Xəbər lenti

Film kimi hadisə: Lisenziyası olmayan pilot 17 ildə 900 uçuş həyata keçirib
Dünya 14:28 10.06.2026

Film kimi hadisə: Lisenziyası olmayan pilot 17 ildə 900 uçuş həyata keçirib

Kanadada "Air Canada” aviaşirkətində təxminən 17 il ərzində sərnişin daşınması üçün tələb olunan ən yüksək pilot lisenziyası olmadan 900-dən çox uçuş həyata keçirdiyi iddia edilən pilot saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, son dərəcə nadir hal kimi qiymətləndirilən hadisədə şübhəli şəxsin hər il keçirilən uçuş təlimlərini və uyğunluq imtahanlarını uğurla keçdiyi bildirilir.

Ontario əyalətindəki Peel Bölgə Polisinin açıqlamasına görə, "Air Canada”da çalışan Cefri Vol adlı pilotun sənədlərində uyğunsuzluqlar aşkar edildikdən sonra istintaqa başlanılıb.

Açıqlamada onun kommersiya pilot lisenziyasına (CPL-A) malik olduğu, lakin hava yolu nəqliyyatı pilot lisenziyasının (ATPL-A) olmadığı qeyd edilib. Bildirilir ki, Vol 2009-cu ildə müvafiq icazə olmadan hava yolu pilotu kimi fəaliyyətə başlayıb və 2025-ci ildə təqaüdə çıxıb.
 


Məlumata görə, o, 27 illik karyerasının təxminən 17 ili ərzində 900-dən çox daxili və beynəlxalq reysdə sərnişin təyyarələrini idarə edib və bu müddətdə 2,9 milyon Kanada dollarından çox əməkhaqqı alıb. Şübhəli 1 iyun tarixində saxlanılıb.

İstintaq materialları Volun 2025-ci ildə təqaüdə çıxana qədər həm "Air Canada”nı, həm də mülki aviasiya tənzimləyici orqanlarını peşə uyğunluğu sənədləri ilə bağlı aldada biləcəyinə işarə edir. Polis araşdırmanın davam etdiyini bildirib.

Şəxsin həmçinin Kanadadakı "Georgian College”də yarımştat müəllim kimi çalışdığı açıqlanıb.

Peel Bölgə Polisi qeyd edib ki, Volun kommersiya pilot lisenziyası olsa da, sərnişin təyyarələrini idarə etmək üçün tələb olunan ən yüksək səviyyəli ATPL-A icazəsi mövcud olmayıb.

Peel Bölgə Polis rəisi Nişan Durayappah hadisəni "son dərəcə narahatedici” adlandıraraq bildirib: "Bu iş ictimai təhlükəsizlik və etimadın özünə ciddi zərbə vurur. Şübhəlinin yüz minlərlə sərnişini daşıyan 900-dən çox reysdə risk yaratdığı iddia olunur”.

"Air Canada” yayımladığı açıqlamada iddiaları "son dərəcə ciddi” qəbul etdiyini, lakin sərnişin təhlükəsizliyinin risk altında olmadığını bildirib. Şirkət bütün pilotların 6 ayda bir məcburi təlimlərdən keçdiyini və hər il sertifikatlı pilotlarla yoxlama uçuşlarına cəlb olunduğunu xatırladıb.

Şirkətin məlumatına görə, Vol tələb olunan təlimləri uğurla tamamlayıb və böyük təyyarələri təhlükəsiz idarə etmək üçün yüksək peşəkarlıq nümayiş etdirib. Eyni zamanda, daxili yoxlamalarda başqa oxşar pozuntu aşkar edilmədiyi bildirilib.
 


"Air Canada” hadisə aşkar edilən kimi pilotun uçuşlardan kənarlaşdırıldığını və məsələnin Kanada Nəqliyyat Nazirliyinə könüllü şəkildə bildirildiyini açıqlayıb.

Uçuş Təhlükəsizliyi Fondunun rəhbəri və lisenziyalı pilot Həsən Şahidi bu hadisəni "son dərəcə nadir hal” adlandırıb. Onun sözlərinə görə, əsas problem təlimdən çox, uzun illər ərzində sənəd yoxlamalarındakı mümkün boşluqlardır.

Şahidi qeyd edib ki, bu vəziyyət sistemdə sertifikatların təsdiqi və nəzarət mexanizmlərində zəiflikləri üzə çıxara bilər.

Pilotun əməlləri ilə bağlı ona dələduzluq, sənədlərin saxtalaşdırılması, ictimai asayişi pozma və saxta nişan saxlama kimi ittihamlar irəli sürülüb.

Baş müstəntiq müavini Nik Milinoviç araşdırmanı "film ssenarisi kimi” təsvir edib.

Hadisə, 2002-ci ildə Stiven Spilberqin rejissorluğu ilə çəkilmiş və Leonardo Di Kaprionun baş rolda oynadığı "Catch Me If You Can” ("Məni tutsan tut”) filmini xatırladır.

Aydın

--> -->