XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xərçəngə "xoş gəldin" deməyi bacarmaq və yaxud daxildəki "Annuşka yağı dağıdanda"
Azər Rəşidoğlu
Ölkə13:17 11.09.2026

Xərçəngə "xoş gəldin" deməyi bacarmaq və yaxud daxildəki "Annuşka yağı dağıdanda"

Həyat proqnozlaşdırıla bilməyən “qara qu quşlarının” gəlişi ilə idarə olunur. Nassim Nikolas Taleb məşhur “Qara qu quşu nəzəriyyəsi”ndə qeyd edir ki, “qara qu quşları” yalnız müharibələr və böhranlar kimi qlobal hadisələr deyil, həm də insanın həyatını bir anda alt-üst edən qəfil situasiyalardır. Tamamilə sağlam olduğu və gələcək planlar qurduğu bir vaxtda qoyulan xərçəng diaqnozu da insanın şəxsi həyatının belə “qara qu quşu”na çevrilə bilər. İnsan və sistemlər hər an bu cür amansız, gözlənilməz hadisələrlə üz-üzə qala bilər. Buna görə də insan yalnız gələcəyə plan qurmağa deyil, həyatın gözlənilməzliyinə mənəvi baxımdan hazır olmalıdır.

Bu məqam Mixail Bulqakovun “Master və Marqarita” əsərindəki məşhur Berlioz səhnəsini xatırladır. Ateist redaktor Berlioz insanın öz həyatını idarə etdiyini düşünür və həmin axşam komsomol iclasına sədrlik edəcəyini söyləyir. Voland isə ona etiraz edir – “insan nəinki ölümlüdür, həm də qəfildən ölümlüdür”. Voland Berlioza həmin axşam başının kəsiləcəyini deyir və əlavə edir: “Sizin iclasınız baş tutmayacaq, çünki Annuşka artıq günəbaxan yağını alıb, nəinki alıb, hətta onu dağıdıb da”.

Az sonra Berlioz tramvay relslərinə doğru gedir, Annuşkanın dağıtdığı yağın üstündə ayağı sürüşür və tramvayın altına düşərək başı kəsilir. Annuşka yağı dağıdanda Berliozun bundan xəbəri yox idi. O, gələcək planlar qururdu. Eynilə, insan bədənində xərçəng hüceyrələri yaranmağa başlayanda, yəni, daxildəki “Annuşka yağı dağıdanda” bundan xəbərsiz olur. O, işlərini, sabahını, gələcəyini planlaşdırır, lakin daxilində “qara qu quşu” artıq hərəkətə keçmiş olur. Real həyatda hər şeyi məntiqlə izah etməyə çalışırıq. Lakin həyat bəzən öz ssenarisini yazır və gözlənilməz bir hadisə bütün məntiqi alt-üst edir. Təsadüfi bir qadının yağı dağıtması və ya hüceyrənin mutasiyaya uğraması insanın bütün planlarını dəyişə bilər.

Voland deyir ki, “kərpic durduğu yerdə heç kimin başına elə-belə, səbəbsiz düşmür”. İlk baxışda başımıza düşən kərpic tam bir təsadüf kimi görünə bilər. Lakin onun arxasında bizim bilmədiyimiz çoxsaylı səbəblər dayanır. İnsan özünü nə qədər güclü hesab etsə də, küçədə gedərkən başına düşə biləcək adi bir kərpicdən belə tam sığortalana bilməz. Xərçəng və ya hər hansı ağır xəstəlik də insanın başına “elə-belə” düşmür. Onun görünməyən səbəbləri var. Sadəcə insan həmin “kərpic” başına düşənə qədər hər şeyin qaydasında olduğunu düşünür.

Volandın “kərpic fəlsəfəsi” taleyin qaçılmazlığını sübut edir, yoxsa sadəcə insanın özünə olan həddindən artıq güvənini sındırmaq üçün xəbərdarlıqdır? İnsan beyni hər şeydə ədalət və məntiq axtarır: “Əgər mən yaxşı adamamsa, başıma yaxşı işlər gəlməlidir. Əgər başıma pis iş gəlibsə, deməli, haradasa günah etmişəm”. Lakin ekzistensialistlər, xüsusən Albert Kamyu, kainatın bizə qarşı nə qəddar, nə də mərhəmətli olduğunu deyirlər. Kamyuya görə, kainat sadəcə laqeyddir. Bioloji hüceyrə mutasiyaya uğrayanda insanın yaxşı və ya pis olması ilə maraqlanmır. “Qara qu quşu” əxlaqi kateqoriyalarla uçmur; o, fiziki və bioloji ehtimalların nəticəsi kimi meydana çıxa bilər.

