Hindistan ABŞ prezidenti Donald Tramp administrasiyasının iki ölkə arasındakı ticarət əlaqələrini azaltmaq cəhdlərinə baxmayaraq, Rusiya lideri Vladimir Putinin səfəri çərçivəsində Moskva ilə rus qırıcılarının və raketdən müdafiə sistemlərinin alınması barədə danışıqlara başlamağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, "Bloomberg”in mənbələrinin məlumatına görə, strateji tərəfdaşlıq sazişi çərçivəsində Su-57 qırıcılarının və S-500 raketdən müdafiə sisteminin təkmilləşdirilmiş versiyasının alınması müzakirə
olunacaq.
Son illərdə Hindistan ABŞ və Avropa ölkələrindən daha çox silah alaraq Rusiyadan asılılığını müəyyən qədər azaldıb. Bununla belə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, Moskva Hindistanın ən böyük hərbi texnika təchizatçısı olaraq qalır.
Hindistanın müdafiə naziri Radjeş Kumar Sinkh cümə günü bildirib ki, Hindistanın Rusiya ilə müdafiə sahəsində əməkdaşlığının uzun tarixi var və yaxın vaxtlarda bu əməkdaşlığı dayandırmaq niyyəti yoxdur. Onun sözlərinə görə, Hindistan həm Rusiyadan, həm də ABŞ-dan müdafiə avadanlığı almağı davam etdirəcək.
Hindistanda 200-dən çox rus qırıcısı və bir neçə S-400 raketdən müdafiə sistemi batareyası mövcuddur. Mənbələr deyirlər ki, Hindistan ordusu qırıcı çatışmazlığı ilə üzləşib və bu boşluğu doldurmaq üçün hökumətə daha çox müasir rus istehsalı qırıcıların alınması barədə müraciət edib.
Agentliyin həmsöhbətləri qeyd edirlər ki, Hindistan Hərbi Hava Qüvvələrinin heyətləri, o cümlədən pilotlar, yeni nəsil rus təyyarələrinə asanlıqla uyğunlaşa bilərlər və dövlət şirkəti Hindustan "Aeronautics Limited” rus aviaparkının texniki xidmətini və təmirini həyata keçirməyə qadirdir. Bundan əlavə, Su-57 təyyarələrindəki uzaqmənzilli raketlər Hindistana əlavə vizual müşahidə imkanları verəcək. Bununla belə, mənbələrə görə, yeni rus hərbi texnikasının alınması ilə bağlı danışıqlar Putinin səfəri zamanı yekunlaşmayacaq.
Son illər Hindistan Rusiyanın ən böyük enerji alıcılarından biri olaraq qalır və ABŞ prezidenti Donald Tramp dəfələrlə baş nazir Narendra Modini Rusiya neftinin alınmasını dayandırmağa çağırıb.
Digər tərəfdən, "Reuters”in məlumatına görə, keçən həftə ticarət və neft sektorundakı mənbələr bildiriblər ki, Hindistanın Rusiya neftinin idxalı dekabr ayında son üç ilin minimum səviyyəsinə düşəcək — noyabrdakı artımdan sonra. Onların sözlərinə görə, Hindistanın neft emalı müəssisələri Qərb sanksiyalarını pozmaq riskindən yayınmaq üçün alternativ təchizatlar axtarırlar.
Alpər
Şərhlər