Bu yay azərbaycanlı futbolsevərlərin adını "Qarabağ”la yanaşı çəkdikləri, qürur duyduqları bir klub var. Təəssüflər olsun ki, bu klub nə "Neftçi”dir, nə də "Sabah”. Söhbət Almatı təmsilçisi "Kayrat”dan gedir. Bu yazıda sizə "Kayrat”dan bəhs edəcəyəm, Almatı komandasının qısa müddətdə bu səviyyəyə necə yüksəlməsinin səbəblərini tapmağa çalışacağam.
"Kayrat” Çempionlar Liqasında böyük sensasiyaya imza atdı. Sloveniya, Finlandiya, Slovakiya çempionlarını yolundan kənarlaşdıran "Kayrat”ın əsas mərhələyə yüksəlmək üçün sonuncu rəqibi "Seltik” idi. Bəli, məşhur şotland klubu, illərin təcrübəsi "Seltik”. Almatının qüruru səfərdən qolsuz heç-heçəylə dönməklə hamını təəccünləndirdi. Proqnozsevərlər "Seltik”in Almatıda məsələni həll edəcəyini düşünürdülər. "Kayrat” bütün proqnozları alt-üst etməyi bacardı. Oyunun əsas vaxtı da, əlavə olunmuş hissələr də qolsuz başa çatdı. Penalti seriyasında gülən tərəf "Kayrat” oldu və 46 yaşlı Rafael Urazbaxtinin çalışdırdığı komanda "Qarabağ”ın Çempionlar Liqasındakı yol yoldaşına çevrildi.
"Seltik”lə nəfəskəsən oyunun qərhəmanı isə sözsüz ki, cəmi 21 yaşı olan qapıçı Tamerlan Anarbəyov idi. 2003-cü ildə Xəzərin o tayında yerləşən Atırau şəhərində doğulan Tamerlan şotlandların üç penaltisini dəf etməklə bir andaca diqqətlərini üzərinə çəkdi. Şotlandlar özləri də bu cavan oğlanın məharətinə heyran qalmışdılar. Tamerlan 2017-ci ildə, yəni 14 yaşında "Kayrat”a gəlib, klubun akademiyasında yetişib, indiki səviyyəsinə pillə-pillə yüksəlib. Deməli, klubun akademiyasında düzgün iş qurularsa, "çərçivə” qoruyucusunu Serbiyada, Bosniyada, Rusiyada axtarmağa gərək qalmır, elə öz yetirmənə qapının toxunulmazlığını etibar edə bilərsən.
Tamerlar "Kayrat”ın akademiyasında yetişən yeganə istedadlı futbolçu deyil. 2008-ci il təvvəlüdlü Dastan Satpayev də "Kayrat”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsində böyük pay sahibidir. Onun vurduğu qollar "Kayrat”ı qələbədən-qələbəyə daşıdı. Dastan da 2017-ci ildə "Kayrat”ın akademiyasına gəlib, aşağı yaş qruplarından əsas komandaya qədər yüksəlib. Onun istedadı məşhur London klubu "Çelsi”nin diqqətini də cəlb edib, Satpayev "Çelsi”nin futbolçusudur. Yığma komandada tələb olunan limiti keçəndən sonra İngiltərədə oynamaq üçün işçi vizası alacaq və "Çelsi”nin düşərgəsinə yollanacaq.
"Kayrat”ın öz akademiyasında yetişən və bu gün əsas komandada forma geyinən futbolçuların siyahısı xeyli genişdir. Bu siyahıya "Seltik”lə oyunda iştirak edən Dəmir Kasabulatı, Ramazan Bağdatı, Oljas Baybeki və digərlərini də əlavə etmək olar. Fikrimcə, "Kayrat”ın uğurunun əsas sirri də məhz budur. Bəli, razıyam ki, müasir futbolda legionerlərin rolu mühümdür, onlar olmadan yüksəksəviyyəli komanda formalaşdırmaq olmaz. Amma bütünlüklə legionerlərə güvənməklə də uğur qazana bilməzsən. Mütləq öz yetirmələrin olmalıdır ki, onlar geyindikləri formaya dəyər versinlər, meydanda can qoysunlar. Fikrimcə, bizim "Neftçi”, "Sabah” kimi milyonçu klublarımız da bu mənada "Kayrat”dan nümunə götürməli, klubun büdcəsini əcnəbilərə yox, öz akademiyalarına xərcləməlidilər. Yalnız bu halda davamlı və ciddi uğurlar qazanmaq olar.
Sonda bir məqama da diqqətinizi çəkmək istərdim. 2017-ci ildə Almatıda olarkən "Kayrat”ın o vaxtkı çalışdırıcısı Kaxaber Tsxadadzenin dəvəti ilə "Kayrat”ın bazasına baş çəkmiş, orda gördüklərim barədə yazı yazmışdım. Həmin yazıdan bir hissəni yenidən dəyərli oxucularımın diqqətinə çatdırmaq istəyirəm: "Kayrat”ın sahib olduğu şəraiti sözlə ifadə etmək çətindi. Bütünlüklə sarı və qara rənglərə bürünmüş bazanın açılışı 2015-ci ilin oktyabrın 1-də keçirilib. Hava limanına yaxınlıq xüsusiylə nəzərə alınıb. Rəsmi oyunlardan bir gün öncədən futbolçular bazada qalır və səfərə yollanmaq üçün burdan aeroporta gedirlər. Bazanın ərazində üçü təbii örtüklü olmaqla beş meydança var. Süni örtüklü meydançalardan birinin üzəri qapalıdır. Bu da Almatının sərt qışından qorunmaq üçün edilib. Klubun bazasında eyni vaxtda 55 nəfərin gecələməsi üçün "5 ulduzlu” otellərdən geri qalmayan şərait var. Bu yerlərin yarısı aşağı dvizionda mübarizə aparan "Kayrat-A” üçün nəzərdə tutulub. Ümumiyyətlə, bazanin inzibati binası, yeməkxana, istirahət və massah otaqları, sauna və hamamlar hamısı iki hissəyə ayrılır...”
Həmin o bazada yetişən futbolçular "Kayrat”ı Çempionlar Liqasının əsas mərhələsinə yüksəldib, klubun büdcəsinə milyonlarla avro qazandırdılar. Deməli, bazaya xərclənən vəsaitin də əhəmiyyətli hissəsi geri qayıtdı. Həm də Qazaxıstan futboluna yeni istedadlar bəxş edildi. Öyrənməyə, ibrət götürməyə dəyər. Ümid edək ki, bizimkilər də öyrənəcəklər.
Amal Abuşov
Şərhlər