Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilməyəcək.
Eyni zamanda həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Dəyişiklik həmçinin həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Beləliklə, dəyişikliyə görə, ordu generalı ilə yanaşı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
Şərhlər