Əgər tez-tez mənfi düşüncələr üzərində dayanır, illər əvvəl baş vermiş ən utancverici anları dəqiqliklə xatırlayır, amma yaxşı şeyləri tez unudursunuzsa – bilin ki, bu, şəxsiyyətinizə xas xüsusiyyət deyil. Bu fenomen onilliklərdir ki, evolyusion psixologiyada müşahidə və tədqiq olunur.
Qaynarinfo xəbər verir ki, "Forbes” üçün yazan psixoloq Mark Trevers beynin niyə mənfiyə meyil etdiyinin üç əsas səbəbini göstərir və bunun öhdəsindən necə gəlmək mümkün olduğunu izah
edir.
1. Beyin mənfi düşüncələrə üstünlük vermək üçün təkamül edib
Keçmişdə insanların əsas vəzifəsi sağ qalmaq idi və bu, zərər verə biləcək hər şeyə xüsusi diqqət yetirməyi tələb edirdi. Potensial təhlükəni görməməzlikdən gəlmək həyati təhlükə yarada bilərdi, halbuki müsbət bir şeyin – məsələn, gözəl bir ağacın və ya xoş səslərin – fərqinə varmamaq adətən ciddi nəticələrə səbəb olmurdu.
Bu gün belə beyin sosial rədd edilməni, tənqidi, maliyyə narahatlıqlarını və ya qeyri-müəyyənliyi sağ qalma üçün təhdid kimi qəbul edir.
"İş yoldaşınızın əsəbi tonunu və ya öz səhvinizi beyninizdə dövr etdirə bilərsiniz, hətta fiziki təhlükədə olmasanız belə. Belə anlarda özünüzə xatırladın ki, beyniniz sizi incitmək istəmir; sadəcə, əlində olan ən yaxşı üsulla sizi qorumağa çalışır”, – deyə Trevers yazır.
2. Mənfi düşüncələr mənfi hadisələrin qarşısını almağa çalışır
Psixoloji araşdırmalar uzun müddətdir ki, mənfi təcrübəni müsbətdən daha aydın xatırladığımızı təsdiqləyir. Tədqiqatlar onu da göstərir ki, mənfi yaşantılar beyində, xüsusən də emosional yaddaşı prioritetləşdirən amigdalada daha güclü aktivlik yaradır.
Sosial psixoloqlar həmçinin müəyyən ediblər ki, insanlar qazanclardan daha çox itkilərə emosional əhəmiyyət verirlər.
Bu vərdiş təkcə yaddaşı formalaşdırmır; qərarverməni, motivasiyanı və özünə münasibəti dəyişdirərək gələcək itkilərin və digər mənfi hallarının qarşısını almağa yönəlir.
Problem ondadır ki, əgər siz müsbət təcrübələri şüurlu şəkildə müşahidə edib möhkəmləndirməsəniz, beyniniz həmişəki kimi səhv olan şeyləri görməyə üstünlük verəcək. Bu isə həyatınızda daimi qorxu hissinin formalaşmasına gətirib çıxa bilər.
3. Mənfi düşüncələr emosional əks əlaqə dövrləri yaradır
2014-cü ildə "Psychoneuroendocrinology” jurnalında dərc olunan araşdırmada qeyd olunurdu ki, stresli bir hadisədən sonra mənfi düşüncələri beynində təkrar-təkrar canlandırmaq gələcək stres faktorlarına qarşı daha yüksək kortizol reaksiyası yaradır. Beyin (təhlükə real olmasa belə) təhlükə gözləməyə uyğunlaşır və növbəti dəfə daha güclü reaksiya verir.
Yaxşı xəbər isə odur ki, bu döngələri məqsədyönlü zehni vərdişlər sayəsində qırmaq mümkündür və beyin təkrar vasitəsilə yenidən proqramlaşa bilər. Araşdırmalarla təsdiqlənmiş bəzi praktikalar bunlardır:
– Şüurlu fərqindəlik və "yerləndirmə” texnikaları. Düşüncələrinizi mühakimə etmədən müşahidə edin. Mənfi yozum gördükdə özünüzdən soruşun: "Bunu başqa cür izah etmək mümkün deyilmi?”
– Minnətdarlıq və pozitivliyə fokuslanma. Tədqiqatlar göstərir ki, nələrə görə minnətdar olduğunuzu mütəmadi olaraq sadalamaq, rifahla bağlı beyin sahələrinin aktivliyini artırır və stres səviyyəsini azaldır. Müsbət anı 10–20 saniyə şüurda saxlamaq onun daha yaxşı yadda qalmasına kömək edir və mənfi meyli zəiflədir.
– Koqnitiv reframe (yenidən çərçivələndirmə). Koqnitiv-davranışçı terapiya texnikalarından istifadə edərək mənfi yozumlara qarşı durun. Özünüzdən soruşun: "Bu, doğrudan da düşməncə niyyətdir, yoxsa sadəcə anlaşılmazlıq?”
Alpər
Şərhlər