrar Sığorta Fondunun Şəki filialının əməkdaşları və aqrar sığorta könüllüləri fermerlərə bu məsələlərdə dəstək göstərirlər.

Xatırladaq ki, Şəki rayonu Azərbaycanda aqrar sığortadan ən çox faydalanan rayonlardandır. Həm kənd təsərrüfatı ilə məşğul olanların sayının çox olması, həm də iqliminin qeyri-sabit keçməsi səbəbindən rayonda çox tez-tez aqrar sığorta hadisələri, əkin sahəsinə zərərlər qeydə alınır.
Bu il də baş verən təbiət hadisələri - qasırğa, fırtına, sel-subasma və dolu səbəbindən əkin sahələrinə çoxsaylı zərərlər dəyib və Aqrar Sığorta Fondu bu zərərlərin ödənişinə başlayıb.

2022-ci ildə də Şəkidə böyük sayda sığorta hadisələri qeydə alınıb və ödəniş verilib. Belə ki, ötən il rayonda 185 fermerə ümumilikdə 500 min manat ödəniş olunub. Bu il isə həm ödəniş edilən fermerlərin sayı, həm də ödənişlərin məbləği kəskin artıb.

Xatırladaq ki, Aqrar Sığorta Fondu ümumilikdə 48 bitki üzrə 29 riski sığorta edir. Taxıl bitkiləri və meyvə bağları ilə yanaşı, tərəvəzlər, tinglər, ağac və kollar da sığortalanır.

Bura demək olar ki, bütün əsas hadisələr - dolu, qasırğa, fırtına, sel subasma, zərərvericilərin hücumu, üçüncü şəxsin hərəkətləri və sair aiddir.

Sığorta haqqı isə olduqca sərfəlidir. Çünki bu məbləğin 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Nəticədə Şəki-Zaqatala bölgəsində, məsələn, 1 000 manatlıq taxıl məhsulunun sığortalanmasını fermer cəmi 20-22 manata edir.

Qeyd edək ki, Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatlarını da sığorta edir. Məsələn, 1 000 manatlıq inəyin sığortası 31 manata, 300 manatlıq qoyunun sığortası isə doqquz manata başa gəlir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->