Dünya 16:07 03.05.2023

FSB qaçaqmalçılar vasitəsilə Qərb texnologiyasını əldə edib - FT

Rusiya casus şəbəkəsi 2022-ci ilin martında tətbiq edilən sanksiyalara baxmayaraq, Avropa İttifaqı şirkətlərindən Ukrayna ilə mübarizə üçün lazım olan texnologiya alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times”ın araşdırmasında deyilir.

Nəşrin aydınlaşdırdığı kimi, söhbət mikroçiplərdən tutmuş sursata qədər müxtəlif malların, həmçinin Almaniya və Finlandiyadan dəzgahların alınmasından gedir.

ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, FSB, SVR və Müdafiə Nazirliyi adından "çox məxfi satınalma fəaliyyətləri" üzərində iş "Sernia Engineering” tərəfindən aparılır. FT müəyyən edib ki, başqa bir belə şirkət Moskvanın şimalındakı sənaye zonasında qeydiyyatdan keçmiş "TradeTools” Ticarət evi ola bilər. Ukraynada müharibə başlayandan bəri "TradeTools” əsasən Aİ-dən mikroçiplər və sənaye istehsalı üçün mallar daxil olmaqla 900 min dollar dəyərində material alıb.

FT-nin məlumatına görə, Avropa şirkətlərinin Rusiya kəşfiyyatı ilə əlaqəsi olan şirkətlə iş birliyi gördüyünə dair heç bir sübut yoxdur.

FT-nin araşdırmasında "Sernia Engineering” şəbəkəsinin bir hissəsi olan və eyni şəxsə, Rusiya vətəndaşı Aleksey Zibirova məxsus "Robin Trade” şirkətindən də bəhs edilir. FT-nin aşkar etdiyi məlumatlarla tanış olan Qərb rəsmisi təsdiqləyib ki, Zibirov FSB ilə əlaqələrinə görə maraq kəsb edən şəxs hesab olunur.

Eyni zamanda, bu gün "Bloomberg"ə məlum olub ki, ABŞ və Aİ ölkələri Rusiyaya qarşı ayrı-ayrılıqda yeni sanksiyalar paketləri hazırlayır, onların əsas məqsədi əvvəllər tətbiq edilmiş sanksiyalardakı boşluqları aradan qaldırmaq və bütövlükdə onlardan yan keçmək problemini həll etməkdir. 

Təklif olunan tədbirlər arasında Rusiya ərazisindən "çoxsaylı malların” tranzitinə qadağa, eləcə də naviqasiya sistemlərini söndürən gəmilərə qarşı sanksiyalar daxildir.

Təfərrüatların G7 liderlərinin görüşü zamanı açıqlanacağı gözlənilir.

Nizami Bağırov