Xəbər lenti

Hansı region universitetlərinin məzunları iş tapa bilir? - STATİSTİKA
Ekonomiks 18:52 26.06.2025

Hansı region universitetlərinin məzunları iş tapa bilir? - STATİSTİKA

Azərbaycanda ali təhsil alan tələbələrin əmək bazarına inteqrasiyası son illərdə geniş müzakirə olunan mövzulardan biridir. Xüsusilə region universitetlərində təhsil alan məzunların iş tapmaq imkanları ilə Bakıdakı ali məktəblərin məzunlarının imkanları arasında fərqlər olduğu müşahidə olunur. Paytaxt universitetləri ilə müqayisədə regionlarda təhsil alan tələbələrin əmək bazarına çıxış imkanları daha məhdud, şəbəkələşmə resursları zəif və işəgötürənlərlə əlaqələri daha az inkişaf etmiş olur.

Buna təsir edən amillər arasında infrastruktur fərqləri, təhsil keyfiyyəti ilə bağlı fərqlər, işəgötürənlərin seçim meyarları və regional əmək bazarının məhdudluğu xüsusi yer tutur. 

Modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə region universitetlərinin məzunlarının işlə təmin olunması ilə bağlı vəziyyəti araşdırıb. 

Naxçıvan Dövlət Universitetində (NDU) 64 ixtisas var, burada tədris ancaq Azərbaycan dilində aparılır. 5 il ərzində universitetdən 4 min 52 nəfər məzun olub ki, onların da 47.9 faizi - 1939-u məzun olduqdan sonra iş tapa bilib. 

NDU-da ən çox iş tapanlar İqtisadiyyat fakültəsində oxuyub. Buradan 5 il ərzində ümumilikdə 121 nəfər məzun olub. Onların 70-i məzun olduqdan sonra müxtəlif sahələrdə işləyib. Bu isə 57,9 faiz təşkil edir. Ən az göstərici isə riyaziyyat müəllimliyi ixtisasındadır. Burada 168 məzundan yalnız 56 nəfəri işə qəbul olunub. Bu sahədə işə düzəlmə faizi 33,3 faiz olub.

Digər ixtisaslar üzrə göstəricilər:

* Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 132 məzundan 71 nəfəri müəllim kimi fəaliyyətə başlayıb. Faiz göstəricisi 53,8-dir.
* Fizika müəllimliyi üzrə 113 məzundan 58 nəfəri işə düzəlib. Bu, 51,3 faiz deməkdir.
* Tarix müəllimliyi sahəsində 168 məzundan 73 nəfəri işə qəbul olunub. Bu, 43,5 faiz təşkil edir.
* Hüquqşünaslıq ixtisasını bitirən 149 məzundan 64 nəfəri işlə təmin olunub. Faiz nisbəti 43-dür.
* Bədən tərbiyəsi və idman üzrə 208 məzundan 84 nəfəri işə düzəlib. Bu isə 40,4 faiz təşkil edir.

Məzun olduqdan sonra iş tapanların 58.7 faizi dövlət, 41.3 faizi isə özəl sektorda çalışır. Onların 995 nəfəri kişi, 944-ü isə qadındır. 
İşə düzələnlərin 1094-ü aylıq 400 manat əmək haqqı alır və ilk iş yerlərini məzun olduqdan sonra 12-13 ay ərzində tapırlar. 

Məzunların çalışdığı iş yerləri 

1. Ordubad Rayon Təhsil Şöbəsi – 69 nəfər
2. Şərur Rayon Təhsil Şöbəsi – 68 nəfər
3. Babək Rayon Təhsil Şöbəsi – 46 nəfər
4. "Alış Veriş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti – 40 nəfər
5. Culfa Rayon Təhsil Şöbəsi – 32 nəfər
6. Naxçıvan Dövlət Universiteti – 31 nəfər
7.  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi – 30 nəfər
8. Naxçıvan Şəhər Təhsil Şöbəsi – 29 nəfər
9. "Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti – 29 nəfər
10. Şahbuz Rayon Təhsil Şöbəsi – 29 nəfər

Lənkəran Dövlət Universitetində 31 ixtisas var, hər birində təhsil Azərbaycan dilində tədris olunur. Bu universitetdən 2018-2022-ci illərdə 2 min 826 tələbə məzun olub, onların ümumilikdə 1562-i işlə təmin olunub. 

