"Kremlin miqrantların məktəbyaşlı uşaqları ilə bağlı atdığı bu addım görünməmiş hadisədir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Rusiyada miqrantların məktəbyaşlı uşaqlarına münasibətdə atılan addıma oxşar hərəkətlərin hansısa başqa ölkələrdə də atılıb-atılmadığı barədə danışarkən deyib.
Hüquqşünas deyir ki, Kreml ölkədə hər şeyə total nəzarət etmək qərarına gəlib:
"Rusiya özünün miqrasiya siyasətini günü-gündən möhkəmləndirir və sərtləşdirir. Hesab edir ki, miqrantlar Rusiyanın daxili işlərinə müdaxilə edir, təhlükəsizlik problemi yaradırlar. Bu zaman da ayrı-ayrı faktlardan bəhanə kimi istifadə edirlər. Belə addımlar, bir sözlə, miqrantları tam olaraq nəzarətə götürmək məqsədilə atılır. Miqrant uşaqlarına münasibətdə atılan bu addım da ölkədə hər şeyə nəzarət etmək istəyindən qaynaqlanır. Yəni Kreml bu yolla total nəzarət mexanizmini tətbiq edir".
Həmsöhbətimiz daxili qanunvericilikdən irəli gələn tələblərin pozulmaması üçün miqrantlarla bağlı bu və ya digər formada nəzarət mexanizminin olmasını ümumən vacib hesab edir. Bununla belə, ekspert hesab edir ki, miqrant uşaqları ilə bağlı belə bir addımın atılması, onlar haqqında məlumatların toplanılması gələcəkdə həmin şəxslərə müəyyən psixoloji və yaxud başqa hüquqi təsir imkanlarına əsas verir:
"Kremlin miqrant uşaqları ilə bağlı atdığı bu addım görünməmiş hadisədir. Bu günə qədər hansısa bir ölkənin miqrantların məktəbyaşlı uşaqları ilə bağlı belə məlumatları topladığının şahidi olmamışam. Bəlkə də totalitar rejimlərdə, məsələn, Kuba və Şimali Koreyada buna bənzər hadisələr baş versin. Amma hər halda belə faktlar mənə məlum deyil. Rusiyanın miqrantlar və onların uşaqlarına münasibətdə atdığı bu kimi addımlar, əslində, keçmiş sovet respublikalarına təsir etmək məqsədi daşıyır".
Qeyd edək ki, miqrantlara qarşı sərt addımlar həyata keçirən Rusiya bu istiqamətdə növbəti addımı miqrant uşaqlarına münasibətdə atıb. Belə ki, Rusiya Təhsil Nazirliyinin məlumatına görə, Rusiya məktəbləri bundan sonra miqrant uşaqlar barədə məlumatları Daxili İşlər Nazirliyinə (DİN) ötürəcək.
Məlumatda bildirilir ki, qanunvericiliyə əsasən, məktəblər və kolleclər miqrant uşaqların təhsil müəssisəsinə qəbulu üçün müraciətləri, rus dili biliklərinin test nəticələrini, həmçinin xarici tələbələrin məktəbə qəbulu və ya çıxarılması barədə məlumatları DİN-ə təqdim edəcək. Daxili İşlər Nazirliyi də öz növbəsində miqrant uşaqların miqrasiya qeydiyyatına alınması və qeydiyyatdan çıxarılması barədə təhsil idarələrini məlumatlandıracaq.
Rüfət Sultan
Şərhlər