Xəbər lenti

Dünya 12:12 01.11.2023

HƏMAS bu ölkələrin vətəndaşlarına Qəzzanı tərk etmək icazəsi verdi (SİYAHI)

Fələstinin HƏMAS hərəkatı Misirin anklavla sərhədindəki Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək xarici vətəndaşların siyahısını dərc edib. Buraya, xüsusən Yaponiya, Avstriya, Çexiya, Finlandiya, Avstraliya, Bolqarıstan, həmçinin İndoneziya və İordaniya vətəndaşları daxildir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Qəzzanın sərhəd xidməti "Facebook" səhifəsində məlumat dərc edib.  

"Biz noyabrın 1-də Rəfah keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasport sahiblərinin siyahısını dərc edirik. Sənəddə adı çəkilən vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 7:00-da (Bakı vaxtı ilə 09:00-red.) nəzarət-buraxılış məntəqəsində olmalıdırlar", deyə məlumatda bildirilir.

HƏMAS-ın açıqladığı siyahıya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və anklavda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) əməkdaşları da daxil edilib. Söhbət hansı QHT-lərdən getdiyi göstərilmir.

Rəfah keçidi Misirlə Qəzza zolağı arasında yeganə sərhəd keçid məntəqəsidir. Bundan əvvəl Misir hökuməti İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə ilə əlaqədar Fələstinin Rəfah şəhərində Qəzza zolağından olan qaçqınlar üçün düşərgələrin yaradılmasını təklif edib. İsrail, həmçinin Misir və ABŞ-la Misir sərhədindəki Rəfah keçid məntəqəsindən humanitar yardım maşınlarının keçməsinə razılıq verib. Oktyabrın 21-dən indiyədək Rəfah keçid məntəqəsindən cəmi 94 yük maşını keçib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->