İşləyənlərin 47.3 faizi özəl, 52.7 faizi dövlət sektorlarında çalışır. Məzun olduqdan sonra iş tapan tələbələrin 895-i kişi, 667-i isə qadındır. 

Lənkəran Dövlət Universitetində son beş ildə məzunların işə düzəlmə faizi üzrə ən yaxşı nəticə mühasibat uçotu və audit ixtisasında qeydə alınıb. Həmin ixtisas üzrə 237 məzundan 157 nəfəri işə qəbul olunub ki, bu da 66,2 faiz təşkil edir. Ən aşağı göstərici isə Biznesin idarə edilməsi ixtisasında olub. Burada 100 məzundan 53 nəfəri işlə təmin olunub, nəticə 53 faiz təşkil edir.

Digər ixtisaslar üzrə göstəricilər isə belədir:

* Riyaziyyat və informatika müəllimliyi – 264 məzundan 148 nəfər (56,0%)
* Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 254 məzundan 125 nəfər (49,2%)
* İqtisadiyyat – 231 məzundan 123 nəfər (53,2%)
* Tarix və coğrafiya müəllimliyi – 183 məzundan 110 nəfər (60,1%)
* Maliyyə – 189 məzundan 109 nəfər (57,7%)
* İbtidai sinif müəllimliyi – 239 məzundan 97 nəfər (40,6%)
* Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 154 məzundan 84 nəfər (54,5%)
* Kimya və biologiya müəllimliyi – 106 məzundan 68 nəfər (64,1%)
* Biznesin idarə edilməsi – 100 məzundan 53 nəfər (53,0%)

Məzunların əksəriyyəti aylıq 400 manat maaş alır. O cümlədən, əksəriyyət Lənkəran Dövlət Universitetini bitirdikdən 2-3 ay aralığında məşğul əhali kimi qeydiyyata düşüb. 

Məzunların çalışdığı iş yerləri 

1. Lənkəran-Astara Regional Təhsil İdarəsi – 107 nəfər
2. Lənkəran Şəhər Təhsil Şöbəsi – 51 nəfər
3. Masallı Rayon Təhsil Şöbəsi – 40 nəfər
4. Lerik Rayon Təhsil Şöbəsi – 39 nəfər
5. Cəlilabad Rayon Təhsil Şöbəsi – 36 nəfər
6. Lənkəran Dövlət Universiteti – 35 nəfər
7. Astara Pedaqoji Kolleci – 29 nəfər
8. Astara Rayon Təhsil Şöbəsi – 29 nəfər
9. "Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti – 22 nəfər
10. Lənkəran Dövlət Universitetinin digər strukturları – 21 nəfər

Mingəçevir Dövlət Universitetində (MDU) 26 ixtisas tədris olunur, onlardan sadəcə 1-i (Xarici dil müəllimliyi) həm də ingilis dilində tədris olunur. Universitetdə 2018-2022-ci illər ərzində 1781 tələbə təhsil alıb ki, onların da 904-ü məzun olduqdan sonra iş tapa bilib. 

MDU-da oxuduqdan sonra iş tapan məzunların 215 nəfəri dövlət, 689-u isə qeyri-dövlət sektorunda çalışır. Məşğul məzunların 36.6 faizi qadın, 63.4 faizi isə kişidir. 

Mingəçevir Dövlət Universitetində son beş ilin göstəricilərinə əsasən, ən yüksək işə qəbul faizi maliyyə ixtisasında olub. 76 məzunun 51 nəfəri işlə təmin olunub ki, bu da 67,1 faiz təşkil edir. Ən aşağı nəticə isə ibtidai sinif müəllimliyi üzrə qeydə alınıb – 105 məzundan 43 nəfəri, yəni 41 faiz işə düzəlib.

