Bir həftə davam edən kütləvi etirazlardan sonra İndoneziya prezidenti Prabovo Subianto parlament üzvlərinə ayrılan geniş imtiyaz və subsidiyaların ləğv edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, lakin müşahidəçilərin fikrincə, bu addım əhalinin narazılığını tam aradan qaldırmaya bilər, çünki narazılığın əsas səbəbi artan həyat xərcləri və sosial bərabərsizlikdir.
Deputatların imtiyazlarına son qoyuldu
1 sentyabrdan etibarən parlamentin 580 deputatı dövlət hesabına bahalı xarici səfərlərdən və aylıq 50 milyon rupiya (təxminən 3 min ABŞ dolları) məbləğində mənzil müavinətindən məhrum edilib. Bu məbləğ Cakartada minimum əmək haqqını demək olar ki, on dəfə üstələyirdi. Prezident Subianto 31 avqustda televiziya çıxışında bu qərarı səsləndirərkən səkkiz siyasi partiyanın liderləri ilə birlikdə ictimaiyyət qarşısına çıxaraq onların da dəyişikliyi dəstəklədiyini göstərib.
Etirazlardan qarşıdurmalara
Etirazlar 25 avqustdan Cakartada başlayıb və tezliklə ölkənin digər şəhərlərinə yayılıb. 28 avqustdan etibarən nümayişlər iğtişaşlara və polis ilə toqquşmalara çevrilib. Gərginliyi artıran əsas hadisə isə qida çatdıran 21 yaşlı kuryerin polis maşını tərəfindən vurularaq həlak olması olub. Bu anın videosu sosial şəbəkələrdə yayıldıqdan sonra qarşıdurmalar daha da şiddətlənib.
Həftə sonuna qədər nümayişlər Yava adasında Cakartadan Yoqyakarta, Bandunq, Semaranq və Surabayaya, həmçinin Sumatra adasında Medana qədər genişlənib. Makassarda şəhər şurasının binasının yandırılması nəticəsində üç nəfər ölüb, bir nəfər isə kütlə tərəfindən linç edilib.
Etirazçılar hökumət binalarını, polis məntəqələrini və bəzi deputatların evlərini də hədəfə alıblar. Hətta maliyyə naziri Şri Mulyaniyə məxsus iqamətgah da talan edilib. Müdafiə naziri Şafri Şəmsuddin ordunun və polisin "qiyamçılar və qarətçilər"ə qarşı sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.
Prezidentin mövqeyi və gələcək etiraz ehtimalı
Prezident Subianto etirazçılara müəyyən güzəştlərə getsə də, dövlətin ölkəni sabitsizləşdirmək cəhdlərinə göz yummayacağını vurğulayıb:
"Etiraz etmək hüququna hörmət edilməlidir, lakin nümayişlər anarxiyaya çevrilərək insanların həyatını təhlükəyə atır, dövlət və ya şəxsi əmlaka hücum edirsə, bu, artıq ciddi qanun pozuntusudur".
Ekspertlərin fikrincə, deputatlara verilən güzəştlərin ləğvi narazılığı müəyyən qədər azalda bilər, lakin əsas problemlər – sosial ədalətsizlik və iqtisadi qeyri-bərabərlik – həll olunmadan vəziyyət sakitləşməyəcək.
Ölkənin ən böyük tələbə təşkilatlarından biri olan Bütünindoneziya İcraiyyə Komitəsinin lideri Muzammil İhsan "qəzəbin səbəbi var və yeni aksiyaların keçirilməsi müzakirə olunur" deyib. "İndoneziya tələbə liqası"nın sədri Tegar Afriansyah isə problemin kökündə "siyasi oliqarxiya və qeyri-bərabər iqtisadi sistemin" dayandığını vurğulayıb.
Aydın
Şərhlər