Xəbər lenti

İlham Əliyev Antalyada görüşlər keçirdi (YENİLƏNİB)
Foto 12:55 17.04.2026

İlham Əliyev Antalyada görüşlər keçirdi (YENİLƏNİB)

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Qaynarinfo xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlanıb.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələr arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olunub.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlət başçısına bir daha minnətdarlıq edib.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunulub.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olunub, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulanıb.

Dövlət başçısı Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.

***

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Dövlət başçısı Tufan Erhürmana Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstəyə toxunulub.

Prezident Tufan Erhürman buna görə dövlət başçısına təşəkkür edib.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kiprin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Söhbət zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olunub, əlaqələrimizin inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub.

Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib.

Maya Sandu vurğulayıb ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir.

Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

--> -->