Xəbər lenti

Texnologiya 15:10 22.03.2026

"Amazon" smartfon bazarına qayıtmaq üçün hərəkətə keçdi

"Amazon" uğursuzluqla nəticələnən "Fire Phone" təcrübəsindən 10 ildən çox vaxt keçdikdən sonra yenidən telefon bazarına daxil olmağa hazırlaşır. Şirkət daxilindən sızan məlumatlara görə, "Transformer" kod adlı yeni cihaz ənənəvi smartfon anlayışından fərqli olacaq.

Qaynarinfo xəbər verir ki, layihənin maliyyə detalları və satış qiyməti hələ məlum deyil. Bununla belə, cihazın inkişaf xərclərinə və bazar şərtlərinə bağlı olaraq layihənin ləğv olunma ehtimalı da istisna edilmir.

"Amazon" rəsmi olaraq mövzu ilə bağlı açıqlama vermir, lakin sızan məlumatlara görə şirkət əvvəlcə sadə "ağılsız telefon” hazırlamağı düşünüb, daha sonra isə planını dəyişərək öz xidmətləri ilə inteqrasiya olunmuş smartfon üzərində fokuslanıb. Cihazın mərkəzində "Alexa" səs köməkçisinin yer alacağı gözlənilir.

Yeni telefonun ən diqqətçəkən xüsusiyyəti klassik tətbiq mağazasının yerinə süni intellekt əsaslı sistem təqdim etmə ehtimalıdır. Dizayn komandasının minimalizmi ilə tanınan "Light Phone" modelindən ilham aldığı bildirilir.

Bu yanaşma ilə "Amazon" istifadəçiləri birbaşa öz xidmətlərinə yönləndirməyi hədəfləyir. Bunlara "Amazon" alış-veriş platforması, "Prime Video" və "Prime Music" daxildir.

Şirkətin bu addımı cihaz bölməsinin maliyyə çətinlikləri yaşadığı və "Alexa" əsaslı məhsulların gözlənilən gəliri təmin etmədiyi dövrdə gündəmə gəlib.

"Apple" və "Samsung" kimi şirkətlərin dominant olduğu və güclü tətbiq ekosistemlərinin formalaşdığı bazarda Amazon-un fərqlənib-fərqlənməyəcəyi isə sual altındadır.

11 il əvvəl satışlarının zəif olması səbəbilə bazardan çıxarılan "Fire Phone"dan sonra "Transformer" layihəsinin bu dəfə uğur qazanıb-qazanmayacağı zamanla məlum olacaq.

Aydın

--> -->