Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarılması onun biznes fəaliyyətinin də axsamasına səbəb olmuşdu.
Qaynarinfo-nun məlumatına görə, 2013-cü ildə "İsmayıllı hadisələri”ndən az sonra vəzifəsini itirən Füzuli Ələkbərovun biznes imperiyasının sütunu "İmprotex” Şirkətlər Qrupu idi ki, bu biznes təsisatı bir müddət səhnədə görünməz oldu. Lakin deyəsən, Füzuli Ələkbərov yenidən biznesini dirçəltməyə başlayıb.
Son vaxtlar onun rəhbəri olduğu "İmprotex Motors” şirkəti satınalma müsabiqələrində fəal iştirak edir və tez-tez qalib seçilir.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkət təkcə 2025-ci ildə 53 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr "İmprotex Motors”un rəsmi distrübütoru olduğu avtomobil şirkətlərinin istehsal etdiyi maşınların satışı, yaxud da onlara texniki servis xidmətinin göstərilməsi ilə əlaqardır. "İmprotex Motors” şirkətinin sifarişçiləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tutumuş Əqli Mülkiyyət Agentliyinə qədər ən müxtəlif dövlət qurumlarıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İmprotex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Füzuli Ələkbərovdur.
Füzuli Ələkbərov bu şirkəti təsis edəndə hələ nazir vəzifəsində çalışmırdı. Bu baxımdan, "İmprotex Motors” MMC o qədər də populyar deyildi. O, 2006-cı ildə nazir vəzifəsinə təyin edildikdən sonra biznesi də çiçəklənməyə başladı və "İmprotex Motors” MMC ölkənin ən aparıcı şirkətlərindən birinə çevrildi.
"İmprotex Motors” MMC-nin rəsmi saytında qeyd edilib ki, şirkət BMW, "BMW Motorrad", MINI, "Rolls-Royce" və "Yamaha" kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Ümumi sahəsi 1.3 hektar təşkil edən ərazidə BMW konserninin bütün yeni korporativ standartlarına tam cavab verən 11 avtomobil yerləşən satış-sərgi salonu, böyük servis mərkəzi və onlarla avtomobil tutumu olan dayanacaq yeri var. Gündə 100 avtomobil qəbul edə bilən servis mərkəzi son növ diaqnostik avadanlıqlar ilə təchiz olunub. Texniki xidmət mərkəzində müştərilər məsləhətləri birbaşa istehsalçı zavoddan alır. Görülən bütün işlərin BMW standartlarına tam cavab verməsi üçün mütəmadi olaraq işçilərin bacarıqlarını yüksəldən təlimlər keçirilir.
Seyid
Şərhlər