"Gripen"dən atılan raket Rusiya S-400-ü və Çin gəmisini belə məhv edir (VİDEO)
İsveçin müdafiə konserni "Saab” RBS-15 raketinin döyüş imkanlarını nümayiş etdirən promo-video yayımlayıb. Videoda raketin Rusiyanın S-400 zenit-raket kompleksinin komponentlərini sıradan çıxarması və iri suüstü gəmiləri məhv etməsi əks olunub. Raket gəmidən, yerüstü buraxılış qurğusundan və JAS 39 Gripen qırıcılarından tətbiq edilir.
Qaynarinfo xəbər verir ki, RBS-15-in modernləşdirilmiş versiyası olan Mk4 Gungnir yenilik olmasa da (o, 1980-ci illərdən silahlanmada olan raketin inkişafı kimi hələ 2017-ci ildə İsveç Silahlı Qüvvələri üçün sifariş edilib), yeni video onun bu gün hansı hədəflərə qarşı mövqeləndirildiyini aydın göstərir.
Çarxda bir cüt "Gripen” qırıcısı HHM elementlərinə, xüsusən də S-400-ün tərkibinə daxil olan və 600 km məsafədə dairəvi görünüş təmin edən Rusiyanın 91N6 icmal RLS-inə (radarına) zərbə endirir. Radarla birlikdə kompleksin buraxılış qurğularından biri də məhv edilir.
Maraqlıdır ki, videoda dəniz hədəfləri kimi Rusiya gəmiləri deyil, Çinin Type 052D tipli raket esminesləri seçilib. Saab hətta bu sinfin ilk gəmisi olan "Kunming" esminesinə məxsus real göyərtə nömrəsini (172) də qeyd edib. Videoda gəminin özünümüdafiə sistemlərinin işi — radiolokasiya maneələrinin yaradılması və Type 730 artilleriya sistemi ilə raketləri vurmaq cəhdləri göstərilir, lakin bu cəhdlər uğursuz olur. Nəticədə bütün raketlər hədəfə dəyir.
Təsvir edilən esmineslərin hər biri təxminən 7,5 min ton suya malikdir və 64 universal buraxılış qurğusu ilə təchiz olunub. "Saab”ın Rusiya raket esmineslərini təsvir etməməsinin səbəbi sadədir: Rusiya Hərbi Dəniz Donanmasının tərkibində belə gəmilər yoxdur — yalnız reallaşdırılmamış "Lider" layihəsi (23560) mövcuddur.
Videoda RBS-15-in intuitiv proqram təminatı sayəsində asan proqramlaşdırılması xüsusi qeyd olunur. Bəyan edilmiş xüsusiyyətlərə görə raket:
•Məhv etmə məsafəsi: 300 km-dən çox;
•Döyüş başlığı: 200 kq;
•Ümumi çəki: təxminən 650 kq (sürətləndiricilərlə 810 kq-a qədər);
•İdarəetmə: Aktiv radiolokasiya özütuşlama başlığı, inersial sistem və maneələrə davamlı peyk naviqasiyası.
Qeyd edək ki, Ukrayna azı 100 ədəd Gripen E təyyarəsi almaq niyyətindədir. Sövdələşmənin 10-15 il ərzində reallaşdırılması planlaşdırılır. 2033-cü ilə qədər isə Ukraynada bu təyyarələrin açıq lokal istehsalının qurulması nəzərdə tutulur. Hər bir "Gripen” qırıcısının qiymətinin təxminən 125 milyon avro olacağı bildirilir.
Eyni zamanda, İsveç Hərbi Hava Qüvvələri bəyan edib ki, ölkə tezliklə düşmənin dərin arxasına zərbələr endirmək imkanına malik olacaq. Bu, planlaşdırıldığından daha tez baş verəcək, çünki "Gripen” təyyarələrinin Almaniya istehsalı olan "Taurus” qanadlı raketləri ilə inteqrasiyası vaxtından əvvəl başa çatdırılır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər