Ölkə 11:06 05.10.2022

Gəncədə axundun qardaşını keçmiş mühafizəçisi döyübmüş (TƏFƏRRÜAT)

Gəncədə "İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşı Rəşid Abbasova evində hücum edərək xəsarət yetirən şəxsin məhkəməsi yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, məhkəmədə məlum olub ki, Rəşid Abbasova evində xəsarət yetirən şəxs onun keçmiş işçisi, 1960-cı il tarixdə Gəncə şəhərində doğulmuş, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş Rizvan Zamanov (soyadı şərti) olub. 

Belə ki, Rəşid Abbasov təxminən 10-15 il bundan əvvəl "İmamzadə"də müdir olduğu vaxt həmin şəxs orada gözətçi işləyib. Sonradan isə Rizvan səsvermə əsasında işdən çıxarılıb və buna görə Rəşid Abbasovla ədavət saxlamağa başlayıb. Hətta onunla bağlı dəfələrlə polisə əsassız şikayətlər edib.

Rəşid Abbasov ifadəsində bildirib ki, aprel ayının 4-də, gecə saat 22.00 radələrində idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə Gəncə şəhəri, Ə.Əliyev küçəsində yaşadığı fərdi yaşayış evinə gəlib, uzaqdan idarəedici ilə darvazanı açaraq həyətə daxil olub. Maşından düşərək darvazanı bağlamaq istəyərkən işıqları sönüb, lakin küçə lampaları yanılı olub. Elektrik sayğacından işığı yandırmağa yollanıb və bu zaman bir nəfər ucaboylu şəxs həyətə daxil olaraq, ona hücum edib. Hücum edən şəxs ona polis olduğunu bildirib.

Həmin şəxs maskada olduğu üçün Rəşid Abbasov onu tanımayıb. O, Rəşid Abbasovu vurmağa başlayıb, daha sonra küt alətlə başından zərbələr endirərək, xəsarətlər yetirib.

Məhkəmədə çıxış edən Rəşid Abbasov keçmiş işçisinin cəzalandırılmasını xahiş edib.

Təqsirləndilən şəxs isə Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, heç vaxt Rəşid Abbasovun evində olmadığını, ümumiyyətlə onu unutduğunu, hadisə barədə Nizami Rayon Polis İdarəsində polis əməkdaşları tərəfindən məlumatlandırıldığını bildirib. Qeyd edib ki, onu Rəşid Abbasovu döydüyünü boynuna götürməyə məcbur ediblər, lakin razılaşmayıb.

Gəncə Şəhər Məhkəməsinin hakimi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib və onu cinayət məsuliyyətindən azad edib. Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.

Əhməd