Kamyu pessimizimdən sonra, bu nöqtədə sufi nikbinliyi köməyə çatır. Dünyəvi məntiq xərçəngi bir son, Annuşkanın yağını isə bədbəxtlik kimi görür. Lakin sufi fəlsəfəsi üçün təsadüf yoxdur, təvafuq (ilahi uyğunluq) var. Sufizm bizə öyrədir ki, bədəndəki “qara qu quşu” və ya başımıza düşən kərpic ruhun oyanışı üçün bir vəsilədir. Mövlana Cəlaləddin Rumi deyirdi: “Qəm və kədər səni incidirsə, sevin! Çünki o, sənin daxilindəki torpağı təmizləyir ki, orada yeni və gözəl güllər açsın”.

“Master və Marqarita”da Berliozun başına gələnlər də onun hansısa böyük günahının cəzası deyildi. Onun əsas “günahı” özünü kainatın böyüklüyü və naməlumluğu qarşısında mütləq hakim hesab etməsi idi. Ona görə də “Niyə mən? Nə günah etdim?” sualı insanı passiv qurban vəziyyətinə sala bilər. Daha vacib sual isə başqadır: “Bu xəstəlik qarşıma çıxıbsa, mən indi bununla nə edəcəyəm?”.

İnsanı sındıran təkcə əzab deyil, mənasız əzabdır. Əgər insan xəstəliyi kainatın qəzəbi və cəzası kimi görərsə, bu düşüncə onu daxildən məhv edə bilər. Lakin xəstəliyə iradəni, mənəviyyatı və ruhu sınağa çəkən böyük bir döyüş kimi baxmaq əzaba belə məna qazandıra bilər. Bəlkə də həyatın ən böyük həqiqəti budur-biz “qara qu quşlarının” nə vaxt gələcəyini seçə bilmirik. Amma onlar gəldikdən sonra necə yaşayacağımızı seçə bilərik. Taleyin qarşısında insanın ən böyük azadlığı da elə budur. Xəstəlik həyatın qarşısına bir nöqtə qoya bilər, amma cümləni bitirməyə məcbur deyil. Bəzən ən ağır diaqnoz insanı ölüm haqqında düşünməyə yox, həyatın əsl qiymətini anlamağa vadar edir. Dünən adi görünən səhər bu gün nemətə çevrilir. Bir fincan çay, doğmaların səsi, yazmaq, danışmaq, sevmək, yaşamaq - bütün bunlar yenidən mənalanır. Ola bilsin ki, “qara qu quşu” qarşımıza həyatımızı dağıtmaq üçün yox, onun nə qədər qiymətli olduğunu xatırlatmaq üçün çıxır.

Mən artıq “Niyə mən?” sualının cavabını axtarmıram. Daha vacib bir sual var: “Mənə verilmiş bu günlə nə edəcəyəm?” Cavabım sadədir: yaşayacağam, yazacağam, evəcəyəm və mübarizə aparacağam. Çünki insanın gücü heç vaxt “kərpicin” başına düşməyəcəyinə inanmaqda deyil. Əsl güc kərpic düşəndən sonra ayağa qalxıb yenidən göyə baxa bilməkdədir.

Hekayə hələ bitməyib. Əksinə, bəlkə də həyatın ən qiymətli səhifələri hələ qarşıdadır.

Xərçəng diaqnozuna “xoş gəldin” deməyi bacarmaq - taleyin bu amansız zərbəsini düşmən kimi deyil, ruhu yetkinləşdirən, insanı öz faniliyi ilə üzləşdirib Allaha yaxınlaşdıran çətin bir qonaq kimi qəbul etməkdir. Bu, passiv bir boyunəymə deyil, daxili bir qəhrəmanlıqdır. Sufi nikbinliyi odur ki, daxildəki “Annuşka yağı dağıdanda” insan təşvişə düşmür. Çünki o bilir ki, yağı dağıdan da, hüceyrəni hərəkətə gətirən də, o ağrının içindən insanı tamamilə yeni, daha saf bir varlığa çevirən də eyni İlahi qüvvədir.

Həyatın ssenarisini biz yazmırıq. Kərpicin düşəcəyi, yağın dağılacağı an əzəldən bəllidir. Önəmli olan relslərin üzərində məhv olmaq deyil, o relslərin bizi apardığı sonsuzluq mənzilini görüb, fırtınanın ortasında belə ruhən dinclik tapa bilməkdir. Çünki lütf də, bəla da eyni qapıdan gəlir və hər ikisi sevilməyə layiqdir.

Qonağa niyə gəldin yox, xoş gəldin deyərlər. Hər gələn qonaq bir gün gedir, əminəm ki, mən, Əvəz Zeynallı, Səbinə Əvəzqızı, Gülşən Şərif, Günel Natiq, Anar Yusifoğlu bir gün qonağımıza xoş getdin deyəcəyik. İndi isə yaşamaq lazımdır – kinsiz, nifrətsiz, təkəbbürsüz…

Azər Rəşidoğlu