Xəbər lenti

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?
Ekonomiks 19:12 09.12.2025

İcmal büdcəsində 7 milyarddan çox profisit - Bu pul niyə artıq qaldı?

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 43 milyard 855,2 milyon manat, xərcləri isə 36 milyard 784,3 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, gəlirlər proqnozdan 6,1 % çox icra edilib, xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % artıb. Bu isə 11 ayda icmal büdcəsində 7 milyard 106,9 milyon manat profisit yaranması ilə nəticələnib.

Niyə büdcədə 7 milyard manatdan çox artıq pul qaldı? 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, büdcədə profsitin yaranmasının bir neçə əsas səbəbi ola bilər: Bunları isə aşağıdakı kimi sadalamaq olar:

"Gəlirlərin gözləniləndən çox olması; neft-qaz gəlirləri yüksək olma ehtimalı; vergi və gömrük yığımları planı üstələməsi və sahibkarlıqdan gələn gəlirlərin artması və s. Digər səbəb isə xərclərin tam icra olunmamasıdır. Bəzi layihələr gecikib. Tikinti, infrastruktur, sosial proqramların bir hissəsi növbəti ilə keçib. Bundan başqa, təşkilatlar ayrılmış büdcəni tam istifadə etməyə bilər. Büdcə ehtiyatlı planlaşdırılıa bilər".


 
Ekspert vurğulayıb ki, dövlət bəzən "pis gün” və ya risklər üçün (məsələn, neft qiyməti düşməsi) xərcləri ehtiyatla planlaşdırır və buna görə artıq qalır. Profisitin izahını da verən Akif Nəsirli bildirib ki, bu dövlətin gəlirlərinin xərclərindən çox olması deməkdir:

"Yəni büdcəyə daxil olan pul, büdcədən xərclənən puldan artıqdır. Bu rəqəmlərə görə, gəlir 43,855.2 mln manat, xərc 36,784.3 mln manat, fərq (profisit) isə təxminən 7,1 mlrd manat təşkil edir”.

Büdcədə artıq qalan pulun xərclənməsi haqqında da danışan Akif Nəsirli ilk olaraq vurğulayıb ki, profisit dövlət üçün əlavə maliyyə imkanı yaradır. Bu pul avtomatik xərclənmir, müxtəlif istiqamətlərə yönləndirilə bilər:

"Məsələn, artıq qalan vəsait ehtiyat fondlarına, infrastruktur layihələrinə (yollar, məktəblər, xəstəxanalar), sosial proqramlara (pensiya, müavinət, sosial dəstək), strateji layihələrə (enerji, təhlükəsizlik, müdafiə), xarici borcun ödənilməsinə yönləndirilə bilər. Adətən isə bu vəsaitin böyük hissəsi növbəti ilin büdcəsinə keçir. 
Qeyd edim ki, profisit həm də dövlət üçün müsbət iqtisadi siqnaldır, gəlirlərin stabil olması və xərclərin planlı icrası deməkdir”.

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->