Xəbər lenti

İcra strukturunda islahatlar: Yeni kadr rotasiyaları nədən xəbər verir? (ŞƏRH)
Ölkə 19:00 15.01.2026

İcra strukturunda islahatlar: Yeni kadr rotasiyaları nədən xəbər verir? (ŞƏRH)

"Yalnız struktur dəyişiklikləri kifayət deyil. Yeni kadrların seçimi və gənc kadr siyasəti ciddi nəzarətə götürülməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli yerli icra hakimiyyətləri strukturunda aparılan islahatları şərh edərkən deyib.

Ekspertin fikrincə, idarəetmənin keyfiyyətinin artırılması və real islahatların həyata keçirilməsi bütövlükdə idarəetmə sisteminin mahiyyəti və fəlsəfəsi ilə bağlıdır:
 
"Mövcud şəraitdə bəzi yerli icra hakimiyyətlərində şöbələrin ləğv edilməsi, dəyişdirilməsi və ya birləşdirilməsi sadəcə aparatın qismən yüngülləşdirilməsi deməkdir. Lakin mahiyyət etibarilə indiki idarəetmə nəsli dəyişmədikcə, prosesdə ciddi keyfiyyət dəyişikliklərinin baş verəcəyini gözləmirəm. Struktur dəyişiklikləri mümkündür və bu proses davamlı xarakter daşıyır. Çünki hər bir sistem inkişaf edir. Amma rayon icra hakimiyyətləri hələ də zamanın çağırışları ilə ayaqlaşa bilmir”.

Qulamhüseyn Əlibəyli hesab edib ki, islahatlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmamalı, kadrların seçilməsi və yerləşdirilməsi məsələsinə, xüsusilə gənc kadr siyasətinə ciddi yanaşma formalaşdırılmalıdır:

"Prezidentin də dediyi kimi təyin edilən gənc kadrların bir çoxu özünü doğrultmayıb. Bu fakt yaxın vaxtlarda dövlət başçısı tərəfindən də açıq şəkildə etiraf olundu. Cəmiyyətə aydın olmalıdır ki, kim, hansı meyarlarla və necə irəli çəkilir. Bunun üçün effektiv ictimai nəzarət mexanizmi  hazırlanmalıdır. Əgər məqsəd mahiyyəti dəyişməkdirsə, genişmiqyaslı proqram tələb olunur və bu proses yuxarıdan - Nazirlər Kabineti səviyyəsindən başlanmalıdır"
 


Qeyd edək ki, son dövrlər şəhər və rayon icra hakimiyyətlərində aparılan struktur dəyişiklikləri dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Yerli KİV-lərin məlumatına görə, artıq bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilir, birləşdirilir, onların yerində isə daha az ştat vahidi olan sektorlar yaradılır. 

Ən diqqətçəkən dəyişikliklərdən biri "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş”, "İctimai-siyasi və humanitar məsələlər” şöbələri ilə "İnformasiya təminatı və təhlil” sektorunun birləşdirilməsidir. Bu strukturun əsasında "Ərazi-təşkilat və ictimai-siyasi məsələlər” adlı yeni şöbə formalaşdırılıb. 

Oxşar proses sosial-iqtisadi və tikinti sahəsində də aparılıb. Belə ki, "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması” şöbəsi "Memarlıq və tikinti” şöbəsi ilə birləşdirilərək "Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri” adlı vahid struktur yaradılıb. 

Bu sektorlaşma avtomatik olaraq ştat vahidlərinin azalması deməkdir. Bir neçə  şöbənin icra etdiyi funksiyalar artıq daha az sayda əməkdaş tərəfindən yerinə yetiriləcək. Bu qərarlar isə uzun  müddətdir tənqid hədəfində olan icra hakimiyyəti sistemində köklü islahatların başlanğıcı kimi təqdim edilir. 

Rüfət Sultan

--> -->