XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Honda" ABŞ-da 2,5 milyard dollara hibrid avtomobil zavodu tikəcək
Dünya16:05 24.09.2026

"Honda" ABŞ-da 2,5 milyard dollara hibrid avtomobil zavodu tikəcək

Yaponiyanın “Honda Motor” şirkəti ABŞ-da hibrid avtomobillərin istehsalı üçün yeni zavod tikməyi planlaşdırır. İnvestisiyanın 1,8-2,5 milyard dollar arasında olacağı bildirilir.

Qaynarinfo asia.nikkei-ə istinadən xəbər verir ki, “Nikkei Asia”nın yazdığına görə, şirkət zavodun tikintisi üçün Ohayo ştatını əsas variant kimi nəzərdən keçirir.

Ştatın yerli hakimiyyət orqanları ilə danışıqların başa çatmasından sonra tikintiyə 2027-ci ildə başlanıla bilər. Zavodda istehsalın isə 2030-cu ildə başlaması planlaşdırılır.

Müəssisənin “Honda”nın Ohayodakı mövcud istehsal obyektlərinin yaxınlığında yerləşəcəyi gözlənilir. Zavodun illik istehsal gücünün 250 min avtomobil olacağı və bunun şirkətin Şimali Amerikadakı ümumi istehsalını təxminən 10 faiz artıraraq ildə 2 milyondan çox avtomobilə çatdıracağı bildirilir.

Yeni zavodda əsasən iri hibrid modellərin, o cümlədən uzunluğu 5 metrdən çox olan SUV-lərin istehsalı nəzərdə tutulur. Şirkət bununla iri hibrid avtomobillər seqmentində “Toyota” və “Hyundai” ilə rəqabət qabiliyyətini gücləndirməyə çalışır.

“Honda” 2030-cu il üçün hibrid avtomobil satışları ilə bağlı hədəfini də artıraraq 2,5 milyon ədədə çatdırıb. Bu, 2025-ci ilin göstəricisindən 2,7 dəfə çoxdur.

Şirkətin məlumatına görə, Şimali Amerika ümumi satışların təxminən 40 faizini təşkil edir. “Honda” 2027-ci ilin martında başa çatacaq maliyyə ili ərzində regionda 1,7 milyon avtomobil satmağı proqnozlaşdırır.

Şirkət yeni zavodun istehsal xətlərinin gələcəkdə elektrikli avtomobillərin istehsalına uyğunlaşdırılması imkanını da nəzərdən keçirir. Bunun istehsalın bazardakı tələbdən asılı olaraq çevik şəkildə dəyişdirilməsinə imkan verəcəyi bildirilir.

Qeyd edək ki, “Honda” mart ayında Şimali Amerika bazarı üçün nəzərdə tutulan üç elektrikli avtomobilin hazırlanması və satışı ilə bağlı planlarından imtina edib. Onlardan ikisinin şirkətin “0 Series” elektrikli avtomobil seriyasına daxil olması nəzərdə tutulurdu.

Günay