Digər ixtisaslar üzrə göstəricilər belədir:

* Elektroenergetika mühəndisliyi – 91 məzundan 52 nəfər (57,1%)
* Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 87 məzundan 45 nəfər (51,7%)
* İqtisadiyyat – 183 məzundan 94 nəfər (51,4%)
* Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 95 məzundan 48 nəfər (50,5%)
* Sənayenin təşkili və idarə olunması – 188 məzundan 92 nəfər (48,9%)

Onların əksəriyyəti aylıq 400 manat əmək haqqı alır və ilk iş yerlərində məzun olduqdan 16-18 ay sonra çalımağa başlayıblar. 

Məzunların çalışdığı iş yerləri 

1. Mərkəzi Aran Regional Təhsil İdarəsi – 33 nəfər
2. "OBA Market” Məhdud Məsuliyyətli Cəmiyyəti – 28 nəfər
3. "Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti – 26 nəfər
4. "AL Market” Məhdud Məsuliyyətli Cəmiyyəti – 17 nəfər
5. "Gəzəntoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti – 16 nəfər
6. "BD SİM” Məhdud Məsuliyyətli Cəmiyyəti – 16 nəfər
7. "Sunmart” Açıq Səhmdar Cəmiyyəti – 13 nəfər
8. Şirvan-Daşlıata Regional Təhsil İdarəsi – 12 nəfər
9. "Bakı Lift Təmir” Qapalı Səhmdar Cəmiyyəti – 9 nəfər
10. "Azərtəl” Açıq Səhmdar Cəmiyyəti – 8 nəfər

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında 6 ixtisas var və hər birində tədris Azərbaycan dilindədir. 2019-2022-ci illərdə buradan 644 məzun olub ki, onların sadəcə 346-ı iş tapa bilib. 

Məzun olduqdan sonra iş tapanların 51 faizi özəl, 49 faizi isə dövlət sektorunda çalışır.

Ən yüksək işə qəbul faizi təhsildə sosial-psixoloji xidmət (66,2%) və riyaziyyat və informatika müəllimliyi (62,2%) ixtisaslarındadır. Ən aşağı faiz isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (48,6%) ixtisasında müşahidə olunur.

Digər ixtisaslar üzrə göstəricilər:

Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə 68 məzundan 36 nəfəri işlə təmin olunub. Bu, 52,9 faiz deməkdir.

İbtidai sinif müəllimliyi ixtisası üzrə 145 məzunun 73 nəfəri müəllim kimi fəaliyyətə başlayıb. Bu, 50,3 faiz təşkil edir.

Tarix və coğrafiya müəllimliyi ixtisasında 115 məzundan 57 nəfəri işə qəbul olunub. Bu da 49,6 faiz göstəricidir.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 146 məzundan 71 nəfəri işə düzəlib. Faiz nisbəti 48,6 təşkil edir.

Məzun olduqdan sonra çalışmağa başlayan məzunların 75.7 faizi qadın, 24.3 faizi isə kişidir. Bu ali təhsil mərkəzindən də məzun olanların əksəriyyəti -194-ü aylıq 400 manat maaş alır. 

Məzunların çalışdığı iş yerləri:

1. Azərbaycan Respublikası Təhsil İnstitutu – 65 nəfər
2. Quba Rayon Təhsil Şöbəsi – 55 nəfər
3. Xaçmaz Rayon Təhsil Şöbəsi – 22 nəfər
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi – 11 nəfər
5. "Müstəqil Həyat Tərzi” Əlillər İctimai Birliyi – 11 nəfər
6. Bakı şəhəri üzrə Təhsil İdarəsi – 5 nəfər
7. Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan digər qurumlar – 4 nəfər
8. Azərbaycan Dövlət Pedaqoji Universiteti – 4 nəfər
9. "Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyəti – 3 nəfər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->