Hüseynbala Səlimov
Siyasət 12:49 28.06.2022

Gürcüstan niyə kənarda qaldı...

Hüseynbala Səlimov

Qonşu Gürcüstanda yenidən siyasi həyacanlanmalar başlayıb. İnsanlar, xüsusən də gənclər küçə və meydanlara axışaraq hökumətin istefasını tələb edirlər. Səbəbi də budur ki, etirazçıların fikrincə, Gürcüstanın hökuməti ölkəsinin maraqlarını yetərincə müdafiə edə bilməyib, Kiyev və Kişinyov Avropa İttifaqının üzvülüyünə namizəd ölkə statusu alsa da, Tiflis buna nail olmayıb və qeyri-müəyyən müddətə prosesdən kənarda qalıb.

Həqiqətən də təəssüfləndirici haldır, çünki Gürcüstan üç post-sovet ölkəsinin Avropaya inteqrasiya prosesinə liderlik edirdi. Düzdür, hazırki hakimiyyət özündən əvvəlki siyasi kursu davam etdirsə də, tamam ardıcıl qərbyönümlü hökumət sayılmır. 

Amma B.İvanişvilinin komandası hesab olunan bu hökumət ona yapışdırılan yarlığa rəğmən, heç də Rusiya ilə dərin əlaqələr qurmadı, hətta Moskva ilə normal diplomatik əlaqələri belə bərpa etmədi. Amma onu yetərincə demokratik hökumət adlandırmaq üçün də ciddi əsaslar yoxdur. Buna sübut kimi ən azı keçmiş prezident Mixail Saakaşvilinin biabırçı həbsini misal kimi göstərə bilərik. Əlbəttə, bu heç də o demək deyil ki, Gürcüstanı Saakaşviliyə görə Avropa İttifaqına namizəd ölkə kimi qəbul etmədilər. Amma bu cür ilk baxışda xırda detallar toplananda ciddi əngələ çevrilə bilirlər...

Bizə elə gəlir ki, Gürcüstanı Avropa İttifaqına ona görə namizəd ölkə kimi qəbul etmədilər ki, Tiflis Ukrayna-Rusiya müharibəsi zamanı heç də ardıcıl mövqe tutmadı. Rəsmi Tiflis dərhal bəyan etdi ki, Rusiyaya qarşı yeni sanksiyalara qoşulmayacaq. Sözsüz ki, bu, Brüsselin diqqətindən kənarda qalmadı, baxmayaraq ki, sanksiyalara müqavimət göstərən ölkə tək Gürcüstan deyil, ABŞ-ın böyük səylərinə baxmayaraq, Avropa ölkələrinin çoxu hələ də Rusiya qazından imtina edə bilmir və bunu başa düşmək mümkündür, çünki, məsələn, Almaniyanın qaz ehtiyaclarının düz qırx faizini Rusiya təmin edir. 

Düşünürük ki, Avropa Gürcüstanı kəndarda qoymamalı idi. Ukraynanı NATO-ya qəbul etmədilər, indi hətta məsləhət görürlər ki, Kiyev müharibənin bitməsi üçün torpaqlarının bir hissəsindən imtina etsin – bəli, Qərb belə bir geosiyasi arealdır və daim öz maraqlarını güdür. İndi özlərini elə aparırlar ki, guya müharibənin səbəblərindən bixəbərdirlər, hərçənd, Kiyevə çoxlu hərbi-texniki yardım da göstərirlər. 

O ki qaldı Rusiyanın Ukrayna və Moldovanın namizədlik məsələsinə münasibətinə, Kremlin sözçüsü Dmitri Peskov dərhal buna reaksiya verdi və Türkiyəni misal gətridi. Bəli, Türkiyə on illərdir ki, namizəd ölkədir və bundan o tərəfə gedə bilmir. Amma Peskov Türkiyəni yaxşı bilir, çünki xeyli müddət bu ölkədə diplomatik xidmətdə olub. Ona görə də o razılaşar ki, Ankaranın problemi başqadır – son illərdə onlarla ölkə Avropa İttifaqının üzvü olub və onların heç biri Türkiyədən irəli ölkə deyil.

Elə ən son proses də, Ukrayna və Moldovanın namizəd ölkə elan olunması da daha çox geosiyasi məsələdir. Özləri deyirlər ki, Ukraynada korrupsiya baş alıb gedir. Doğrudamı müharibənin viran qoyduğu, korrupsiyanın tüğyan etdiyi Ukrayna Avropa İttifaqına namizəd ölkə olmağa Gürcüstandan daha çox layiqdir?..