Xəbər lenti

İlon Maskın sərvəti 600 milyard dolları keçdi, tarixdə ilk trilyoner ola bilər
Dünya 15:25 16.12.2025

İlon Maskın sərvəti 600 milyard dolları keçdi, tarixdə ilk trilyoner ola bilər

Tesla səhmdarlarının İlon Mask üçün 1 trilyon dollarlıq ödəniş paketini təsdiqləməsindən sonra milyarder sahibkarın sərvəti rekord həddə yüksəlib.
 
Qaynarinfo-nun"Forbes”ə istinadən məlumatına görə, Mask bazar ertəsi günü sərvəti 600 milyard dolları keçən ilk şəxs olub. "Bloomberg”in milyarderlər indeksinə əsasən isə onun sərvəti hazırda 638 milyard dollar səviyyəsində qiymətləndirilir.

Bu artım Maskın kosmik şirkəti SpaceX-in təxminən 800 milyard dollar dəyər qiymətləndirməsi ilə birjada ilkin kütləvi təklifə (IPO) hazırlaşdığına dair yayılan xəbərlərdən sonra baş verib. Məlumata görə, gələn il IPO planları olan SpaceX-də Maskın təxminən 42 faizlik payı mövcuddur.

Qeyd edək ki, Mask oktyabr ayında xalis sərvəti 500 milyard dolları aşan ilk şəxs kimi tarixə düşüb. "Forbes”in məlumatına əsasən, indiyədək bu həddi keçən başqa heç bir şəxs olmayıb. SpaceX-in mümkün dəyər qiymətləndirilməsi Maskın ümumi sərvətini təxminən 677 milyard dollara qədər artıra bilər.

Maskın sərvətinin artmasına Tesla-dakı payı da təsir göstərib. Onun elektrikli avtomobil istehsalçısı olan Tesla-da təxminən 12 faizlik payı var. Satış tempindəki zəifləməyə baxmayaraq, Tesla səhmləri ilin əvvəlindən bu yana 13 faiz bahalaşıb. Maskın şirkətin ön sərnişin oturacağında təhlükəsizlik əməkdaşı olmadan robotaksi sınaqları keçirdiyini açıqlamasından sonra səhmlər bazar ertəsi günü təxminən 4 faiz dəyər qazanıb.

Xatırladaq ki, noyabr ayında Tesla səhmdarları Mask üçün 1 trilyon dollarlıq ödəniş paketini təsdiqləyib. Bu paket investorların Teslanı süni intellekt və robototexnika sahəsində qlobal nəhəngə çevirmə vizyonuna dəstəyinin göstəricisi olmaqla yanaşı, həm şirkət tarixində, həm də qlobal miqyasda ən böyük rəhbər ödəniş paketi kimi qiymətləndirilir.

Bununla yanaşı, Maskın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkətinin də iri maliyyə raunduna hazırlaşdığı bildirilir. "Wall Street Journal”ın yazdığına görə, xAI 230 milyard dollar dəyər qiymətləndirməsi ilə 15 milyard dollarlıq yeni sərmayə cəlbi üçün irəliləmiş mərhələdə danışıqlar aparır.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->