Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları bu il mərhum bəstəkar Şəfiqə Axundovanın anım günündə onun məzarını ziyarət edə bilməyiblər.
Bu barədə Qaynarinfoya açıqlamasında Xalq artisti Gülyanaq Məmmədova danışıb.
O bildirib ki, buna səbəb yeni klipin çəkilişləri olub:
"Bu gün Şəfiqə xanımın anım günüdür. Biz hər il həm anım, həm də doğum günündə onun məzarını ziyarət edir, xatirəsini ehtiramla yad edirik. Anım günü yay mövsümünə təsadüf etdiyindən televiziyalarda mövsüm bağlanışı olur və efirlərdə bu barədə danışmaq imkanımız məhdudlaşır. Lakin doğum günündə hər il onu yad etmişik. Şəfiqə Axundova xalqımızın əziz sənətkarıdır".
Müğənni qeyd edib ki, bu il bəstəkarın xatirəsini fərqli formada yad etməyə qərar veriblər:
"Şəfiqə xanımın anım gününə əliboş gəlmədik. Onun əziz xatirəsinə "Laylay” mahnısını həsr etdik və bu mahnıya klip çəkdirdik. Çəkilişlər Şəki şəhərində aparılıb və üç gün davam edib. Bu gün Bakıya qayıtdığımız üçün məzarını ziyarət etmək imkanımız olmadı".
Gülyanaq Məmmədova bildirib ki, klipdə istifadə olunan geyimlər modelyer Gülnarə Xəlilova tərəfindən hazırlanıb.
Onun sözlərinə görə, "Laylay" mahnısının sözləri Xalq şairi Süleyman Rüstəmə, musiqisi isə Şəfiqə Axundovaya məxsusdur. Layihənin əsas məqsədi Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Klipin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şıxverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri isə Məhsim Məhsimovdur.
Xalq artisti əlavə edib ki, layihənin gələcəkdə milli- mədəni dəyərlərimizin təbliği məqsədilə xarici ölkələrdə də nümayiş etdirilməsi nəzərdə tutulur.
Bahar Rüstəmli
Şərhlər