Ölkə 11:35 07.01.2024

“Heydər Əliyev Aygün Bəyləri dinləyəndə kövrəlirdi”- Deputat

"Aygün Bəyləri itirdik... Adam bilmir nə desin. Çox təəssüfləndim. Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ziyad Səmədzadə Əməkdar artisti Aygün Bəylərin ölümündən danışarkən deyib. 

Deputat Aygün Bəylərin ölümünə çox təəssüfləndiyini bildirib:

"Aygün Bəylər gənc yaşlarından Azərbaycan musiqi sənətinin inkişafına xidmət edib, onun ifaçılıq mədəniyyəti çox yüksək idi. Bizim ailənin onunla tanışlığının 25 ildən çox tarixi var. Qızım Aygün xanım "Tut ağacı” mahnısını bəstələyəndən sonra qəti qərara gəldi ki, bunu ancaq Aygün Bəylər ifa edə bilər. Yay vaxtları idi. Klip çəkilişləri ilə bağlı Aygün Bəylər tez-tez Buzovnaya gəlirdi. Bu klip çox çətinliklərlə ərsəyə gəldi. Aygünün "Tut ağacı” mahnısı əbədiyaşar bir ifadır".
 


Ziyad Səmədzadə deyib ki, "Tut ağacı”dan sonra bütövlükdə Azərbaycan cəmiyyətində təbiətə bir maraq yarandı:

"Təbiətin gözəlliyi, onun qorunması və eləcə də Bakının digər rayonlarında tut ağacları əkildi. Buzovnada nə qədər tut ağacları əkdilər. Günü bu gün də tut ağacları əkilir. Aygün bizim evdə çox olub. Konservatoriyanı bitirəndə yanıma gəlmişdi, çox sevinirdi. Ulu öndər Heydər Əliyev də Aygün Bəylərin "Tut ağacı” mahnısını dinləyəndə kövrəlirdi. Elə bir adam tapılmaz ki, tut ağacının altında istirahət etməsin. Hər dəfə tut yetişəndə, dəriləndə Ayğün Bəylərin bu ifası yada düşəcək".

Ziyad Səmədzadə Aygün Bəylərin çox əziyyətlər çəkdiyini vurğulayıb:

"Onu öz övladım kimi sevirdim. Qeyri-adi səhnə mədəniyyəti vardı. O vaxt onu geyiminə görə tənqid də edirdilər. Dedim insafınız olsun, bu əsl xalqın qızıdır, tərbiyyəsi, mədəniyyəti, musiqiyə olan istedadı göz önündədir. Siz onun ürəyinə baxın, xəstə halı isə bu yaxınlarda solo konsert verdi. Həmin konsertindən əldə olunan vəsiti "Yaşat Fondu”na keçirdi. Belə insanlar azdır. Çox heyif ki, belə bir sənət adamını itirdik”. 

Bahar Rüstəmli